İkili standartların, saxtakarlığın ifşası istiqamətində səylər davam etdirilir
Siyasət

İkili standartların, saxtakarlığın ifşası istiqamətində səylər davam etdirilir

Qərbi Azərbaycan İcması və digər vətəndaş cəmiyyəti təşkilatlarının müraciəti BMT şuralarının rəsmi sənədləri kimi yayılıb

44 günlük Vətən müharibəsində qəhrəman oğullarımız min illərə söykənən qədim tariximizə sahib çıxdı, bu tarixə əl uzadan mənfur qüvvələrə layiq olduqları cavabı verdi. Əzəli yurd yerlərimiz işğaldan azad edildi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu gücünü, qüdrətini, yenilməzliyini bütün dünyaya sübut etdi. Xalqımız mübarizliyini, cəsurluğunu, bir qarış Vətən torpağı üçün minlərlə can verməyə qadir olduğunu böyük fəxarətlə nümayiş etdirdi. İkinci Qarabağ müharibəsində qazandığımız qələbə ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı,  xalqımızın qürurunu, mənliyini özünə qaytardı. Artıq 30 il işğal altında qalan yurd yerlərimiz müasirliklə tarixiliyin vəhdətində yenidən qurulur, yağı düşmənin viran qoyduğu yerlər gülüstana çevrilir və bir vaxtlar yurd yerlərindən didərgin salınmış vətəndaşlarımız uzun həsrətdən sonra doğma ocaqlarına qayıdırlar. Böyük Qayıdış hünərlə, qətiyyətlə, əzmlə reallaşdırılır.

Mənfur ermənilərin tarixi ərazilərimizdə özlərinə dövlət qurduqları, zaman-zaman soydaşlarımızı əzəli yurd yerlərində sıxışdırdıqları, deportasiyalara, soyqırımlarına məruz qoyduqları tarixi faktlarda təsdiqini tapır. Dünyanın hər yerindən soyu-kökü bilinməyən erməniləri ölkəmizin qərb torpaqlarında mərhələ-mərhələ yerləşdirən, zaman keçdikcə onları bu yerlərin sahiblərinə çevirən məlum qüvvələr bu gün də əməllərindən əl çəkmir, İkinci Qarabağ müharibəsində  qalibiyyətimizlə barışa bilmirlər. Lakin qüdrətli, güclü, müstəqil Azərbaycan 44 günlük müharibədə qazandığı qələbədən sonra Qarabağın keçmiş məcburi köçkünlərinin  tarixi torpaqlarına qayıdışını təmin etdiyi kimi, Qərbi azərbaycanlıların da vaxtilə zorla çıxarıldıqları doğma ocaqlarına  geri dönmələri istiqamətində məqsədyönlü siyasət yürüdür. Heç bir ölkənin ərazi bütövlüyünə toxunmayan, hər zaman sülhə, əmin-amanlığa, xalqların birgəyaşayışına böyük önəm verən dövlətimiz beynəlxalq hüququn norma və prinsipləri əsasında bu istiqamətdə mühüm işlər həyata keçirir.

Ötən əsrin sonlarında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə pozması, tarixi torpaqlarımızın 20 faizdən çox hissəsini işğal etməsi, bəşər tarixində misli görünməmiş qəddarlıqlar törətməsi nəticəsində bir milyondan çox soydaşımız qaçqına, köçkünə, yurd yerindən zorla çıxarılmış didərginə çevrildi. 1989-cu ildə bu qəbildən olan vətəndaşlarımızın poblemlərinin həlli ilə məşğul olan "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi yaradıldı və İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm qələbə gününə qədər öz missiyasını yerinə yetirdi. Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra isə Birliyin fəaliyyət istiqaməti dəyişdi. İndi vaxtilə Azərbaycan torpaqlarında qurulan Ermənistan Respublikası ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin  ictimai-mədəni birliyinə nail olunması istiqamətində fəaliyyət göstərən birlik  Qərbi Azərbaycan İcması adlanır və "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir.

Məhz azərbaycanlı olduqlarına görə ata-baba yurdlarından qovulan vətəndaşlarımızın və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə müdafiəsi, Ermənistan ərazisində xalqımıza məxsus mədəni irsin öyrənilməsi, düşmənin bu gün də  davam edən dağıdıcı əməllərinin qarşısının alınması və  beynəlxalq ictimaiyyətə çatdırılması, Qərbi azərbaycanlıların  doğma yurdlarına qayıdışının, birgəyaşayışın təmin edilməsi istiqamətində fəaliyyət göstərən İcmanın yeni Nizamnaməsi təsdiq olunmuş,  Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəlikləri yaradılmışdır. 1988-1991-ci illərdə ermənilər tərəfindən doğma evlərindən zorla çıxarılıb deportasiya edilən  azərbaycanlılar barədə  faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurum olan  Qərbi Azərbaycan İcmasında   50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanmış və bu istiqamətdə  işlər davam etdirilir. Təşkilatda Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısı hazırlanır.

Ötən il dekabr ayının 24-də Prezident İlham Əliyev  Qərbi Azərbaycan İcmasının inzibati binasında  Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə  soydaşlarımızın əzəli yurd yerlərinə qayıdacaqlarına əminliyini  ifadə edərək demişdir: "Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Qayıdış prosesini dialoq yolu ilə reallaşdırmaq üçün İcma məqsədyönlü fəaliyyət göstərir,  Qərbi azərbaycanlıların qayıdış prosesi və qayıdışdan sonrakı mərhələdə fərdi və kollektiv hüquqlarının beynəlxalq mexanizm çərçivəsində  təmin edilməsinə  ciddi səy göstərir. Belə ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaları üzrə dialoqa başlamaq məqsədilə Ermənistanın Baş naziri Nikol Paşinyana, eyni zamanda bu məsələ ilə bağlı  Ermənistanın dialoqda iştirakını təşviq etmək çağırışı ilə BMT-nin  Baş katibinə məktub ünvanlamışdır. BMT-nin Katibliyi İcmanın sözügedən məktublarını Baş Assambleyanın, Təhlükəsizlik Şurasının və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yaymışdır. İyul ayının 28-də  Qərbi Azərbaycan İcması və ölkəmizdə fəaliyyət göstərən digər vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın  uzun illər ərzində apardığı işğalçılıq, etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıların başlarına gətirilən müsibətlərə, soyqırımlarına, misli görünməmiş faciələrə beynəlxalq müstəvidə ikili yanaşma, ayrı-seçkilik göstərilməsi ilə bağlı müraciəti də bu günlərdə BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayılıb.

Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni saxtakarlığının ifşası, erməni millətçilərinin beynəlxalq hüquq müstəvisində cəzalandırılması, soydaşlarımızın qayıdış hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərən Qərbi Azərbaycan İcması  Ermənistanı  bir daha beynəlxalq hüquq normaları çərçivəsində insan haqlarına hörmətlə yanaşmağa, əzəli yurd yerlərindən qovulmuş Qərbi azərbaycanlıların  qayıdış hüquqlarını təmin etməyə, onların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına imkan yaratmağa çağırıb. Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunması missiyasını həyata keçirən Qərbi Azərbaycan İcması ikili standartların və riyakarlığın ifşası istiqamətində səylərini  davam etdirir.

Mehparə ƏLİYEVA,

"Respublika".