Cənub qonşumuzun erməni sevdası
Digər xəbərlər

Cənub qonşumuzun erməni sevdası

Ermənistan və İran İslam Respublikası arasındakı münasibətlər əsasən 1991-ci ildən başlayıb, son dövrlərdə daha da irəli gedib. İndi özlərini tərəfdaş, müttəfiq və qardaş adlandırırlar. İranda milyonlarla  azərbaycanlının yaşamasına baxmayaraq, bu günə qədər soydaşlarımız öz doğma dillərində təhsil ala bilmir. Ermənilərə gəlincə isə azərbaycanlılardan qat-qat az olması, saylarının milyona çatmaması belə, onların bu ölkədə nə öz dillərində təhsil almalarına, nə də qəzet və jurnallar çap etmələrinə maneə yaratmır. İşğal dövründə İranın Ermənistanla əlaqələri hər kəsə bəlli idi, İran tərəfi bunu qətiyyətlə rədd edirdi. İşğal olunmuş əraziləri nəqliyyat və logistika dəhlizinə çevirən İranın Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətinə İkinci Qarabağ müharibəsindəki zəfərimizlə son qoyuldu. Regionda yeni geosiyasi vəziyyət yarandı, Azərbaycan erməni işğalı altında olan 130 kilometrlik sərhədini öz nəzarətinə götürdü.

İran müharibə dövründə də Ermənistana yardımını əsirgəmədi. Rusiyadan gələn silahlar əvvəlcə Gürcüstan üzərindən Ermənistana daşınırdı. Sonra isə Xəzər dənizi vasitəsilə İrana, oradan da Ermənistana ötürülürdü. Müharibədən sonra Cənubi Qafqazda Azərbaycanın söz sahibi olması İranın qısqanclığına səbəb oldu. Regionda təsirini saxlamaq üçün Ermənistan üzərindən çirkin oyunlar aparan İran öz din qardaşlarına xəyanət etməkdən belə çəkinmədi. İranı narahat edən məsələlərdən biri də 10 noyabr Bəyanatına əsasən Zəngəzur dəhlizinin açılmasıdır. Bu koridorun açılmasının bütün region dövlətlərinin inkişafına səbəb olacağı bildirilsə də, İran rəsmiləri dəhlizin reallaşmasına qarşı çıxacaqlarını gizlətmirlər. İranın ali dini rəhbəri Əli Xamenei 2022-ci il iyul ayının 19-da öz rəsmi tvitter səhifəsində Zəngəzur dəhlizi ilə bağlı belə bir paylaşım etmişdi: "Biz Qarabağın Azərbaycana qaytarılmasına sevinirik, amma İran-Ermənistan sərhədinin bağlanılması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur". İranın ali dini rəhbərinin "bir neçə min" il ifadəsinin təhlilini aparsaq görərik ki, bu sərhəd yalnız otuz iki ildir hər iki dövlətə xidmət edir. Nəzərə alsaq ki, Ermənistan 1991-ci ilə qədər SSRİ-nin tərkibində olub, hər hansı müstəqil əlaqədən söhbət belə gedə bilməz. Bununla yanaşı, Zəngəzur 1920-ci ilə qədər Azərbaycan ərazisi olub.

İran İkinci Qarabağ müharibəsindən sonra Ermənistanı dirçəltməyə cəhd göstərən dövlətlərdən biridir və buna da böyük səylə çalışır. İran İslam Korpusunun Keşikçiləri Komandanının Ermənistana tank əleyhinə raket kompleksləri hədiyyə etməsini ekspertlər belə şərh edirlər ki, verilən silahlar Ermənistanın pozulmuş hərbi balansını tənzimləməyəcək, sadəcə onun müqavimətini artıra bilər. Ermənistana dəstək vermək üçün silah-sursat hədiyyəsi kifayət etmirmiş kimi, İran öz ordusunu bəlkə də yüz illərdir müharibə görməmiş Araz sahillərinə yığıb burada hərbi təlimlər keçirib. İranın Ermənistan sevgisinin artmasında əsas səbəblərdən biri də türk  düşmənçiliyidir. İranın tez-tələsik Qafanda baş konsulluq açmasının səbəbini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Zəngilan rayonuna etdiyi səfərinə cavab kimi də qiymətləndirmək olar. Açılış mərasimində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onun erməni həmkarı Ararat Mirzoyan  iştirak ediblər. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "Ermənistanın güvənliyi bölgənin güvənliyidir", - deyə bildirib.

Müharibədən sonra İran tərəfsiz olduğunu bildirsə də, bir müddət keçməmiş açıq-aşkar təkcə tərəfini deyil, qardaşını da seçmiş oldu. Müharibədən məğlub çıxan Ermənistana qucaq açdı. Özünü İslam Respublikası adlandıran bu ölkə din qardaşları ilə deyil, onun düşmənləri ilə müttəfiqlik əlaqələri qurur. İrana gedən Ermənistanın bələdiyyə sədri həmkarı Ali Rza Zakani ilə İrəvan və Tehranın qardaş şəhər olması barədə sənəd imzalayıb.

Cənubi Qafqazda 1 milyondan artıq azərbaycanlının məcburi köçkün düşməsinə səbəb olmuş və minlərlə insanın qanına əlini batırmış Ermənistanla qardaşlıq əlaqəsi qurması bir İslam ölkəsinə yaraşmır. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı erməni vandalizmi nəticəsində dağıdılmış məscidlərin qarşısında dayanıb bütün İslam coğrafiyasına səslənməsi görünür, bu "islam" dövlətinə təsir etməyib. İran məscidlərdə donuz saxlayan, İslam dininə hörmət etməyən dövləti özünə dost tutub. Bu hadisələrdən aydın olur ki, cənub qonşumuz heç də din ümmətinin qeydinə qalmır. Əsas marağı Ermənistan vasitəsilə Avropa bazarlarına çıxardığı narkoticarətidir. İran din təəssübkeşliyi çəksəydi, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana çadra bağlatdırıb, məscidlərə aparmazdı. Anna Akopyanın fərqli bir dinin nümayəndəsi olması bir yana, günahlar içində batan bir şəxsin burada nə işi var?! Müharibə dövründə əlində silahla təlimlərə qatılıb "artistlik" edən Ermənistanın "bu nüfuzlu" xanımı bunun davamı kimi İran sərgüzəştlərinə də qatılıb. "Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi" forumunda iştirak edən Anna Akopyan erməni icması tərəfindən xoş qarşılanmasa da, prezident Rəisi və xarici işlər naziri Abdullahianın yanında yuxarı başda əyləşdirilib. Akopyan İranın birinci xanımı Cəmilə Sadat Alamolhoda və qızı Reyhanə Rəisinin müşayiəti ilə İranın Qum şəhərinə səfər edib və "Qurani-Kərim"dən ayələr dinləyib. Nə qədər gülüncdür…

Musa BAĞIRLI,

"Respublika".