Ölkəmiz regionda sülh və sabitliyin tərəfdarıdır
Digər xəbərlər

Ölkəmiz regionda sülh və sabitliyin tərəfdarıdır

Azərbaycan dövləti regionda sülhün və sabitliyin bərqərar olması üçün səylər göstərir, beynəlxalq məkanda Cənubi Qafqazın inkişaf dinamikasını artıran faktor rolunu oynayır. 30 ilə yaxın bir dövr ərzində işğalçı Ermənistan regionda destabil vəziyyət yaratmışdır. BMT-nin qəbul etdiyi 4 qətnamənin icra edilməməsi, xüsusilə qərb dairələrinin ikili standartları təcavüzkar Ermənistanı daha da şirnikləşdirmiş, "yeni ərazilər uğrunda, yeni müharibələr" şüarı altında növbəti qəsbkarlıq planını icra etməyə cəhd etmişdir. Artıq Azərbaycan regional lider statusuna malik qüdrətli bir dövlətə çevrilmişdir. Bunun nəticəsidir ki, 44 gün ərzində düşmənin məğlubedilməzlik mifi darmadağın edildi, Ermənistan "Dəmir yumruq"dan öz payını aldı. İndi Ermənistan üçün tək yol sülh yoludur. Küncə sıxışmış haylar havadarlarının əli ilə yenidən dirçəlməyə çalışsalar da, bu, mümkün olmayacaq.

İndiki reallıqda qərbin sülh prosesində fəallığı xüsusilə diqqət çəkir. Rusiya ilə qərbin güc savaşında Cənubi Qafqazda sülhün məhz sözügedən dairələrin vasitəçiliyi ilə bərqərar olması ehtimalı çoxdur. Lakin Prezident İlham Əliyevin vurğuladıyıb ki, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir.

Milli Məclisin deputatı Naqif HƏmzƏyev Cənubi Qafqazda sülhün təmin edilməsi ilə bağlı fikirlərini bildirdi: "Biz 30 ilə yaxın müddət ərzində beynəlxalq ictimaiyyətin ikili standartlarının şahidi olmuşuq. ATƏT-in keçmiş Minsk qrupu, Avropa İttifaqı və yaxud digər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına real töhfələr verməyiblər və çox təəssüflər olsun ki, əksinə, biz Ermənistan tərəfinə heç bir təzyiqin göstərilmədiyinin şahidi olduq. Məhz 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə BMT-nin dörd qətnaməsi icra edildi və işğal altında olan ərazilərimiz azad olundu. Beynəlxalq ictimaiyyət anladı ki, Azərbaycan həqiqətən də bu problemi həll etmək iqtidarındadır. Onlar anladılar ki, cənab Prezidentin beynəlxalq platformalarda səsləndirdiyi fikirlər yalnız sözdən ibarət deyil və Azərbaycan dediyi sözləri reallaşdırır.

ATƏT-in keçmiş Minsk qrupunun fəaliy

yətinin Azərbaycan tərəfindən qəbul edilməməsi Avropaya və xüsusilə də Qərb dairələrinə bir mesaj oldu. Ukrayna-Rusiya münaqişəsi fonunda ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyət göstərməsinin də real olmayacağını anlayan tərəflər fərqli ərazilərdə və fərqli vasitəçilərin iştirakı ilə bu münaqişənin həllinə öz töhfələrini vermək və güc nümayiş etdirmək istəklərini ortaya qoydular. Azərbaycan həm Rusiyanın, həm Avropa İttifaqının, həm də Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə keçirilən bütün görüşlərdə öz mövqeyini qəti şəkildə bildirib və faktiki olaraq dövlətimizin mövqeyi məkanlar, vasitəçilər dəyişsə də sabit qalır. Azərbaycan regionda uzunmüddətli və dayanıqlı sülhün əldə edilməsini istəyir. Ermənistan üçün bu, əla bir şansdır. Çünki Azərbaycan qalib ölkə olsa da, ancaq sülh yolunu tutdu və Ermənistana heç bir ərazi iddiası irəli sürmür, yalnız uzunmüddətli və dayanıqlı sülhün təmin olmasını, sərhədlərin delimitasiyası və demarkasiyasının ədalətlə həyata keçirilməsini istəyir. Necə ki, erməni əsilli əhali Azərbaycan ərazilərində yaşayırsa, azərbaycanlıların da öz dədə-baba torpaqlarında yaşamaq hüquqlarının bərpa olunmasını tələb edir. Naxçıvanla Azərbaycan arasında quru əlaqələrinin və kommunikasiyalarının yaradılmasına çalışır. Bir sözlə, Azərbaycan Cənubi Qafqazda sülhü təşviq edir.

Danılmaz faktdır ki, Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları daha çevik şəkildə həyata keçirilir. Xüsusilə, Brüssel sülh gündəliyi çərçivəsində Ermənistan tərəfi - Nikol Paşinyan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Ancaq təəssüflər olsun ki, bu ifadələr yalnız sözdən ibarətdir. Ermənistan hakimiyyəti və sülhü istəməyən erməni havadarları hələ də separatçıları dəstəkləyirlər. Müxtəlif ssenarilər əsasında şoular yaradır və sülhə mane olurlar. Lakin istənilən halda Azərbaycan sülhə nail olacaqdır. Əks təqdirdə, Ermənistanı nəyin gözlədiyini həm Avropa, həm Rusiya, həm də ABŞ çox gözəl anlayır. Bu baxımdan, onlar da Ermənistanı Azərbaycanla sülhə bir növ məcbur etmək arzusundadırlar".

Nurlan ABDALOV,

"Respublika".