Xalqın dəyişməz seçimi
Gündəm

Xalqın dəyişməz seçimi

7 fevral 2024-cü il Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Ölkəmizdə bu günə qədər 8 prezident, 6 parlament, 5 bələdiyyə seçkiləri keçirilib. Sayca doqquzuncu olacaq növbəti seçkilər isə digərlərindən fərqlənir, çünki suverenliyimizin təmin edildiyi, ərazimizin bütövləşdiyi daha güclü bir Azərbaycan ərazisində keçiriləcək. On illər öncə doğma yurdlarından didərgin salınmış azərbaycanlılar öz dədə-baba ocaqlarında səs verəcəklər, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli və digər azad olunmuş bölgələrdə demokratiyanın təntənəsi özünü göstərəcək.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü tam təmin olunub, suverenliyimiz tam bərpa edilib. Ölkə başçımız hələ 2003-cü ildə prezident seçilən vaxt andiçmə mərasimində buna söz verib. Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı barədə xalqa verilmiş vədlər 2020-ci ildə reallığa çevrilib. Müxtəlif vasitəçilərin, beynəlxalq təşkilatların həll edə bilmədikləri Qarabağın işğaldan azad edilməsi məsələsini Azərbaycan özü qısa müddətdə gerçəkləşdirdi. Bu səbəbdən də fevral seçkiləri Azərbaycanın tarixi boyu keçirilmiş ən qürurverici seçkisi kimi yadda qalacaq.

Tarixi seçki ölkəmiz üçün yeni səhifə, yeni bir dövr deməkdir. Azərbaycanda 20 ildir yürüdülən uzaqgörən siyasətin nəticəsində bu gün ölkəmiz dünyanın ən sürətli inkişaf edən dövlətlərindən biridir. İlham Əliyevin liderlik bacarığı, yaradıcı dövlətçilik təfəkkürü, qətiyyəti və iradəsi ölkəmizin inkişafını təmin etməklə yanaşı, həm də bölgədəki reallığı dəyişib, Azərbaycanı daha güclü, qüdrətli bir dövlətə çevirib. Yeni reallıqlar fonunda dövlətimiz üçün yeni fürsətlər yaranıb və Cənubi Qafqaz regionu yeni mərhələyə qədəm qoyub. Təbii ki, bütün bunlar Azərbaycanda yeni siyasi başlanğıc üçün zəmin yaradıb. 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri barədə qərar verilməsi də bu zərurətdən irəli gəlib.

Gələn il fevralda keçiriləcək növbədənkənar Prezident seçkilərində on illər sonra öz evinə qayıtmış keçmiş məcburi köçkünlər də səs vermək üçün səbirsizliklə gözləyirlər. Torpaqlarımız işğaldan azad edildikdən sonra burada dərhal yenidənqurma prosesinə başlanıb. Bu gün Qarabağda bərpa-quruculuq işləri sürətlə davam edir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına xüsusi diqqət ayrılır. Bu bölgələrə köç davam edir. Füzulidə, Laçında seçki məntəqələri qurulacaq.

Qeyd edək ki, seçki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Seçki Məcəlləsinə əsasən, bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir.

Bu seçkilərdə də Azərbaycan xalqı əsaslı qərarlar verəcək, 2024-cü il fevralın 7-nə təyin edilmiş azad və ədalətli Prezident seçkilərində şəffaf şəraitdə öz sözünü deyəcək. Əlbəttə ki, əvvəlki hər bir seçkinin müstəqillik tariximizdə öz yeri var. Hər seçki dövlətimizin inkişafında yeni mərhələnin simvoludur. Bu seçki ilə Azərbaycan artıq tam yeni bir reallıqla dünya səhnəsinə çıxacaq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".