Ölkəmizin enerji təhlükəsizliyinə növbəti töhfə
İqtisadiyyat

Ölkəmizin enerji təhlükəsizliyinə növbəti töhfə

2023-cü il fevralın 13-də müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib

M ingəçevir Elektrik Stansiyasının ölkəmizin həyatında necə mühüm bir yer tutmasının Vətən müharibəsində bir daha şahidi olduq. Döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərinə, o cümlədən Mingəçevir Elektrik Stansiyasını uzaqmənzilli raketlərlə atəşə tuturdu. Düşmənin məqsədi respublikamızın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq olsa da, Silahlı Qüvvələrimizin hava hücumuna qarşı müdafiə sistemləri buna imkan vermədi.

Regionumuzda ən böyük istilik elektrik stansiyası sayılan və 1976-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Mingəçevir şəhərində tikintisinə başlanılan Azərbaycan İstilik Elektrik Stansiyasının birinci bloku 1981-ci ildə istismara verilib. Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra məhz bu elektrik stansiyasının olmasına görə öz enerji ehtiyacının böyük bir hissəsini ödəyə bilib. Lakin illər keçdikcə Mingəçevir Elektrik Stansiyasının köhnəlməsi onun yenidən qurulmasını zəruri edib. Buna görə də Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq 2018-ci ildə stansiyada təmir-bərpa işləri başlayıb və 2 il ərzində hər birinin gücü 300 meqavat olan 8 blok tamamilə yenidən qurularaq istifadəyə verilib. Bununla da stansiyanın təqribən 600 meqavatdan çox itirilmiş gücünün bərpasına nail olunub və onun dayanma təhlükəsi aradan qalxıb, eləcə də ömrü 20 il uzadılıb. Lakin köhnə nəsil səkkiz enerji blokunun faydalı iş əmsalı 38,5 faizdən artıq deyil ki, bu da hər kilovat/saat elektrik enerjisinə sərf edilən şərti yanacağın miqdarının 330 qramdan artıq olması demək idi. Digər tərəfdən, nəinki ölkədə, ümumilikdə Avropada enerjiyə artan tələbat və ixrac imkanlarının genişlənməsi də əlavə tədbirlərin görülməsini zəruri edirdi. Bu səbəbdən də "Azərenerji" mütəxəssisləri tərəfindən Azərbaycan İstilik Elektrik Stansiyasının mövcud ötürücü sistem və kommunikasiyalarına inteqrasiya olunmaqla əlavə yeni elektrik stansiyasi layihəsi hazırlandı. Belə ki, Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasının ərazisində "Azərenerji" tərəfindən əlavə 1280 meqavat istehsal gücündə yeni elektrik stansiyası yaradılır. Bu stansiya müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyası olacaq. Bununla əlaqədar olaraq ötən il fevralın 13-də Bakıda "Gülüstan" sarayında ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib və tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Dövlətimizin başçısı həmin mərasimdə bildirmişdi: "İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq".

Qeyd edək ki, 2025-ci ildə açılışı nəzərdə tutulan stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olacaq. Bu da ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilməsinə imkan verəcək. Azərbaycan təbii qazını ixrac etdiyindən, bu amil onun tərəfdaşlarının enerji təhlükəsizliyində böyük rol oynayacaq. Yeni tikiləcək stansiyanın digər bir üstünlüyü də atmosferə buraxılan karbon qazının miqdarının az olmasıdır. Ən önəmli məqamlardan biri də odur ki, stansiyanın tikintisində xarici tərəfdaşlar olan İtaliyanın "Ansaldo" və Çinin "DEC" şirkəti iştirak edir. Bundan başqa, "Ansaldo" şirkəti "Azərenerji" ilə tərəfdaşlıq çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda enerji potensialının araşdırılmasında da fəaliyyət göstərir.

Respublikamızın elektroenergetika sahəsində son illər ərzində sürətlə inkişaf etməsi bu sahəyə göstərilən diqqətin nəticəsidir. 2003-cü ildən etibarən ölkəmizdə 34 elektrik stansiyası inşa edilib. Yeni tikilən stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Müqayisə üçün deyə bilərik ki, Azərbaycanın hazırda ümumi generasiya gücü 7200 meqavatdır. Onun 3400 meqavatı son 20 ildə yaradılmışdır. Bu da onu göstərir ki, bu sahənin inkişafı dövlətimiz üçün prioritet istiqamətdir.

Musa BAĞIRLI,

"Respublika".