Düşmənə edilən ciddi xəbərdarlıq
Tarix

Düşmənə edilən ciddi xəbərdarlıq

Günnüt əməliyyatı ordumuzun özünə inamını daha da artırmaqla Vətən müharibəsinin carçısına çevrildi

Ötən əsrin 90-cı illərində Şərur rayonunun bir çox kəndləri kimi, Günnüt kəndi də aramsız düşmən hücumlarına məruz qalmışdı. Sözügedən ərazidə yaşayış binaları, həmçinin məktəb və qəbiristanlıqlar erməni vandalları tərəfindən dağıdılaraq xarabalığa çevrilmişdi. Nəticədə kənd əhalisinin əksəriyyəti Mahmudkəndə köçməyə məcbur qalmışdı. Lakin ordumuzun qətiyyəti və  mübarizə ruhu üzləşdiyimiz bütün çətinliklərin sonda qələbə ilə nəticələnəcəyini  söyləməyə əsas verirdi.

1990-cı illərdə cərəyan edən hadisələr xalqımızın tarixinə ağrılı-acılı günlər kimi düşsə də, XXI əsrin 20-ci ili Zəfər dolu anlarla xatırlanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ordumuzun maddi-texniki bazasının gücləndirilməsi  44 günlük müharibədəki zəfərimizin əsasını təşkil edirdi.

Belə ki,  ordu quruculuğu sahəsində həyata keçirilən işlər, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması ölkəmizdə hərbi sahəni daha da gücləndirdi. Eyni zamanda yeni hərbi birləşmələrin yaradılması, ordumuzun müasir silahlar və texnika ilə təchiz edilməsi müdafiə potensialımıza öz töhfəsini verdi. Prezidentin xüsusi göstərişlərinə müvafiq olaraq hərbi sahəyə ayrılan vəsaitlərin həcminin artırılması da silsilə zəfərlərimizdə mühüm rol oynadı. Beləliklə, silahlı qüvvələrimiz regionun ən güclü və hazırlıqlı ordusuna çevrildi. Zəfərimizin başlanğıcı rəşadətli ordumuzun bölmələrinin 2016-cı ilin aprelində əks-hücum əməliyyatı ilə Lələtəpə yüksəkliyini və ətraf əraziləri düşməndən azad etməsi zamanı qoyuldu. Aprel döyüşlərində qazanılan uğurun davamı isə 2018-ci il mayın 20-də başlayan Günnüt əməliyyatı oldu.

2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusu əməliyyat keçirdi. Azərbaycan Ordusunun bölmələrinin  sürətlə ələ keçirdiyi yüksəkliklər düşməni qorxuya saldı. Mənfur haylar azad etdiyimiz  əraziləri geri qaytarmaq üçün təxribatlara başladılar. Şübhəsiz, düşmənin bu həmlələri əbəs idi. Çünki Azərbaycan tərəfi əvvəlcədən əməliyyat planı hazırlamışdı. Ordumuzun strateji baxımdan əhəmiyyətli olan yüksəklikləri nəzarəti altına alması Ermənistan silahlı birləşmələrimiz üzbəüz mövqelərinin əhəmiyyətinin azaldı və düşmən geri çəkilmək məcburiyyətində qaldı. Günnüt zəfəri nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları azad olunaraq ümumilikdə minlərlə hektar ərazi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Bununla yanaşı, ölkəmiz İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarəti bərpa etdi. Bu isə İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın manevr hərəkətlərini müşahidə edərək lazımi tədbirlər görməyə şərait yaratdı. Eyni zamanda müdafiə məqsədilə süni təpəciklərin yaradılması, mühəndis-istehkam qurğularının  möhkəmləndirilməsi, ərazilərin minalardan təmizlənərək etibarlı şəkildəqorunması Sədərək rayonunun həmin ərazilərində lazımi təsərrüfat işlərinin aparılmasına imkan  verdi, münbit torpaqlar əkin dövriyyəsinə qaytarıldı.

Xüsusi vurğulamaq lazımdır ki, Günnüt əməliyyatı zamanı qazanılan qələbəmizin başlıca səbəbi Əlahiddə Ümumqoşun Ordunun bütün bölmələrinin birləşdirilməsi döyüşlərin düzgün təşkili idi. Döyüş təchizatı lazımi ləvazimatların vaxtında çatdırılması, qoşun xidmətinin düzgün qurulması, fasiləsiz rabitə, kəşfiyyat və radioelektron mübarizənin effektiv fəaliyyəti, tibbi xidmətin yüksək səviyyəsi, yerli icra orqanları və ictimaiyyətlə əlaqələrin təşkili əməliyyatın uğurlu olmasında müstəsna rol oynadı. Planın düzgün tərtibatı, eləcə də qarşıya qoyulan tapşırıqların icrası zamanı ən xırda nüansların da nəzərə alınması qələbə ilə nəticələndi. Günnüt əməliyyatında ordumuz yalnız bir şəhid verdi - Adil Tatarov. Onun da adı həmişəlik yaşadılacaq. Şəhidin adının əbədiləşdirilməsi üçün düşmənlə üz-üzə postlardan birinə məhz onun adı verilib: "Tatar postu".

Günnüt əməliyyatından danışarkən bu hadisənin mənəvi-psixoloji tərəflərini də vurğulamaq lazım gəlir. Belə ki, əməliyyatın uğurla başa çatması xalqımızın, ordumuzun özünə inamını daha da artırdı. Bir sözlə, Aprel döyüşündən sonra Silahlı Qüvvələrimizin artan döyüş əzmi, torpaqların işğaldan azad edilməsi inamı Günnüt əməliyyatı ilə öz kulminasiyasına çatdı. Daha dəqiq desək, Aprel döyüşü başlanğıc idisə, Günnüt əməliyyatı yekun müharibənin carçısına çevrildi. 2018-ci il hadisələri, həmçinin İkinci Qarabağ müharibəsindən əvvəl düşmənə edilən ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Çünki bununla Azərbaycan Ordusu hər an torpaqlarını işğaldan azad edə biləcəyini düşmənə göstərdi. Amma ermənilər bundan da dərs çıxarmadılar. Bu isə Vətən müharibəsinin başlanmasına səbəb oldu. Şanlı Ordumuz cəmi 44 gün ərzində düşmən üzərində qələbə qazandı və torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, 30 illik tarixi ədalət bərpa olundu, dünya ictimaiyyəti Cənubi Qafqazın ən güclü dövlətlərindən biri olan Azərbaycanın qüdrətinə şahidlik etdi.

Jalə QASIMZADƏ,

"Respublika".