Ətraf mühitin mühafizəsi, bərpaolunan enerji, “yaşıl” hədəflər
Ekologiya

Ətraf mühitin mühafizəsi, bərpaolunan enerji, “yaşıl” hədəflər

Artıq planetimizdə iqlim dəyişmələrinin yaratdığı fəsadlarla bərabər, süni zəkadan, robotlardan danışılır, bir sözlə, texnologiyaların yeni erası başlayır, sivilizasiya pik həddə çatır, kosmos müharibələri dünyanı təhdid edir.

İnsanın yaratdıqları həm də ətraf mühitin çirklənməsinə, təbiətin ahənginin pozulmasına, yaşıllıqların sıradan çıxmasına səbəb olur. Qlobal iqlim dəyişmələri, torpaqların səhralaşması və içməli su çatışmazlığı, ərzaq qıtlığı dünyanın başı üzərində həyəcan təbili çalır. Udduğumuz hava, içdiyimiz su, yediyimiz qida gündən-günə keyfiyyətini itirir və ya geni dəyişdirilir, ətrafa atılan tullantılar, zəhərli maddələrin fəsadları insanlığa qarşı təhlükə yaradır. Beynəlxalq güclər bütün bu bəlalara qarşı birləşir, dünyanın yeni düzəninin qurulması üçün çabalar göstərilir, inkişafa, tərəqqiyə meyillər artır.

Sözsüz ki, davamlı inkişafın təməlində yaşadığımız dünyanın iqtisadi və sosial rifahı dayanır. Təsadüfi deyil ki, bu gün bütün dünya ölkələri məhz dayanıqlı inkişafa nail olmağa çalışırlar. Qeyd edək ki, dünyada enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə olunur. Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir.

Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbul edilməsidir. Qarabağ və Şərqi Zəngəzur zəngin meşə örtüyü, qiymətli ağacları, nadir bitkiləri ilə əsl cənnəti xatırladırdı. Təəssüf ki, 1990-1993-cü illər ərzində Ermənistan ordusu havadarlarına arxalanaraq həmin əraziləri işğal etdi və təxminən yüz minlərlə hektar meşə fondu qəsbkarların, "vəhşi qəbilə"nin əlinə keçdi. Mütəxəssislərin qənaətinə görə, vaxtilə işğal altına düşən ərazilərdə düşmən qəsdən yanğınlar törədərək 100 min hektar otlaq, biçənək, yaşıllıq və meşə sahələrini məhv edib, torpağın üst münbit qatını yararsız hala salıb. 13197,5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol, o cümlədən Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqları kimi qorunan ərazilərdə "Qırmızı kitab"a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növü məhv edilib. Ümumiyyətlə, su ehtiyatlarının çirkləndirilməsi, meşələrin yandırılması üçün ermənilər, hətta döyüşlər zamanı qadağan olunmuş fosfor bombalarından istifadə ediblər. Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində təxminən, 110 min hektar ərazi sıradan çıxıb. Düşmən bu cənnət yerləri ölü zonaya çevirməyə cəhd göstərib, goreşən kimi torpaqları eşələyib, nadir ağacları kəsib, bütün canlılara qarşı soyqırımı həyata keçirib. İşğal dövründə erməni faşistlər Qarabağ və Şərqi Zəngəzurun təbiətinə qəsd ediblər.

Ermənistanın təxminən 30 il davam etmiş və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmuş işğalçı siyasəti nəticəsində meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi Cənubi Qafqazda ekoloji tarazlığı pozub. Qarabağ və Şərqi Zəngəzurda ətraf mühitin deqradasiyası o qədər maneəsiz şəkildə baş verib ki, hətta Ermənistanın daxilindəki bəzi təşkilatlar belə bu məsələyə etiraz ediblər. Meşə örtüyü, su hövzələrinin sıradan çıxarılması, qanunsuz istismar edilən mədən tullantıları və atmosferin çirklənməsi yaşıl torpaqlarımızı səhraya çevirib.

 İşğaldan əvvəl Qarabağ ərazisində 160 min hektara yaxın meşə ərazisi olub. Lakin Ermənistanın apardığı ekoterror nəticəsində 30 il ərzində meşə örtüyü tamamilə azalıb. Kəsilən ağaclar isə müxtəlif məqsədlər üçün istifadə edilib. Erməni vandallığını sübut edən faktlardan biri də keçmiş sovet dövründən xüsusi qorunma statusu olan unikal təbiət abidələri siyahısına daxil edilmiş minillik qədim ağacların qəsdən kəsilməsidir. Belə ki, aparılan monitorinqlərin nəticələrinə görə, Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarlarının məhv edildiyi müəyyən olunub. Mütəxəssislər hesab edirlər ki, bu ağacların yerində bitən 2 metrə qədər pöhrələr bu qədim çinarların bir neçə il əvvəl kəsildiyini təsdiq edir.

