Ərazilərin minalardan təmizlənməsi prioritetdir
Siyasət

Ərazilərin minalardan təmizlənməsi prioritetdir

İkinci Qarabağ müharibəsində tarixi zəfərlə torpaqlarımız işğaldan azad ediləndən sonra bir daha bəlli oldu ki, bu ərazilərdə böyük miqyasda minalanma həyata keçirilib.

Müharibədən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, mina problemi hələ də öz aktuallığını saxlayır. Qələbədən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi prosesinə başlanmasına, bu istiqamətdə çoxsaylı tədbirlər görülsə də, mütəmadi olaraq mina partlayışları nəticəsində insanların həlak olma faktlarında artım müşahidə olunur.

Mayın 21-də Tərtər rayonunun Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb. Qeyd olunub ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətdən hadisə yerində həyatını itirib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. Bu kimi bədbəxt hadisələrin qarşısının alınması üçün Ermənistan tərəfinin Azərbaycana mina xəritələrini təhvil verməsi vacibdir. Çünki qələbəmizin rəmzi olan üçtərəfli Bəyanatda da minalanmış ərazilərin dəqiq xəritəsinin təqdim olunması öz əksini tapıb. Hələ də dəqiq mina xəritələrini təqdim etməyən Ermənistan yaralanan və ya həlak olan hər bir mülki vətəndaşımıza və hərbçilərimizə görə cavab verməlidir. Əfsuslar olsun ki, Ermənistanın bu cür davranışları beynəlxalq ictimaiyyət tərəfindən gözardı edilir, terrorçu ölkəyə qarşı heç bir sanksiya tətbiq olunmur. Bu səbəbdən, beynəlxalq dəstəyi gücləndirmək, mövcud reallıqları faktlarla dünya ictimaiyyətinə təqdim etmək mühüm əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, bu günədək baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların da minalarla çirkləndiyini görmək mümkündür. İkinci Qarabağ müharibəsindən sonra qeydə alınan mina qurbanlarının əksəriyyəti də keçmiş təmas xəttindən kənarda baş verən partlayışlar nəticəsində həlak olub, yaxud müxtəlif dərəcədə bədən xəsarətləri alıb. Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması insanlıq əleyhinə törədilən cinayətdir.

 Ermənistan tərəfi bir neçə ay öncə işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim etmişdi. Amma bu, beynəlxalq ictimaiyyətin fikrini yayındırmağa xidmət edirdi. Kəlbəcər rayonunun Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarət formulyarlarda məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunmuşdu. Halbuki normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar öz əksini tapmalıdır. Beləliklə, həmin formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilmişdi.

Erməni terrorçuları 30 il torpaqlarımızı işğal altında saxlamaqla kifayətlənməyib, ərazilərimizi xarabalığa çevirib, həmin bölgələrin infrastrukturunu məhv edib, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrimizin yerləşdiyi məkanları, qəbiristanlıqları, əkin sahələrini belə minalayıblar. Bununla da Ermənistan tərəfi ərazilərimizdə bir milyondan çox mina basdırıb. Məhz bu səbəbdən ölkəmiz bu gün dünyada mina ilə ən çox çirklənmiş dövlətlər sırasındadır.

Hazırda düşmən tapdağından təmizlənmiş torpaqların minalardan təmizlənməsi prosesi sürətlə davam edir. "İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdışa dair I Dövlət Proqramı"nda ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin 2026-cı ilə qədər davam etdirilməsi planlaşdırılır. Həmin ilin sonuna qədər  280 min hektar ərazi minalardan təmizlənmiş olacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".