Tələbimiz haqlı, sözümüz söz, gücümüz gücdür
Siyasət

Tələbimiz haqlı, sözümüz söz, gücümüz gücdür

Dinc aksiya nəticə əldə olunanadək davam edəcək

1988-ci ilin payızı. Bu payız başqa bir payızdı. Özü ilə bar-bərəkət gətirən payızın həm də bizə "sürprizləri" vardı. Bir gün uzaq Topxana meşəsində istehsal müəssisələri yaratmaq istəyən ermənilərin bu təbiət möcüzəsinə qarşı törətdikləri ekoloji terror bütün ölkəni lərzəyə gətirdi. Qədim, nadir ağaclara qəddarcasına çalınan baltaların səsi düz Azadlıq meydanına qədər gəlib çatmışdı. İnsanlar ayağa qalxmışdı, bu terrora son qoyulmasını tələb edirdi. İndi yenə də Şuşa istiqamətindəki yolda ekofəalların, ictimaiyyət nümayəndələrinin dinc aksiyasının davam etdiyi bir vaxtda düz 34 il əvvəli xatırladım. Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiyanın fəallarından biri, hərbi-siyasi ekspert Telman Qasımovla bu mövzu ətrafında söhbət etdik:

– Telman müəllim, məlumdur ki, hər bir aksiyanın keçirilməsi üçün səbəb olmalıdır. Son zaman baş verən hadisələr isə artıq səbri daşmış xalqın bu addımı atması üçün zəmin yaratmışdı.

– Tamamilə doğrudur. Dekabrın 12-də ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti üzvlərinin bir qrupunun Şuşa-Xankəndi yolunda etiraz aksiyalarına başlamasının da səbəbi var. Belə ki, aksiya iştirakçıları Qarabağdakı ekoloji problemlərlə bağlı, bölgədəki hazırkı separatçı rejim tərəfindən "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında qeyri-qanuni istismarın qarşısının alınması tələbi ilə çıxış edirlər. Həmin bölgədə müvəqqəti dislokasiya olunmuş sülhməramlıların komandanı general-mayor Andrey Volkovla görüş tələbi irəli sürülür. Məqsəd onunla müzakirələrdən sonra bir qrup mütəxəssisin həmin bölgədə daimi monitorinq aparmasına şəraitin yaradılmasına nail olmaqdan ibarətdir. Təəssüflər olsun ki, Volkov gəlmədi, qarşı tərəf bizimlə görüşmək niyyətində olmadı.

Məsələ burasındadır ki, dinc, mülki insanların qarşısına sülhməramlılar iriçaplı pulemyot, qumbaraatanlarla çıxıb zirehli tırtıllarla yolu bağladılar. Mən orada etirazımı bildirdim, komandirlərdən birinə dedim ki, burada vətəndaş cəmiyyəti üzvləri, tələbələr, yaşlılar, qadınlar toplaşıb və bu cür hərbi güclə onların qarşısına çıxmağa heç bir lüzum yoxdur.

