SİTRUSÇULUQDA MÜASİR METODLAR
İqtisadiyyat

SİTRUSÇULUQDA MÜASİR METODLAR

Lənkəran ölkəmizdə subtropiklər diyarı kimi tanınır. Sitrus və subtropik meyvə bağları bu yerlərin bəzəyini, gözəlliyini, füsunkarlığını daha da artırır. Şair Həbib Səfərovun "Lənkəran" şeirində deyildiyi kimi: Yaşıl çay kolları, limon, naringi, Hayana baxırsan sərgidi, sərgi.

Rayonun təsərrüfatlarında istehsal olunan sitrus meyvələri təkcə ölkəmizin daxili bazarlarında deyil, onun hüdudlarından kənarda da dadı, ətri, yüksək keyfiyyəti ilə fərqlənir.

Sitrusçuluq iqtisadi cəhətdən gəlirli hesab olunur. "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" rayonun kənd əməkçilərini daha da ruhlandırıb, sitrusçuluğun inkişafı üçün geniş imkanlar açılıb.

Əhalinin sitrus məhsullarına tələbatının ödənilməsi, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə sitrusçuluğa diqqət artırılıb. Son illər rayonda 183 hektar sahədə yeni sitrus bağları salınıb. Keçən il bağlardan 10159 ton məhsul yığılıb.

Separadi kəndində salınmış "Lenk Fruit" MMC-yə məxsus yeni bağ rayonda ən iri sitrusçuluq təsərrüfatı sayılır. Bağın ümumi ərazisi 150 hektardır. Burada Türkiyədən gətirilmiş 141 min ədəd sitrus, şaftalı və nektarin ağacları əkilib.

Göz işlədikcə sıra ilə uzanan sitrus ağaclarının budaqları meyvənin ağırlığından əyilib. Havaların soyuq, qarlı-şaxtalı keçdiyi günlərdə meyvənin donvurmadan ağacda qalması təəccüblü görünür. Təsərrüfatın rəhbəri Namiq Cəbiyev sitrusçuluğun incəliklərini dərindən bilir. Görülmüş işlərlə bağlı fikirlərini bizimlə bölüşür:

- Dövlət qayğısı sayəsində 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və 7 hektarda giləmeyvə ağacları əkmişik. Sitrus bağında yüksək məhsuldarlığa malik dabli morqut növlü naringi yetişdirilib. Məhsulu şaxtadan qorumaq üçün xüsusi avadanlıqlar quraşdırılıb. Respublikamızda ilk dəfə olaraq qış aylarında şaxtanın temperaturunu normal dərəcəyə salan, dəyəri 2,2 milyon ABŞ dolları olan 15 ədəd xüsusi avadanlıq quraşdırılıb. Bir avadanlıq 9 hektar ərazini şaxtadan qoruyur. Növbəti illərdə daha 5 ədəd belə avadanlığın quraşdırılması nəzərdə tutulub. Ən müasir aqrotexniki xidmətlərin göstərildiyi bağda suvarma zamanı damcı üsulu tətbiq olunur.

Ümumi dəyəri 10,7 milyon manat olan layihə üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən təsərrüfata 1 milyon manat güzəştli, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən isə 148 min manat faizsiz kredit verilib.

Sitrus bağında bol məhsul yetişdirilib. Yığım başlanandan 3 min ton məhsul yığılıb və yığım davam etdirilir. İstehsal olunan meyvələr ölkə bazarlarında yaxşı qiymətə satılır. Məhsulun bir hissəsi Rusiyaya ixrac edilir.

Qışın oğlan çağında ağacların üstündə meyvələr yeni üsulla qorunur. Bağda 400 tona yaxın dərilməmiş meyvə qalıb. Yerli növ naringi ilə müqayisədə dabli morqut növ naringi əkilmiş sahələrin məhsuldarlığı 2-3 dəfə yüksəkdir. Ağacların boyu da hündürdür. Yaxın illərdə bir naringi ağacından 500-600 kiloqram məhsul götürmək olacaq. Hektarın məhsuldarlığı 35-40 ton təşkil edəcək.

Yeni yaradılmış təsərrüfat Separadi və ətraf kəndlərin sakinlərinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Təsərrüfatda 140 nəfər işləyir və normal əməkhaqqı alırlar.

Sahibkar Namiq Cəbiyev Separadi kəndində ən böyük sitrusçuluq təsərrüfatının yaradılmasını kəndin inkişafına, sakinlərin işlə təmin olunmasına və rifah halının yüksəldilməsinə göstərilən dövlət qayğısının parlaq nümunəsi kimi dəyərləndirir. Gələcəkdə təsərrüfatın genişləndirilməsi, dağətəyi ərazilərdə terras əkin sxemləri ilə 100 hektarda sitrus bağının salınması, 10 min ton tutumlu soyuducu anbarın tikilməsi nəzərdə tutulub.

Əlisəfa HƏSƏNOV,

"Respublika".