Ölkəmiz öz ərazilərində suverenliyini tam bərpa etdi
Siyasət

Ölkəmiz öz ərazilərində suverenliyini tam bərpa etdi

Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə regiondakı geosiyasi vəziyyətin tamamilə dəyişməsinə səbəb oldu. Ölkəmiz cəmi 44 gün ərzində 30 illik işğala son qoydu, istər döyüş meydanında, istərsə də danışıqlar masasında öz qüdrətini göstərdi.

Zəfərimizin rəsmi sənədi kimi 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat düşmənin kapitulyasiya aktıdır. Azərbaycan 10 noyabr Bəyanatından sonra sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirdi. Ancaq hər zaman olduğu kimi, dəyişməz erməni xisləti bu dəfə də özünü büruzə verdi. Paşinyan hakimiyyəti sülh prosesinə əngəl törətmək üçün müxtəlif təxribatlara əl atdı. Rəsmi İrəvanın bu cür mövqe sərgiləməsinə baxmayaraq,  Azərbaycan istər indi, istərsə də geridə qoyduğumuz illər ərzində diplomatik əlaqələrin normallaşması istiqamətində təşəbbüslərlə çıxış etdi. Bunun əksinə, Ermənistan regionda təhlükəsizliyə təhdid yaradır, 2020-ci ildə imzalanmış Bəyanatın şərtlərinə əməl etmirdi. Bildiyimiz kimi, sözügedən sənədə əsasən Ermənistanın bütün silahlı qüvvələri Azərbaycandan çıxarılmalı idi. Amma Hayastan üzərinə düşmüş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı və 10 minə yaxın qanunsuz erməni silahlı birləşmələri  Qarabağda qaldı, bu regionda qeyri-sabitlik hökm sürdü.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 5-də baş tutan Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı Qarabağdakı proseslərdə məhz Paşinyan hakimiyyətini günahlandırıb. Rusiya Prezidenti bildirib ki, bölgədə baş verən son dəyişikliklər məhz Ermənistanın indiki rəhbərliyinin günahıdır.

Məlumdur ki, bölgədəki separatçılar əraziyə yeni minalar basdırır, buradakı vətəndaşların həyatını risk altında qoyurdular. Şübhəsiz, Azərbaycan öz ərazisində bu cür qanunsuz fəaliyyətə göz yuma bilməzdi. Bu məqsədlə, ölkəmiz cəmi 23 saatlıq lokal antiterror tədbirləri keçirdi. Heç bir gün belə çəkməyən bu tədbirlər Qarabağdakı xunta rejiminə son qoydu. Lokal antiterror tədbirləri zamanı ancaq legitim hərbi obyektlər və infrastruktur dəqiq və müasir silahlarla sıradan çıxarılırdı. Əsas məqsəd Qarabağdakı separatçıları tərk-silah etməklə yanaşı, mülki şəxslərin təhlükəsizliyini təmin etmək idi. Elə bu səbəbdən, yaşayış yerlərinin yaxınlığında qurulmuş hərbi infrastrukturun heç biri hədəfə alınmadı.  Çünki Azərbaycan Ermənistanın xain planlarının əksinə Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinə zəmanət verir, bərabərhüquqlu Azərbaycan vətəndaşları kimi tam reinteqrasiyasını təklif edir. Ölkəmiz, həmçinin burada yaşayacaq erməni əsilli vətəndaşlara Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquqlardan istifadə üçün şərait də yaradır. Bundan başqa, Yevlax və Xocalı görüşləri də reinteqrasiya prosesinin reallaşması istiqamətində atılan uğurlu addımlardır.

Azərbaycan sülh yolundan dönməsə də, xalqımızın başına gətirilən cinayətləri də unutmur.  Xunta rejiminin iştirakçıları məsuliyyətə cəlb olunur, Azərbaycan qanunvericiliyi çərçivəsində öz layiqli cəzalarını alacaqlar.

Qarabağdakı keçmiş separatçı liderlərin - Arkadi Qukasyan, Bako Saakyan və Arayik Harutyunyanın məsuliyyətə cəlb edilməsi prosesi tarixi ədalətin bərpasıdır. Çünki keçmiş separatçıbaşıların əlləri hər iki Qarabağ müharibəsində Azərbaycan xalqının qanına batıb. Saxlanılan "separatçıbaşılar" arasında Gəncə hadisələrinin səbəbkarı, terrorçu Arayik Harutyunyan da var. Harutyunyan 44 günlük müharibədə Gəncə şəhərindəki yaşayış binasının raketlə vurulması əmrini vermişdir. Cani bunu öz videomüraciəti zamanı da etiraf edib. Bu baxımdan, əməliyyatların aparıldığı ərazidən 100 km kənarda yerləşən şəhərin gecəyarısı iriçaplı artilleriyadan atəşə tutulması ilə böyük tələfata səbəb olan bu qatilin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilməsi mühüm hadisədir.

Beynəlxalq hüquq normalarını pozan, dövlətimizə qarşı terroru təşviq edən və birbaşa bu cinayət əməlində iştirak edən şəxslərin həbsi də Azərbaycan tərəfindən həyata keçirilir. Çünki vaxtikən ölkəmizin haqq səsinin boğulmasına xidmət edən beynəlxalq ictimaiyyət uzun illər ərzində ərazilərimizdə açıq-aşkar terrorçuların və separatçıların fəaliyyət göstərməsinə şərait yaradıblar. Bu gün Azərbaycan güclü dövlət olaraq öz ərazilərində terrorçuluqla məşğul olan, ərazi bütövlüyümüzü təhdid edən şəxslərin həbsini davam etdirir.

Nəzrin ELDARQIZI,

"Respublika".