Bəhramtəpə melioservis idarəsi ətraf bölgələrdə yeni nov kanallar çəkir
Gündəm

Bəhramtəpə melioservis idarəsi ətraf bölgələrdə yeni nov kanallar çəkir

Bəhramtəpə Melioservis İdarəsi ölkənin bir neçə rayonunda kollektor-drenaj sistemlərinin lildən təmizlənməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması və yeni nov kanalların çəkilişini həyata keçirir.

Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “Respublika”ya bildirib.

Görülən işlər nəticəsində torpaqlar meliorativ cəhətdən yaxşılaşır, şoranlaşmanın və su itkisinin qarşısı alınır, əkilən kənd təsərrüfatı bitkilərindən bol məhsul əldə edilir. Hazırda idarə  tərəfindən Neftçala rayonu ərazisində nov kanallar yeniləri ilə əvəz olunur. Həm suya qənaət, həm də suvarma suyunun fermerlərə daha  tez və asan çatdırılması baxımından önəmli rola malik olan bu nov kanallarının  keçdiyi ərazilərdə müxtəlif növ kənd təsərrüfatı bitkiləri, o cümlədən pambıq əkilir. İşlərin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Bəhramtəpə Melioservis İdarəsi Neftçala rayonu ilə bərabər, hazırda Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsinin balansında olan Sol sahil kollektorunda lildən təmizləmə işlərini davam etdirir. Bundan başqa, Füzuli rayonu ərazisində Haramı torpaq məcralı kanalın beton üzlüyə alınması, İmişli rayonunda iki kanalın nov kanallarla əvəzlənməsi işləri nəzərdə tutulub.

Nəriman CAVADOV,

“Respublika”.