Ermənistan və havadarlarının “TIR şousu
Gündəm

Ermənistan və havadarlarının “TIR şousu" bitdi

Ermənistanın Qarabağın erməni əhalisini "humanitar blokadadan xilas etmək" üçün 26 iyul tarixində göndərdiyi 400 ton "humanitar yardım" daşıyan TIR-lar Laçın istiqamətindən geriyə qayıdıb. İki aylıq gözləmədən sonra Ermənistana məxsus "Spayka" şirkətinin 19 TIR-dan əlavə, Fransanın göndərdiyi 2 yük maşını da geri göndərilib.

"Laçın istiqamətində gözləyən 21 yük maşını" əməliyyatının pozulmasında rəsmi Bakının Ağdam-Xankəndi yolundan istifadə təklifinin rolu böyük oldu. Bununla da Azərbaycan növbəti dəfə Ermənistanın qarayaxma siyasətini ifşa etdi, "humanitar böhran", "Qarabağ ermənilərinin blokadası" kimi dezinformasiyaları tamamilə fiaskoya uğratdı. Ölkəmiz həm ermənipərəst qüvvələrə, həm də separatçıları dəstəkləyən qərb dairələrinə yerini göstərmiş oldu.

Əslində, avropalı emisarların ermənilərlə birgə hazırladığı "humanitar yüklü karvan" ideyası hələ 2020-ci ildə, 44 günlük müharibə dövründə iflasa uğramışdı. Həmin dövrdə Köçəryanın "Spayka"sı Rusiyadan Ermənistana qanunsuz silah daşımaqla məşğul olmuşdu. 2020-ci il oktyabrın 10-da Gürcüstan Ermənistanla sərhəddə "Spayka"nın silah dolu yük avtomobillərini saxlamışdı. "Spayka" şirkətinin yükləri mənzilbaşına çatmamışdı. Bu hadisədən 3 il sonra, bu il iyulun 26-da isə həmin TIR-lar yenidən ortaya çıxdı. Amma bu dəfə də Laçın yoluna göndərilən 19 TIR-ın aqibəti əvvəlkindən fərqli olmadı.

Ermənistanın "Spayka" fitnəsindən danışarkən, məsələyə bir qədər geniş aspektdən baxmaq lazım gəlir. Belə ki, bu sözü rus dilindən tərcümə etdikdə "bitişmə" mənasını verir. Xatırlamaq lazımdır ki, 1980-ci illərin sonları, 90-cı illərin əvvəllərində də ermənilər Qarabağdakı təxribatlarına "miatsum" şüarı ilə başlamışdılar. Heç də təsadüfi deyil ki, bu söz erməni dilindən tərcümədə "birləşmə" mənasını verir. Yəni deyə bilərik ki, Ermənistan Laçın yoluna TIR-ları göndərəndə hadisələrin axarını 30-35 il öncəyə qaytarmağa cəhd etmişdilər. Amma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il mayın 28-də Laçında olarkən Qarabağ ermənilərinə müraciətində həm İrəvan rəhbərliyinə, həm də artıq ləğv olunan Qarabağ separatçılarına son sözünü demişdi: "Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə".

Əslində, Paşinyan hökuməti və Qarabağdakı separatçı rejim bu sözlərdən dərs çıxarmalı idi. Amma bunu etmədilər, əksinə, hər cür hiyləyə əl atdılar. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu. Ermənistanın apardığı məqsədyönlü və planlı terror siyasətinə ölkəmiz adekvat cavab verməyə məcbur oldu. Sentyabrın 19-da Azərbaycan üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi bir gün sonra isə Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciəti nəzərə alınaraq tam atəşkəs haqqında razılaşma əldə olundu, lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Bu mənada nəzərə almaq lazımdır ki, Laçın yolunda gözləmədə olan TIR-ların da geri qaytarılması 24 saatlıq antiterror tədbirlərində əldə olunan uğurun məntiqi davamıdır.

Jalə QASIMZADƏ,

"Respublika".