Ermənilər tərəfindən işğal olunmuş ərazilərdə 10 su anbarı ekoloji terrorun qurbanı olmuşdu. 500 milyon kubmetr tutumu olan Sərsəng su anbarı Aşağı Qarabağ ərazisində 100 min hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulmuşdu. Bununla belə, uzun müddət texniki xidmətin göstərilməməsi səbəbindən qəzalı vəziyyətdə idi ki, bu da regionun dağətəyi və mərkəzi aran ərazilərində yaşayan 400 min sakin üçün təhlükəni artırırdı. Erməni işğalı altında olduğu uzun illər ərzində Azərbayanın nəzarətindən kənarda qalan Qarabağda Ermənistan, iri əcnəbi şirkətləri tərəfindən qanunsuz dağ mədən sənayesi, bir qayda olaraq, xüsusi tənzimləmə tələb edən çox çirklənmiş tullantı hovuzlarının yaranmasına gətirib çıxarmışdı. 2016-cı il üzrə hesabatlarda təqdim olunan məlumatlara görə, həmin dövrdə Qarabağ ərazisindəki tullantı hovuzları milyonlarla ton ağır metal və digər təhlükəli maddələrlə dolu olub. Daha dəqiq desək, Ağdərə rayonu Heyvalı kəndi yaxınlığındakı filiz yatağında 3 tullantı hovuzu mövcud olub. Həmçinin Tərtər rayonunun Dəmirli mis-molibden yatağının istismarı nəticəsində tullantı hovuzunun sahəsinin genişlənməsi, eləcə də Çardaxlı kəndi ərazisində dağ-mədən fəaliyyəti nəticəsində meşələrin qırılması faktı qeydə alınıb. Ermənistanın 30 il ərzində Qarabağda törətdiyi vandalizm aktlarının saysız-hesabsız nümunələri mövcuddur. Təbii ki, Ermənistan bu bəşəri cinayətə görə cəzalandırılmalıdır.

Mütəxəssislərin qənaətinə görə, qlobal istiləşmə dünya ölkələrinə, o cümlədən Azərbaycana təsir edən aktual problemdir. Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan Xəzər dənizi sahilindən tutmuş dağlıq rayonlara qədər müxtəlif landşaftlara malikdir. Qlobal istiləşmənin respublikamıza təsiri getdikcə daha aydın görünür və iqtisadiyyat, ətraf mühit və cəmiyyət üçün problemlər yaradır. Ekoloqların fikrincə, qlobal istiləşmənin Azərbaycana əsas təsirlərindən biri iqlim modellərindəki dəyişikliklərdir. Ölkədə artan temperatur daha tez-tez isti dalğalarla və dəyişkən yağıntılarla müşahidə olunur. Bu dəyişikliklər kənd təsərrüfatına, su ehtiyatlarına və təbii ekosistemlərə təsir göstərir. Belə ki, yüksək temperatur və qeyri-müntəzəm yağıntılar iqtisadi itkilərə səbəb olur. Məlum olduğu kimi, Azərbaycanın enerji sektoru da qlobal istiləşmənin təsirlərinə həssasdır. Ölkə enerji hasilatı üçün əsasən qalıq yanacaqlara, xüsusilə neft və qaza əsaslanır. Dünya iqlim dəyişmələrini yumşaltmaq üçün aşağı karbonlu iqtisadiyyata keçdiyi bir vaxtda Azərbaycanda enerji mənbələrinin şaxələndirilməsi və istixana qazı emissiyalarının azaldılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Günəş və külək enerjisi kimi, bərpaolunan enerji mənbələrinə sərmayə qoymaq karbon izlərini azaltmağa və iqlim dəyişmələrinə davamlılıq yaratmağa kömək edəcək. Okeonoloqlar hesab edirlər ki, dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizi səviyyəsinin enməsi, sahil eroziyası və çirklənmə təhlükəsi ilə üz-üzədir. Bu dəyişikliklər dəniz biomüxtəlifliyinə, balıqçılıq və sahil icmalarına təsir göstərə bilər. Xəzər dənizinin və onun ekosisteminin qorunması ölkənin təbii irsinin qorunub saxlanılması və davamlı inkişafın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Tarixi qələbə nəticəsində azad edilmiş ərazilərdə qısa zamanda aparılan bərpa və quruculuq işləri Azərbaycanın "yaşıl siyasətini" bütün dünyaya nümayiş etdirir. "Ağıllı kəndlər", ekologiya nəzərə alınaraq salınan şəhərlər, bərpaolunan və alternativ enerji sahələrinin qurulması Azərbaycanın əsas hədəflərindəndir. Bu gün Qarabağ Cənubi Qafqaz regionunun "yaşıl paytaxtına" çevrilir. Bu siyasət isə noyabr ayında Azərbaycanda keçiriləcək COP29 iqlim zirvəsi timsalında yaşıl dünya naminə həmrəy olmağa çağırışdır. Qlobal istiləşmənin yaratdığı çağırışlara cavab olaraq Azərbaycanda iqlim dəyişmələrinin həlli və davamlı inkişafını təşviq etmək üçün mühüm addımlar atılır. Ölkəmiz Paris Sazişi kimi beynəlxalq müqavilələri ratifikasiya edib, istixana qazlarının emissiyalarını azaltmağı və iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşmağı öhdəsinə götürüb. Həmçinin qlobal istiləşmənin təsirlərini azaltmaq üçün bərpaolunan enerji layihələri, enerji səmərəliliyi tədbirləri və davamlı torpaq idarəçiliyi təcrübələrinə sərmayə qoyulur. Bu enerji layihələrinə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı işləri nümunə gətirmək olar. Hazırda Qarabağ və Şərqi Zəngəzur regionunun "yaşıl enerji zonası"na çevrilməsi yolunda layihələr icra olunur. Ekoloq alimlər hesab edirlər ki, təhsil və maarifləndirmə təşəbbüsləri Azərbaycanda iqlim dəyişmələrinə davamlılığın yaradılmasında əsas rol oynayır. Qlobal istiləşmənin təsirləri haqqında məlumatlılığı artırmaq və davamlı təcrübələri təşviq etməklə, fərdlər, icmalar və müəssisələr iqlim dəyişmələrinin azaldılmasına və gələcək nəsillər üçün ətraf mühitin qorunmasına töhfə verə bilərlər. İqlim baxımından məqsədyönlü siyasət həyata keçirmək, bərpaolunan enerji mənbələrinə sərmayə qoymaq, davamlı təcrübələri təşviq etməklə Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizəni davamlı etməyə çalışır. Buna baxmayaraq, istiləşmə, quraqlıq, su resurslarının azalması təhlükəli təbiət hadisələrinin artmasına mənfi təsir göstərir. Yağıntı prosesindəkı dəyişikliklər, su təchizatının azalması kimi məsələlər ciddi problemlər yaradır. İsti hava şəraitinin uzun müddət davam etməsi xəstəlikləri artırır. Ekosistemdəki dəyişikliklər isə turizm məkanlarının cəlbediciliyini azaldır. İqlim dəyişmələrinin qarşısını almaq üçün alternativ və bərpaolunan enerjidən istifadənin artırılması, ağac zolaqlarının, meyvə bağlarının salınması, təmiz texnologiyaların tətbiqi, enerji effektivliyinin və tullantıların idarə olunması kimi məsələlərin diqqətdə saxlanılması çox vacib və zəruridir. İqlim dəyişmələrinin qlobal səbəblərindən biri də əhalinin sayındakı artımdır. Nəzərə alsaq ki, hələ 80-ci illərdə Azərbaycan əhalisi 5 milyon idi və bu gün artıq 10 milyonu keçib, bu, həm də ətraf mühitə olan təsirin iki dəfə artması deməkdir.

