Xalqımıza ən böyük xoşbəxtliyi yaşadan lider
Digər xəbərlər

Xalqımıza ən böyük xoşbəxtliyi yaşadan lider

2023-cü ilin 8 noyabrı Azərbaycan xalqı, o cümlədən bütün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən əlamətdar günlərdən biri kimi yaddaşlarda qalacaq. Həmin gün Azərbaycanın qədim şəhəri olan Xankəndidə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. 8 noyabr tarixi Şuşanın işğaldan azad edilməsi və ölkəmizdə Zəfər Günü kimi qeyd olunması ilə əlaqədar Azərbaycan tarixində nə qədər önəmli yer tuturdusa, həmin gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Xankəndidə keçirilən hərbi parad bu önəmi daha da artırdı. Silahlı Qüvvələrimizin bu möhtəşəm nümayişində çıxış edən dövlət başçısının dediyi kimi, Azərbaycan xalqı uzun illər davam edən işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə torpaqlarımız işğalçılardan azad edilsin. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız və dövlətimiz bu müqəddəs günü hər gün, hər saat yaxınlaşdırırdı. 2003-cü ildə xalqın etimadı ilə Prezident seçilən İlham Əliyev andiçmə mərasimində söz vermişdi ki, gün gələcək Azərbaycanın dövlət bayrağı işğal altında olan torpaqların hər bir guşəsində qaldırılacaq. Üç il bundan öncə Qarabağın tacı olan Şuşada yüksələn müqəddəs bayrağımız bu gün artıq Xankəndidə, Ağdərədə, Xocalıda və bütün digər ərazilərimizdə qürurla dalğalanır. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu vədinə də əməl etdi və artıq Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində Azərbaycan Bayrağı dalğalanır.

Xankəndidə keçirilən hərbi paradda Vətən müharibəsinin başlanma səbəbləri barədə detallı açıqlamalar verən dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan heç bir halda öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər 1994-cü ildə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində əldə olunmuş atəşkəsdən sonra münaqişənin sülh yolu ilə həll olunmasına az da olsa ümid var idisə, illər keçdikcə bu ümidlər də tükənirdi. Münaqişənin nizamlanması ilə məşğul olan vasitəçilər də faktiki olaraq vəziyyəti dondurmağa çalışır və hesab edirdilər ki, Azərbaycan xalqı işğalla barışacaq. Əlbəttə, Azərbaycan bütün dövrlərdə sülhün tərəfdarı kimi çıxış edirdi. Prezident İlham Əliyev 2003-cü ildən bəri keçən müddət ərzində xalqa etdiyi bütün müraciətlərində hər zaman deyirdi ki, biz torpaqlarımızı müharibə yolu ilə qaytarmağa hazır olmalıyıq. Bu hazırlığı təmin etmək üçün dövlət başçımız bütün potensialları səfərbər etdi. Həyata keçirilən xarici və daxili siyasət Azərbaycanın həm siyasi müstəvidə, həm də hərbi cəhətdən güclənməsinə şərait yaratdı. Əgər Ermənistan rəhbərliyi və onun arxasında duran bəzi xarici qüvvələr münaqişənin sülh yolu ilə həllinə razılıq versəydilər, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı.

Danılmaz faktdır ki, Vətən müharibəsinin davam etdiyi qırx dörd gün ərzində Azərbaycana müxtəlif ölkələrdən təzyiqlər göstərilir, təhdidlər səsləndirilirdi. Lakin heç bir təhdid Azərbaycan Prezidentinin polad iradəsini sarsıda, Azərbaycan xalqını haqq yolundan döndərə bilmədi. Noyabr ayının 10-da hərbi əməliyyatların dayandırılması da Azərbaycanın öz seçimi idi və tarix göstərdi ki, bu ən doğru qərar idi. Ermənistanın faktiki olaraq kapitulyasiya aktını imzalamasından sonra müharibənin dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan öz sahibinə qaytarılsın.

Artıq o zaman Ali Baş Komandan bir gün Xocalıda və digər ərazilərimizdə də Azərbaycan bayrağını qaldıracağına tam əmin idi. Məhz bu məqsədə nail olmaq üçün müharibədən sonra Silahlı Qüvvələrimiz dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdirildi, Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində əlverişli mövqelər ələ keçirildi. 2020-2023-cü illər ərzində keçirilmiş bir neçə hərbi əməliyyat əslində Ermənistanın siyasi rəhbərliyinə bir siqnal idi ki, onlar kapitulyasiya aktında təsbit edilmiş müddəaları icra etməli və ilk növbədə, öz silahlı qüvvələrini Qarabağdan çıxarmalıdırlar. Lakin rəsmi İrəvan bu dəfə də real vəziyyətə yox, xarici havadarlarının istəyinə görə hərəkət etdi. Bu səbəbdən, bu ilin 19 sentyabr tarixində antiterror tədbirlərinə başlayan Azərbaycan Ordusu növbəti dəfə peşəkarlıq və qəhrəmanlıq göstərərək ən mühüm strateji mövqelərə nəzarəti ələ keçirməklə qısa müddət ərzində qarşıya qoyulmuş bütün vəzifələri icra etdi və düşmən ordusu təslim olmağa məcbur qaldı. Bununla da ermənilərin 30 il bundan əvvəl torpaqlarımızda yaratdıqları qanunsuz separatçı rejim ləğv olundu. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını qaldıran ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza, bütün dünya azərbaycanlılarına ən böyük xoşbəxtliyi nəsib etdi.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.