“Yaşıl” və sağlam gələcək naminə iqlim dəyişmələrinə yeni baxış
Ekologiya

“Yaşıl” və sağlam gələcək naminə iqlim dəyişmələrinə yeni baxış

Bu gün Azərbaycan iqlim dəyişmələrinin mənfi nəticələri ilə mübarizəyə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi seçilməsi ölkəmizin nüfuzunu daha da artıracaq. Bu, həm də Azərbaycanın neft və qaz ixrac edən ölkə olmasına baxmayaraq, "yaşıl keçid" üçün güclü siyasi iradəsinin göstəricisidir. Ümumiyyətlə, hər bir dövləti dünya birliyi üçün cəlbedici edən onun beynəlxalq imicidir. Bu çərçivədə beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən seçdikləri məkanın imkanları və resursları ilə yanaşı, qlobal miqyasdakı nüfuzuna da önəm verirlər. Azərbaycanda bu günədək baş tutan çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzularda tədbirləri nəzərə alsaq ölkəmizin unikal məkan olduğunu söyləmək mümkündür.

Hazırda iqlim dəyişmələri bəşəriyyəti ağuşuna alan qlobal problemlərdən birinə çevrilib. Bu baxımdan, dünya birliyinin bu dəyişmələrin ətraf mühitə təsiri barədə narahatlığı getdikcə artır. Çünki dünya ölkələrinin əksəriyyəti iqlim dəyişmələrindən əziyyət çəkir. Bu problem dövlətlərin iqtisadi vəziyyətinə təsir etməklə yanaşı, insanların sağlamlığına da ciddi ziyan vurur. Son dövrlərdə Yer kürəsində baş verən dəyişikliklər vəziyyətin kəskinləşdiyinin əyani sübutudur. Daha dəqiq desək, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Antropogen amillərlə əlaqədar olan bu dəyişmələr planetin müxtəlif yerlərində təbii fəlakətlərin çoxalması ilə xarakterizə edilir. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirinə məruz qalır. Təsadüfi deyil ki, iqlim dəyişmələri bu gün bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların əsas müzakirə mövzusuna çevrilib.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu qərar iqlim dəyişmələri ilə mübarizəyə göstərilən diqqətin təsdiqidir. Həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələrə nümunə olmaq istəyi, gələcək nəsillər üçün daha "yaşıl" və sağlam gələcəyin qurulması istiqamətində öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi töhfələri önəmi əməli fəaliyyətlərlə  sübut edir. Belə ki, ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfə alıb. Azərbaycanın quruda və dənizdə mövcud olan zəngin külək enerjisi resursları dayanıqlı enerji istehsalı üçün mühüm imkanlar yaradır. Ölkə külək enerjisi üzrə quruda 3 QVt həcmində qiymətləndirilən iqtisadi, həmçinin dənizdə 157 QVt təşkil edən texniki potensiala malikdir. Bu potensialın reallaşdırılması istiqamətində mühüm addımlar atılır. "ACWA Power" və "Masdar" kimi beynəlxalq investorlarla həyata keçirilən layihələr bunun bariz nümunəsidir. Hidroenerji isə ölkənin illik elektrik enerjisi istehsalının təqribən 10 faizini təşkil edir. Azərbaycanın şirin su ehtiyatlarının təxminən 25 faizi "yaşıl enerji" zonaları kimi müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında cəmləşir. Yeri gəlmişkən, Azərbaycanın hidroenergetika infrastrukturunun əsası 424 MVt qoyuluş gücünə malik Mingəçevir Su Elektrik Stansiyasıdır. İqtisadi cəhətdən səmərəli hesab olunan günəş enerjisinin ölkəmizdəki potensialı isə 23 QVt həcmindədir. Günəşli saatların sayının ildə 2400-3200 saata çatması respublikamızı günəş enerjisi istehsalı üçün əlverişli ölkəyə çevirib. 2023-cü ilin oktyabrında 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyasının açılışı da prosesə töhfə verib. Eyni zamanda bir sıra digər layihələr reallaşdırılır. Azərbaycan günəş enerjisi infrastrukturunun genişləndirilməsi prosesində dövlət özəl sektordan olan tərəfdaşlar, o cümlədən biznes təmsilçiləri, inkişaf bankları, bir sözlə COP29 çərçivəsində danışıqların mərkəzi olan maraqlı tərəflər ilə əməkdaşlıq edir. Bununla yanaşı, Şərqi Zəngəzur və Qarabağ torpaqları da "yaşıl enerji zonası" elan edilib. Sözügedən ərazilərin 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulub. Hazırda həmin ərazilərdə  irimiqyaslı bərpa olunan enerji layihələri tətbiq olunur.

Xatırladaq ki, bu ilin noyabrında keçiriləcək COP29-da əsas prioritet qlobal istiləşməni nəzarətdə saxlamaq və temperatur artımının 1,5°C-dən aşağı olması üçün emissiyaların azaldılması istiqamətində əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirməkdir.

Nəzrin ELDARQIZI,

"Respublika".