Doğrudur, bu etirazdan sonra iriçaplı pulemyotlar, qumbaraatanlar yığışdırılsa da, əfsuslar olsun ki, yenidən peyda oldu. Təbii ki, Ermənistan tərəfi buna dərhal reaksiya verdi, qəzetlərin manşetinə çıxardı. Məni xüsusi xidmət orqanlarının əməkdaşı, xüsusi təyinatlı, hətta ermənilərin başını kəsməyə hazır olan qəddar bir insan obrazında verməyə çalışdılar. Biz də hərəkətsiz qalmadıq, Azərbaycan mətbuatının vasitəsilə onlara cavab verdim. Beləliklə, elə ilk gündən bizə qarşı şər, böhtan yağdırmağa başladılar. Aksiya iştirakçıları arasında keçmiş döyüşçülər, qazilər də var. 2016-cı il Aprel döyüşlərinin qazilərindən biri hərbi geyimdə aksiyaya qatılıb. Təsəvvür edirsinizmi, bunu sülhməramlılar da, ermənilər də əllərində ağ bayraq elədilər. Bu, o demək deyil ki, o, terrorçudur. Adi vətəndaşdır və vətəndaşlıq borcunu yerinə yetirir. Jurnalistləri, mətbuat işçilərini də terrorçu kimi qələmə verirlər. Sözsüz ki, düşmən bu durumda bizə "Xoş gəldin" deməməliydi. Ancaq zaman keçdikcə ermənilərin aksiya iştirakçıları haqda yaratdıqları mif puça çıxdı. Ermənilər barbar bağırırdılar ki, guya aksiyaçılar erməni əhalisinə tibbi yardım göstərilməsinə maneçilik törədirlər. Halbuki mən orada olduğum müddətdə həmin yolla hansısa təcili tibbi yardım maşınının keçdiyini belə görmədim. Olsaydı da belə biz yolu bağlamamışıq ki, yolu bağlayan sülhməramlılardır və onlar da lazım olanda onu bağladıqları kimi, aça da bilirlər. O bir şər, böhtan idi. Bir sözlə, onlar bu yolla dinc aksiyaya, bu missiyaya ləkə yaxmağa, ona hansısa bir siyasi don geyindirməyə cəhd göstərdilər. Bu missiya heç bir siyasi xarakter daşımır. Biz düşünürdük ki, məsələ elə birinci gün öz həllini tapacaq, ancaq belə olmadı... Bu da bizim günahımız üzündən deyil, sülhməramlıların aksiya iştirakçılarına qarşı hörmətsizliyindən belə alındı.

Bu günə qədər heç bir reaksiya yoxdur və nəticə əldə olunanadək aksiya davam edəcək. Onun nə qədər çəkəcəyini isə söyləmək çətindir. Onu da deyim ki, aksiya keçirilən ərazi kiçikdir, minədək aksiyaçı var. İştirak etmək istəyən isə həddindən artıq çoxdur. Odur ki, aksiya iştirakçıları arasında növbəlilik prinsipinə əməl olunur.

– On gündən çoxdur ki, ölkədə etiraz aksiyası keçirilir və bununla heç bir beynəlxalq təşkilat, qurum maraqlanmır. Bu cür münasibəti necə başa düşmək olar?..

– Çox təəssüflər olsun ki, bu müddət ərzində heç bir xarici informasiya agentliyi, xarici təşkilat məsələ ilə bağlı münasibət bildirməyib. Dünyada ekologiya ilə bağlı beynəlxalq qurumların, Bakıda bir sıra təşkilatların nümayəndəlikləri var. Xarici dövlətlərin səfirlikləri fəaliyyət göstərir. Bir nəfər də gəlib maraqlanmayıb. Təbii ki, qardaş Türkiyə səfirliyindən, mediasından başqa... Hanı dünyanın o, "yaşıl hərəkat"çıları. Durum doğrudanmı onları maraqlandırmır? Bu da onu göstərir ki, Azərbaycana qarşı ikili standartlar hələ davam edir. Xarici təşkilatların, dövlətlərin ölkəmizə qarşı münasibəti heç də birmənalı deyil. Avropa Şurası, BMT-nin Təhlükəsizlik Şurası yenə də Azərbaycana qarşı haqsız ittihamlar irəli sürürlər. Təbii ki, dövlətimiz bundan sonra da ona dost, müttəfiq olan ölkələrlə əməkdaşlığı gücləndirməlidir. Türkiyə, Pakistan, İsrail kimi həmişə Azərbaycanın yanında olan ölkələrlə, Qoşulmama Hərəkatına üzv dövlətlərlə birgə işləmək lazımdır. İlk növbədə, onların mediası bu işə cəlb olunmalıdır. Azərbaycanın haqq səsi, reallıqlar, həqiqət olduğu kimi dünya ictimaiyyətinə çatdırılmalıdır. Dünya mediası ermənilərin timsah göz yaşlarına, həqiqətə uyğun gəlməyən yalanlarına anında reaksiya verdiyi halda, on gündən artıq etiraz səsi ucaldan aksiyaçıların tələblərinə qarşı heç bir münasibət bildirmir, taleləri ilə maraqlanmır. Axı şaxtada, soyuqda gənclər, yaşlılar əziyyət çəkirlər, onların səsini eşidən olmayacaqmı? Onu da deyim ki, yaşından asılı olmayaraq, oraya toplaşanların iradəsini heç nə qıra bilmir nə şaxta, nə soyuq, nə də özünü haqq-ədalət carçısı hesab edən dövlətlərin soyuq münasibəti.