Ekoloqların qənaətinə görə, Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə ölkəmizin ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Belə ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində orta illik temperaturun 1,1-1,30C artması müşahidə olunub. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır. Buna səbəb isə bu ərazilərdə aylıq yağış normalarının bir neçə gün ərzində düşməsi olmuşdur. 2003-2010-cu illərdə Kür və Araz çaylarının daşması nəticəsində kəndlər dağılmış, əkin sahələri və mal-qara tələf olmuşdur. Güclü küləklər nəticəsində elektrik və rabitə xətləri qırılmışdır. Müharibənin, erməni işğalının fəsadları Qarabağ və Şərqi Zəngəzurun təbiətinə ciddi zərbə vurub. Ona görə də bu bölgələrdə ekologiyanın bərpa edilməsi üçün ciddi tədbirlər görülür. İşğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən Şərq çinarı olmaqla ümumilikdə 2000-dək müxtəlif növ ağac əkilib, 200 kiloqramdan artıq palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda və digər ərazilərdə də davam etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı" adlı layihə həyata keçirilir.

Diqqətçəkən məqam odur ki, Qarabağ və Şərqi Zəngəzura hər dəfə səfər edəndə Prezidentimiz həmin torpaqlarda ağac tingləri əkir. Gələcək naminə icra olunan layihələr içərisində alternativ və bərpaedilən enerji mənbələrindən istifadə mühüm yer tutur. 2022-ci il 26 may tarixində isə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji layihəsi çərçivəsində 330 kV-luq "Cəbrayıl" Enerji Qovşağının təməli qoyulub və qısa müddət ərzində həmin qovşaq istifadəyə verilib. Bundan başqa, bu günlərdə Cəbrayıl rayonu ərazisində - Araz çayı üzərində yerləşən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyalarının açılış mərasimi keçirilib. İran dövləti ilə əldə edilmiş razılaşmaya əsasən, ümumi gücü 280 meqavat olan hər iki stansiyadan 716 milyon kVt/s elektrik enerjisi istehsal ediləcək ki, onun da 356 milyon kVt/s-ı Azərbaycanın payına düşəcək.

Biz qalib xalq olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağa və Şərqi Zəngəzura qayıtmışıq. Artıq bu yerlərdə bizim nəfəsimiz dolaşır, qollarımızı çırmalayıb düşmənin dağıtdığı yurd yerlərini dirçəldir, meşələri, yaşıllıqları bərpa edir, alternativ enerji mənbələri yaradırıq. Bu cənnət yerlərdə arzularımız baş qaldırır. Yeni əkilən tinglər Günəşə doğru can atdığı kimi, biz də işğaldan azad edilən torpaqlarımıza qayıtmağa tələsirik.

Salman ALIOĞLU,

"Respublika".