Sülhün effektiv formulu vasitəçisiz görüşdür
Siyasət

Sülhün effektiv formulu vasitəçisiz görüşdür

ATƏT-in keçmiş Minsk qrupu 26 il ona həvalə edilmiş vasitəçilik missiyasının öhdəsindən gələ bilmədi. Danışıqlarda heç bir uğur əldə olunmadı, bir qarış torpağımız erməni işğalından azad edilmədi, danışıqlarda Ermənistanla Azərbaycanın statusu eyniləşdirildi, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmadı. Beynəlxalq qanunlar, BMT Nizamnaməsi, hətta bu qurumun Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə işlək vəziyyətə gətirilmədi, bir sözlə, BMT öz prinsiplərinə dönük çıxdı. Üstəlik, keçmiş Minsk qrupuna həmsədrlik edən və dünyanın ABŞ, Fransa və Rusiya kimi supergücləri sayılan dövlətlər imzalarına hörmət etmədilər. İkitərəfli görüşün isə üstünlüyü göz qabağındadır. Artıq nəticələr də var.

Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistanın XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlarda delimitasiya üzrə irəliləyiş və bununla bağlı əldə edilmiş nəticələr razılıqla qarşılanıb. Nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Fikir ayrılıqlarının mövcud olduğu məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar. Məsələ burasındadır ki, Azərbaycanın sülh təşəbbüsləri alternativsiz olduğuna və beynəlxalq sənədlərə istinadən hazırlandığına görə buna qarşı çıxmaq istəyənlər də bu gün reallıqla barışmalı olublar. Ermənistandakı revanşistlər İrəvanın mərkəzində etiraz aksiyası keçirirlər. Erməni kilsəsi ilə birləşən müxalifətin keçirdiyi mitinqlər hələlik heç bir effekt vermir, çünki indiki zamanda atılacaq istənilən addım sülhə təhdid kimi qəbul edilir. Azərbaycan torpalarının son qarışını da geri qaytarmaqda israrlıdır, revanşistlər isə buna qarşıdırlar. Ona görə də ermənilərin beynəlxalq arenadakı ən qatı tərəfdarları da ərazi bütövlüyü barəsində Azərbaycanın irəli sürdüyü şərtlər qarşısında acizdirlər. Amma düşünürəm ki, ikitərəfli danışıqlar məhsuldar olacaq, iki qonşu dövlət arasında davam edən münaqişəyə son qoyulacaq və nəhayət, Cənubi Qafqazı daim təhdid altında saxlayan müharibə sülhlə əvəzlənəcək. İnanırıq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionun uğurlu gələcəyini, insanların dinc yanaşı yaşamasını təmin etmək üçün ortaya qoyduğu iradə öz bəhrəsini verəcək.

Aydın HÜSEYNOV,

Milli Məclisin deputatı.