Tarlalar ağ örpəyə bürünür
İqtisadiyyat

Tarlalar ağ örpəyə bürünür

Regional inkişafa dair Dövlət Proqramının dördüncü mərhələsi bölgələrin sosial-iqtisadi həyatında köklü dəyişikliklərə, yeni iş yerlərinin açılmasına, həyat şəraitinin yaxşılaşmasına, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, su mənbələrindən səmərəli istifadə edilməsinə, müasir texnologiyaların tətbiqinə stimul yaradır. Bu, Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədidə də hiss olunur.

Rayonun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında, o cümlədən, pambıqçılıqda uğurlu nəticələr əldə edilir. Dövlətimizin başçısı İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıq və tövsiyələri rayonda uğurla icra olunur. Təsadüfi deyil ki, ötən ilin nəticələrinə görə Ağcabədi rayonu pambıq istehsalında respublika üzrə birincilər sırasında dayanıb. Dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanlarına malik olması, əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq üçün subsidiya verilməsi kənd təsərrüfatının inkişafına sözün həqiqi mənasında, güclü təkan verir.

Qeyd edək ki, pambıqçılıq Ağcabədi rayonunda güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. "Ağ qızıl" istehsalı ilə məşğul olan fermerlər yaxşı bilirlər ki, pambıqçılıq strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir. Yeri gəlmişkən qeyd edək ki, vaxtilə rayonda yüz min tondan çox "ağ qızıl" istehsal edilib. Pambıqçılığın inkişafı fermerlərin gəlirlərinin çoxalmasına, bölgədə məşğulluq səviyyəsinin artmasına son dərəcə müsbət təsir edir. Son illər dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirlərinin gücləndirilməsi bu sahəni fermerlər üçün daha da cəlbedici edir. Bu sahəyə marağın artması nəticəsində pambıq istehsalının həcmi və orta məhsuldarlıq göstəriciləri ildən-ilə yüksəlir. Bu ildən fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Üstəgəl, pambığın alış qiyməti də artırılıb, ona görə də zəhmət çəkənlərin əli boşda qalmır. Hər hektara çəkilən xərci çıxandan sonra fermerlər xeyli gəlir əldə edə bilirlər.

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına hazırlıq görülür. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, 2023-cü ildə rayonda 3770 hektarı "Azərpambıq" MMC, 4392,4 hektarı "MKT İstehsalat Kommersiya" MMC, 2400 hektarı "P-Aqro" MMC, 930,3 hektarı digər şirkətlərlə müqavilə əsasında 11 min 492,7 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunur. Cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilir. Nəticədə barlı kollar yetişib, artıq tarlalar ağ örpəyə bürünür. Bu isə məhsulun bol olacağından xəbər verir. Kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıq yığımına rayondan 54 ədəd kombayn, 134 ədəd traktor, 306 ədəd qoşqu, 15 ədəd yükləyici, 35 ədəd çiləyici cəlb ediləcək. Fermerlərin qənaətinə görə, bu mövsümdə rayon üzrə 40 min tondan çox pambıq tədarük ediləcəyi gözlənilir.

Salman ALIOĞLU,

"Respublika".