Elçin İsmayılov 1991-ci il fevral ayının 7-də imişli şəhərində anadan olub. Azərbaycan Ordusunun MAHHXHQ İsmayılov Elçin Mikayıl oğlu Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocəvəndin, Laçının, və Qubadlının düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Noyabr ayının 4-də Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və aparatın məsul əməkdaşları, şəhidin Rəsullu kənd qəbiritanlığında məzarını ziyarət edib, üzərinə tər qərənfillər düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini ehtiramla yad etdilər. Ziyarət zamanı Elçinin keçdiyi şərəfli döyüş yolundan danışılıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı bildirildi. Rayon rəhbəri və Aparatın məsul əməkdaşları Elçinin yaşadığı evə gələrək ailəsinin qayğıları ilə maraqlandılar.
Şəhidimizin anası Balaxanım Qulamalıyeva onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdi. Övladlarının adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işləri dövlətin, ölkə başçısının şəhidlərimizə, onların ailələrinə qayğının əyani sübutu kimi dəyərləndirdi. Çıxış edən icra başçısı Azərbaycan xalqının vətənpərvərliyindən, Vətən müharibəsində ordumuzun nümayiş etdirdiyi yüksək peşəkarlıqdan, Elçinin keçdiyi döyüş yolundan danışıb. Qeyd edilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi və bütün şəhidlərimizin, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İsmayılov Elçin Mikayıl oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ərəstun ABDULOV,
“Respublika”.