– Ancaq ermənilərin halına yananlar səslərini çıxarıblar. Bu aksiyanı erməni əhalisi üçün bir təhdid və onlara qarşı soyqırıma hazırlıq hesab edənlər də var.

– Bəli, doğrudur, elə mən də onlara bir sual verirəm: 35 ildir Naxçıvan mühasirədə, blokadadır və Azərbaycanla quru yolla əlaqəsi yoxdur. Tək bir hava yolu qalıb. Bəs ermənilər üçün ürəkləri yananlar, canfəşanlıq edənlər, Naxçıvan üçün niyə bunu söyləmirdilər? Dini bir olan, özünü İslam dövləti kimi göstərən İranın məsələyə mövqeyi də təəccüb doğurur. İndi erməni üçün əldən-ayaqdan gedən dövlətlərin hər birinin marağı var və onlara havadarlıq etməklə öz niyyətlərini gerçəkləşdirirlər. Bunu ermənilər də çox gözəl bilir. Amerika, İran, Fransa və digərlərinin bir əsgəri belə Ermənistan üçün gəlib burada döyüşməz. Elə ona görə Qarabağdakı erməni icmasına müraciət edərək demək istəyirəm ki, ağıllarını başlarına yığsınlar, təxribatçı, yalançı "siyasi rəhbərlər"ə çox da inanmasınlar. 30 ildir boş vədlə aldadanlar indi də azərbaycanlıların sizə soyqırımı törədəcəkləri barədə iftira, böhtan, yalanlarla sizi çaşbaş salırlar. Ancaq dövlət başçısı da hər zaman vurğulayır ki, Qarabağın erməni əhalisinin haqları Azərbaycan Konstitusiyası əsasında qorunacaq, təbii ki, əgər onlar bu qanunlar çərçivəsində yaşamaq istəsələr.

Bir məqamı da qeyd etmək istəyirəm. Bu gün bəzi ölkələrin Azərbaycana qarşı qərəzli, düşmən mövqeyinin bir səbəbi də qısqanclıqdır. Azərbaycanın qardaş Türkiyə, türk dövlətləri ilə möhkəmlənən əlaqələri, artan gücü bəziləri tərəfindən həzm edilmir. Ancaq bundan sonra belə olacaq, Azərbaycanla Türkiyənin adı həmişə yanaşı, qoşa çəkiləcək. Bu gün bizə o soyuqda, şaxtada mərdliklə dayanmağa güc verən də dövlətimizin qüdrəti, onun liderinin dünyada artan nüfuzudur. Bizi hər zaman qorumağa hazır, qadir olan Ordumuz var. Biz dövlət başçımızın böyüklüyünə, müdrikliyinə güvənirik.

– Telman müəllim, indi sizinlə söhbət edə-edə mən 34 il əvvəl Topxana meşəsində ermənilərin törətdiyi ekoloji terroru yada saldım...

– Bəli, 34 il əvvəl hər şey Topxana meşəsinin doğranması ilə başladı, torpaqlarımızın işğalı ilə nəticələndi. Yaxşı yadımdadır ki, 1988-ci ildə Sabir bağında toplaşan kiçik kütlə böyüdü, artdı, Azadlıq meydanını bürüdü. Milli-azadlıq hərəkatı da Topxana hadisələrindən sonra vüsət aldı. İndi də xalq ekoloji terrora son qoyulması tələbi ilə ayağa qalxıb. Ancaq bu, bizim qırmızı xəttimizdir, hər şeyə son qoyulmalıdır. Ermənilər və onların iş ortaqları ölkəmizin yeraltı, yerüstü sərvətlərini talamaqdan əl çəkməlidirlər. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. 30 illik işğala öz gücünə son qoyan ölkədir. Mən inanıram ki, bu aksiyalar da öz müsbət nəticəsini verəcək. Bütün dünya Azərbaycanın sivil bir dövlət olduğunun şahidi olacaq. Çünki aksiya qanunlar çərçivəsində davam etdirilir, tələbimiz haqlı, sözümüz söz, gücümüz gücdür.

Zümrüd QURBANQIZI,

"Respublika".