Qələbə günü şəhadətə yüksəlib
Digər xəbərlər

Qələbə günü şəhadətə yüksəlib

Vətən uğrunda şəhidlik zirvəsinə ucalanları xatırlamaq mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha tanıtdı. Fəxrlə deyə bilərik ki, Vətən üçün şəhidliyi könüllü qəbul edən, canından keçən gənclərimiz var. Vətən müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Qələbəyə öz qanları ilə imza atan şəhidlərimiz bizə ömür boyu haqqında danışacağımız dastan qoyub getdilər. Özlərini doğmalarının gələcəyi üçün fəda edən polad ürəkli mübarizlərimiz, vətən sizi unutmayacaq. Qəhrəman oğulların sayəsində dədə-baba torpaqlarımız mənfur düşməndən xilas edildi. Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər.

Həmin gənclər Azərbaycan dövlətinin iftixarı, qürurudur. ... Vətən müharibəsinin oğuzlu şəhidi Azərbaycan Ordusunun baş əsgəri Fərid Lillahov 1999-cu il martın 6-da Oğuz rayonunun Baş Daşağıl kəndində anadan olub. 2005-2016-cı illərdə Ə.Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbində təhsil alıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib.

Vətən müharibəsi zamanı Şuşa-Xankəndi istiqamətində döyüşlərdə savaşıb. Sentyabrın 30-da müharibəyə yollanıb. Müharibənin ilk günlərindən sona kimi müxtəlif yerlərdə döyüşən Fəridin son döyüş meydanı Şuşa olub. O və yoldaşları ən çətin ərazilərdə döyüşüb, qələbələr qazanıb. Qırmızı Bazar və Daşaltı istiqamətindəki qızğın döyüşlərdən sonra Fərid noyabrın 8-də Şuşanın azad olunduğu gün şəhid olub.

Dostları Fəridin necə mərd, igid olduğundan fəxrlə danışırlar. Onlar söyləyir ki, Fərid döyüşlərdə bir an belə geri çəkilməyib və son nəfəsinə kimi xidmət yoldaşları ilə birlikdə düşmənə qarşı çiyin-çiyinə, igidliklə vuruşub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Fərid Lillahov ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif olunub.

M.MİRZƏ,

"Respublika".