Haqqım var ki, öyünüm...
İqtisadiyyat

Haqqım var ki, öyünüm...

Müstəqil, tam suveren, qalib Azərbaycan bizə ərməğandır

"...Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma  bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiq idik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!". İftixar dolu bu sözləri Prezident İlham Əliyev deyib. Qürurluyuq, bəli, 30 illik işğala son qoyulduğu, uzun illər düşmən tapdağı altında inləyən torpaqlarımız  rahat nəfəs aldığı üçün o yerlərin payızının, qışının, yazının gözəlliklərini yenidən gözlərimizə köçürə bildiyimiz, gözəl havasını içimizə çəkə, gülünün, çiçəyinin ətrini qoxlaya, suyundan içib, nənələrimizin təndirə yapdığı çörəyin çoxdan bəri yadırğadığımız dadını təkrar damaqlarımıza hopdura bildiyimiz üçün. Xoşbəxtik, o yerlərdə üçrəngli  bayrağımız dalğalandığı, dalğalandıqca qulaqlarımıza xəfif-xəfif pıçıldadığı: "Qarabağ Azərbaycandır!" sözlərini eşitdiyimiz üçün. Fərəhliyik bu günləri bizə yaşadan sərkərdəmizin hər məqamda  həqiqətə söykənən, gələcəyimizə istiqamətlənən ümid, inam dolu sözlərini, fikirlərini eşitdiyimizə görə. Verilən vədlərin yerinə yetirildiyini, doğma Qarabağımızın hər an dəyişdiyini, gözəlləşdiyini gördükcə, ürəyimiz dağa dönür...

Azərbaycan Vətən müharibəsindən sonra  işğaldan azad olunmuş ərazilərdə nəhəng layihələr həyata keçirir və bununla da bütün dünyaya bu torpaqların əsl sahibinin kim olduğunu bir daha nümayiş etdirir. Bu gün işğaldan azad edilmiş  ərazilərdə aparılan bərpa-yenidənqurma işlərinin  vüsəti onu göstərir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən torpaqlarını işğaldan azad etdiyi kimi, xalqımız həmin torpaqları da yenidən dirçəldəcəkdir.

Prezident İlham Əliyevin bölgələrə etdiyi səfərlərin bu ərazilərdə aparılan işlərin intensivliyini stimullaşdıran əsas amil olduğu hər kəsə bəllidir. Dövlət başçısının hər bir layihənin icrasını xüsusi diqqətində saxlaması ilk növbədə, bu işlərin yüksək effektivliyini təmin edir. Bəziləri düşünür ki, cəmi bir neçə kilometr uzunluğu olan kiçik bir kənd yolunun əhəmiyyəti onlarla kilometr məsafəyə uzanan, şəhərləri, rayonları birləşdirən magistral yolların əhəmiyyətindən azdır. Ancaq unutmaq lazım deyil ki, istər kiçik, istərsə də böyük yollar birbaşa vətəndaşların, insanların istifadəsi, onların rahatlığı üçün çəkilir. İnsan amili isə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında durur. Ölkə Prezidenti İlham Əliyev bölgələrə etdiyi səfərlər zamanı istisnasız olaraq bütün layihələrin icrası ilə ən xırda təfərrüatlara, detallara qədər şəxsən maraqlanır, işlərin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr verir.

Dövlət başçısının bu səfərləri sıradan, adi səfər deyil. Tövsiyəsi, tapşırığı ilə görülən işlər, həyata keçirilən layihələr, yaradılan şərait bu torpağın qeyrətli bir övladı kimi onu qürurlandırır.

2021-ci il aprelin 26-da Zəngilana səfəri çərçivəsində Ağalı kənd sakinlərilə görüşü zamanı: "Kənd hazır olanda bir də gələcəyik", - deyən dövlət başçısı: "Gələn ilin  əvvəlində inşallah, bir də görüşəcəyik, Ağalı kəndinin bütün camaatı ilə" - söyləyərkən əslində keçmiş məcburi  köçkünlərə qayıdışla bağlı ilk vədini vermişdi. Dövlət başçısının həmin gün Zəngilan-Horadiz avtomobil yolunun, Zəngilan məscidinin, Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoyması onu göstərirdi ki, işğaldan azad olunmuş ərazilərimiz ən qısa zamanda yenidən qurulacaq. Bu səfər Qarabağın bərpasının İlham Əliyevin qarşıya qoyduğu milli prioritetlərdən biri olduğunu bir daha göstərdi.

Prezidentin dediyi kimi, ilk bərpa edilən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri oldu. Bu kəndlər "ağıllı" kənd pilot layihəsi çərçivəsində yenidən quruldu. Hələ bu kəndləri əhatə edən birinci "ağıllı" kənd layihəsinin təməlini qoyan dövlət başçısı: "Böyük qayıdış bu gün başlayır" - demişdi: "Zəngilanda bu gün birinci kənd layihəsi artıq icra edilməyə başlamışdır. Ağalı kəndinin təməl daşı qoyulmuşdur. Bu, böyük qayıdışın birinci addımıdır...".  Bəli, qürurverici idi, çünki bu təməl torpaqlarımız işğaldan azad edildikdən cəmi 6 ay sonra qoyuldu və 2022-ci il keçmiş məcburi köçkünlərin  doğma torpaqlarına ilk qayıdışının baş tutduğu il kimi  tarixə yazıldı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq-quruculuq işləri hamını heyrətləndirir. Təbii ki, düşməni məyus edib dostlarımızı sevindirir. "Azərbaycanın burada sıfırdan başlayaraq yenidən ayağa qalxdığını", ölkəmizin qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanını yazdığını vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "...Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə  töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək".

Bəli, Qarabağ və Şərqi  Zəngəzurda bərpa-quruculuq işləri sərhəd boyu davam edir. Şuşada, Füzulidə, Zəngilanda, Ağdamda geniş infrastruktur yaradılır, tədricən bölgələrimizin əvvəlki siması özünə qayıdır. Qayıdan həm də o yerlərin əbədi sakinləridir. İndi Bakıdan tez-tez köç karvanlarını yola salırıq,  toyla, büsatla, insanlar əzəli yurd yerlərinə qayıdır, qurmağa, yaratmağa, dövlət başçısının, qalib  sərkərdənin çalışıb, vuruşub geri qaytardığı doğma  yurd yerlərini gülüstana çevirməyə. İndi Qarabağ seçkilərə hazırlaşır. 30 ildən sonra doğma torpağına qayıdan soydaşlarımız müstəqil, tam suveren, qalib ölkənin vətəndaşı kimi öz prezidentini  seçəcək. Bu gün hər bir Vətən daşı olan vətəndaşımız gələcəyə inamla addımlayan məmləkətinə, onun əvəzsiz liderinə, cənnətə dönən yurd yerlərinə baxıb  içdən gələn sevgi, qürur hissi ilə deyir: haqqım var ki, öyünüm...

Zümrüd QURBANQIZI,

"Respublika".