Diplomatik dalğalanmalar münasibətlərdəki
Siyasət

Diplomatik dalğalanmalar münasibətlərdəki

Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova diplomat Sergey Kopırkinin mayın 24-də ölkəsinə geri qayıtdığını açıqlayıb. Bu qərar rəsmi Moskva ilə İrəvan arasında münasibətlərin mürəkkəb xarakter aldığını sübut edir. İnqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan əslində 2018-ci ildən bəri Qərblə əlaqələrini gücləndirməyə çalışır və regionda Rusiyanın təsirini məhdudlaşdırmaq istiqamətində addımlar atır. Bununla belə, indiyədək Kreml erməni baş nazirə tutarlı cavab verməyib, Ermənistanın ünvanına sərt tənqidlər səsləndirməyib. Amma Paşinyanın son müsahibəsində KTMT-nin iki üzvünün 2020-ci ildə Ermənistana qarşı müharibə hazırlığında iştirak etdiyi barədə ittihamından sonra Moskva səfiri geri çağırmaq qərarına gəlib. Bu səbəbdən Kremlin son gedişi Nikolun bəyanatları ilə əlaqələndirilə bilər. Lakin bu, elə də dəqiq versiya deyil. Çünki Paşinyanın bundan əvvəl də daha sərt bəyanatları olub. Məsələn, uzun müddət Qərbdən qrant alan Ermənistanın siyasi rəhbərliyi Rusiyadan uzaqlaşmaqla bağlı öhdəliyini yerinə yetirməyə çalışıb.

Ölkənin baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına müsahibəsində deyib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı iştirakını praktiki olaraq dondurub. Həmçinin qeyd edib ki, Ermənistanın sözügedən qurumla yenidən yaxınlaşması qeyri-mümkün hesab oluna bilər. Paşinyanın KTMT-yə qarşı kəskin reaksiyası isə fevralın 21-də Fransaya səfərindən sonra özünü qabarıq göstərməyə başlayıb. Onsuz da sərhəddə "qoca qitə"nin mülki missiyasının tərkibi genişləndirilir, beynəlxalq platformalarda İrəvana şifahi dəstək nümayiş etdirilir. Parisdə Paşinyan və Makron arasında baş tutan sonuncu təmaslardan sonra isə silah yardımı ediləcəyinə dair konkret mesajlar verilib. Amma bütün bunlara Rusiya reaksiya verməyib. Üstəlik, nəzərə almaq lazımdır ki, Paşinyan bu ay Moskvada Putinlə görüşüb və tərəflər arasında rus sərhədçilərinin bir hissəsinin Ermənistandan çıxarılması barədə razılaşma əldə olunub. Deməli, əslində həmin toplantıda müəyyən məqamlar razılaşdırılıb, amma İrəvan təmsilçisi öhdəliklərinə əməl etmədiyindən hadisələr bu nöqtəyə çatıb.

Bu müstəvidə son dövrlərdə Birləşmiş Ştatların Ermənistan ilə yaxınlığı diqqət çəkir. Belə ki, mayın 21-də Ermənistan baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini hökumət binasında qəbul edib. Rəsmi məlumat verilib ki, həm Ermənistan-ABŞ münasibətləri, həm də beynəlxalq məsələlər müzakirə edilib. ABŞ dövlət katibi Antoni Blinken isə deyib ki, Ermənistana dəstəyimizi və bu ölkə ilə əməkdaşlığımızı gücləndirmək üçün daha nə edə biləcəyimizi müəyyən etmək məqsədilə İrəvandan gələn bir sıra sorğuları nəzərdən keçiririk. Buradan o anlaşılır ki, bütün proseslər kompleks şəkildə baş verir. Hazırda Vaşinqton Ermənistanda mövqelərini gücləndirməyə çalışır. Bunun üçün də Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ermənistana gələrək baş nazirə Rusiyanın hərbi bazalarını ölkədən çıxarmaqla bağlı təlimat verib. Kreml də nəzərə alır ki, Birləşmiş Ştatların İraqdan sonra ikinci ən böyük diplomatik korpusu İrəvanda yerləşir. Hətta səfirliyin işçilərinin sayının iki mindən çox olduğu deyilir. İstisna deyil ki, onların əksəriyyəti kəşfiyyatçılardır. Yəni Mərkəzi Kəşfiyyat İdarəsi səfirlik adı ilə regiona yerləşib. İndi də onların aktivləşməsinə Moskva səssiz qala bilməzdi. Odur ki, bu gün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkini məsləhətləşmələr üçün çağırması təəccüblü deyil.

Rusiyanın bu addımı Paşinyan iqtidarına xəbərdarlıq və ya təzyiq üsulu kimi də qəbul oluna bilər. Yəni deyə bilərik ki, Ermənistanı çox ciddi və nəticələri fəlakətə gətirib çıxara biləcək ssenarilər gözləyir. İrəvan rəhbərliyi anlamalıdır ki, Qərbin ikili standartları dünyanın heç bir ölkəsinə sülh və firavanlıq gətirməyib. Ənənəvi olaraq bu dəfə də itirən yalnız Ermənistan olacaq. Paşinyan hökumətinin davamlı sülh, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası əvəzinə, Qərbin maşası olmağa üstünlük verməsi öz sonunu gətirəcək.

Bununla belə, Sergey Kopırkinin Moskvaya qayıtması iki ölkə arasında gələcək münasibətlərin gedişatını müəyyən etmək üçün mühüm dönüş nöqtəsi ola bilər. Görünən odur ki, bundan sonra tərəflərin arasında hansı proseslərin baş verəcəyi Kremlin Cənubi Qafqaz regionunda öz təsirini saxlamaq cəhdləri ilə Ermənistanın xarici siyasət strategiyaları arasında balansın qorunmasından asılı olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".