Strateji investisiya layihələri üzrə ilk təşviq sənədi verilib
İqtisadiyyat

Strateji investisiya layihələri üzrə ilk təşviq sənədi verilib

Strateji investisiya layihələri üzrə ilk təşviq sənədinin verildiyi bərpaolunan enerji istehsalı layihəsinin reallaşması nəticəsində ölkə iqtisadiyyatına 417 milyon manat investisiya yatırılacağı, 45 yeni iş yerinin açılacağı nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2024-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” çərçivəsində ilk investisiya təşviqi sənədi bərpaolunan enerji istehsalı sahəsi üzrə “Acwa Power Azərbaycan Renevable Energy” MMC-yə verilib.

Şirkətin investisiya təşviqi sənədi verilmiş “240 MW/s gücündə bərpaolunan elektrik enerjisinin (külək enerjisi) istehsalı” layihəsi Xızı və Abşeron rayonlarını əhatə edir. Layihənin reallaşması nəticəsində ölkə iqtisadiyyatına təqribən 417 milyon manat investisiya yatırılacağı, 45 yeni iş yerinin açılacağı nəzərdə tutulur.

İnvestisiya təşviqi sənədi “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyana “Bakı KOB evi”ndə təqdim edilib. Qeyd edilib ki, Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişafına xüsusi diqqət yetirilir və bu baxımdan bərpa olunan enerji layihələri əhəmiyyətlidir. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi Azərbaycanın “yaşıl iqtisadiyyat”ın inkişafına verdiyi önəmin göstəricisidir.

Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2024-cü il traixli Fərmanına əsasən sahibkarların 13 istiqamət üzrə strateji investisiya layihələrinə investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulur. Bu mexanizm sahibkarlara ölkə iqtisadiyyatının mühüm strateji sahələrinə daha çox sərmayə qoyuluşu üçün əlavə imkanlar yaradır.

"Respublika".