Yollar firavanlıq, tərəqqi, xoşbəxt həyat müjdəçisidir
İqtisadiyyat

Yollar firavanlıq, tərəqqi, xoşbəxt həyat müjdəçisidir

Qarabağa və Şərqi Zəngəzura gedən yollar işğalçı haylar tərəfindən tamamilə dağıdılmış, şəhərlər, kəndlər yer üzündən silinmişdi. Tarixi qələbədən sonra Azərbaycan on min kvadratkilometr bir xarabalıqla üz-üzə qaldı. Həyat və uğur düsturunu, qələbə dastanını yazan Liderin ilk tapşırığı məhz yeni yolların çəkilməsi ilə bağlı oldu. Hazırda azad edilən ərazilərdə yol infrastrukturu qurulur, istifadəyə verilir, körpülər tikilir, Qarabağın və Şərqi Zəngəzurun yolları qan dövranı kimi tənzimlənir. Bu yollar quruculuğun, inkişafın, Böyük Qayıdışın ahəngi ilə döyünür, şad xəbərlər, müjdələr yoluna çevrilir.

Üç ildən artıqdır ki, dünyanın bir çox hərbi ekspertləri tərəfindən Vətən müharibəsinin gedişi, döyüş əməliyyatlarının yüksək səviyyədə aparılması, ordumuzun mənəvi-psixoloji hazırlığı geniş təhlil edilir və diqqətlə öyrənilir. Qəhrəman silahlı qüvvələrimiz Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənimizi bütöv etdilər, şərəfli tarix yazdılar. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi bölgədə bir çox yeni reallıqlar yaradıb, ən əsası isə xalqımızın Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyulub, işğaldan azad edilmiş ərazilərdə ən müasir texnologiyalarla genişmiqyaslı bərpa və yenidənqurma sürətlə aparılır, qarşıya qoyulan hədəflərə çatmaq üçün mücadilə davam edir. Azad edilən ərazilərdə quruculuq və bərpa işləri ilk növbədə işğal illərində dağıdılan yolların tikintisi, yol qovşaqlarının qurulması, körpülərin salınmasından başlandı. Məhz, ilk infrastruktur layihələr də düşmən tərəfindən dağıdılan və yarasız vəziyyətə salınan geniş yol şəbəkəsinin yenidən qurulmasını əhatə edir. Artıq bir neçə həyat əhəmiyyətli yol istifadəyə verilib. Fərəhli haldır ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış da məhz bu yollardan başlayıb və uğurla davam edir. Yeni yollar Qarabağda və Şərqi Zəngəzurda başlanan dirçəlişin döyünən nəbzi, inkişafın arteriyasıdır, bu yerlərə xoşbəxt həyatın qayıtmasından xəbər verir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısı İlham Əliyevin müəyyən etdiyi strategiya, tövsiyə və tapşırığı ilə icra olunan yol infrastruktur layihələri işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir. Heç yerdən və heç kimdən kömək gözləmədən öz gücümüzlə, iradəmizlə misli görünməyən layihələr icra edilir, infrastruktur qurulur. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planında 2022-2026-cı illər ərzində Qarabağ və Şərqi Zəngəzurda 20 avtomobil yol layihəsi icra ediləcək. Bu istiqamətdə ardıcıl və davamlı işlər həyata keçirilir. Artıq yol layihələrinin bir çoxunun icrası uğurla başa çatdırılıb. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam etdirilir.

Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək Ağdam-Füzuli avtomobil yolunda tikinti işləri sürətlə aparılır və yeni yol 4 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 26,5 metr nəzərdə tutulub və birinci texniki dərəcəli yol boyu 331 metr istinad divarı, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular və keçidlər, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası başa çatdırılıb. Yeni yolun tikintisində xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26,5 metr enində yeni yol yatağının inşası davam etdirilir. Yolun ilk 32,4 kilometrlik hissəsində layihə çərçivəsində 36 ehtiyat keçidinin, 31 dairəvi su ötürücü, 27 düzbucaqlı borunun, 5 alt keçid, 1 kəhriz keçidinin, 3 ədəd körpünün inşası 90 faiz tamamlanıb. Bundan başqa, bitki qatının çıxarılması və qazma işləri tam başa çatdırılıb. Yolun 32,4 - 64,8 km hissəsində torpaq işləri və hamarlayıcı qatın tikintisi bitib. Ayrı-ayrı hissələrdə yolun alt qatının tikintisi və asfalt-beton örtüyün döşənməsi işləri davam etdirilir. Layihənin sözügedən hissəsində 16 keçid və 25 kommunikasiya borusu, 67 müxtəlif diametrli suötürücü boru inşa edilib. Bu hissədə inşa olunan körpü dayaqlarının tikintisi sona çatmaq üzrədir. Yolun layihə üzrə nəzərdə tutulan 39-cu kilometrində körpü dayaqlarının tikintisi işləri isə davam etdirilir. 63 və 65-ci kilometrlərdə yolötürücünün tikintisi yekunlaşıb. Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yeni yol Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, həmin rayonların sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək. Qələbə və Zəfər yolları Qarabağın işğaldan azad edilmiş 300-dən çox kənd və şəhərinə yenidən həyat gətirəcək, firavanlıq, tərəqqi, xoşbəxt həyatın müjdəçisi olacaq.

Salman ALIOĞLU,

"Respublika".