Azərbaycan hərbçiləri Türkiyədə keçirilən kursda iştirak edirlər
Digər xəbərlər

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən kursda iştirak edirlər

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin bir qrup hərbi qulluqçusu Türkiyənin İzmir şəhərində keçirilən kursda iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müasir mühəndis avadanlıqlarının xüsusiyyətlərini öyrənən istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların, partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, xüsusilə kustar üsullarla hazırlanmış partlayıcıların təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları, eləcə də digər fəaliyyətlər üzrə praktiki vərdişlərini artırırlar.

Kursun keçirilməsində başlıca məqsəd mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də müasir mühəndis texnikası və avadanlıqlarından səmərəli istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.