Mədəni bağların təcəssümü
Mədəniyyət

Mədəni bağların təcəssümü

Mayın 25-də Qazaxıstanın Nazarbayev İntellektual Məktəbinin müəllim və şagirdlərindən ibarət nümayəndə heyəti Bakı şəhəri Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə qonaq olublar.

Bu münasibətlə təhsil ocağında təşkil edilən tədbirdə torpaqlarımızın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin xor kollektivinin ifasında Azərbaycan və Qazaxıstan Respublikalarının dövlət himnləri səsləndirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov Qazaxıstanla əlaqələrin, mədəni bağların, səmimi münasibətlərin bundan sonra da yüksək səviyyədə davam edəcəyini bildirib. Milli Olimpiya Komitəsinin (MOK) Olimpiya mədəniyyəti və təhsil proqramı (OCEP) layihəsi üzrə ekspert qrupunun rəhbəri Namiq Cəfərov isə deyib ki, ötən il noyabr ayında 36 nömrəli tam orta məktəb Qazaxıstanda Azərbaycanı layiqincə təmsil etmişdir.

Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin direktoru Gülnarə Cəfərova bildirib ki, bu gün biz xalqımızın mənəviyyatını əks etdirən ən gözəl xüsusiyyətləri qazaxıstanlı nümayəndələrə təqdim etdik. Nazarbayev İntellektual Məktəbinin nümayəndələri Qazaxıstanda Azərbaycanın milli vitrinini yaradacaqlarını bildiriblər. Sonra məktəbin şagird kollektivi tərəfindən maraqlı səhnəciklər nümayiş olunub, milli musiqilər səsləndirilib. Nazarbayev İntellektual Məktəbinin şagirdləri sazda Qazaxıstanın milli musiqi nümunələrini ifa ediblər. Daha sonra OCEP əməkdaşları tərəfindən Qazaxıstanlı qonaqlara hədiyyələr təqdim olunub, sülh rəmzi olan göyərçinlər səmaya buraxılıb.

Qeyd edək ki, 36 nömrəli tam orta məktəb MOK-un OCEP layihəsinin ən fəal iştirakçılarından biridir. İlkin olaraq Avropanın 49 məktəbində həyata keçirilən Proqram artıq dünyanın bir çox ölkələrində tanınır.

Nəzrin ELDARQIZI,

"Respublika".