Vətənə və xalqa xidmət nümunəsi
Gündəm

Vətənə və xalqa xidmət nümunəsi

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə ölkəmizin Prezidenti seçilməsi "Xalq-Heydər, Heydər-Xalq" deyiminin növbəti təzahürü idi

Ulu Öndər 1998-ci il oktyabrın 11-də Azərbaycanda keçirilən növbəti prezident seçkilərində 76,1 faiz səs toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Azərbaycan xalqının Heydər Əliyevə ikinci dəfə böyük etimad göstərməsinin arxasında bir sıra ciddi məqamlar dayanırdı. Hələ ötən əsrin 90-cı illərində ölkəmizdə siyasi cəhətdən mürəkkəb vəziyyət hökm sürürdü. Amma bütün bunlara baxmayaraq, Heydər Əliyevin rəhbərliyə qayıdışı Azərbaycanda köklü dəyişikliklərin baş verməsinə gətirib çıxardı. Ümummilli Lider ölkəmizin inkişaf strategiyasını müəyyən etməklə yanaşı, inkişafın Azərbaycan modelini formalaşdırdı. Heydər Əliyev respublikamıza rəhbərliyi dövründə daim Azərbaycanın tərəqqisinə ölkəsini bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmağa nail olmuşdur.

1993-cü ildə baş tutan prezident seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi hesab edilirsə, 1998-ci il seçkiləri isə artıq Ümummilli Liderin müəyyənləşdirdiyi dövlətçilik xətti ilə formalaşan müstəqil dövlətimizin gələcək inkişafının yeni mərhələsi kimi qiymətləndirilir. Xalqın Heydər Əliyevi seçmək üçün çoxlu sayda arqumenti var idi. 1993-cü ilin yayında Azərbaycan xalqını qardaş qırğınından, dövləti isə məhv olmaqdan xilas etmiş Heydər Əliyevin növbəti dəfə Prezident seçilməsi zamanın tələbi idi.

Tarixdə silinməz izlər qoyan dahi liderin ömür yolunu dərindən analiz etdikdə, ölkəmizdə cərəyan etmiş ictimai-siyasi proseslərə yenidən baxılması, onların nəticələrinin dövlətçilik və azərbaycançılıq məfkurəsi üçün tarixi əhəmiyyəti və rolunun gələcək nəsillər tərəfindən öyrənilməsinin vacibliyi getdikcə artır. Heydər Əliyevin mənalı həyat yolu, çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ölkə tarixinə diqqət yetirsək, Azərbaycanın Ulu Öndərin fəhmi, əyilməz qətiyyəti, polad iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə məhz intibah və milli şüurun oyanışı başlamış, dövlət müstəqilliyi məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.

Hələ uzun illər ölkəmizin imperiya idarəçiliyinin siyasi və ideoloji təzyiqinə məruz qalmasına baxmayaraq, xalqımız dilini və dinini qorumuş, milli mədəniyyətini inkişaf etdirmişdir. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycan böyük quruculuq və yaradıcılıq mərhələsinə, həyatın bütün sahələrində sürətli inkişaf və tərəqqi yoluna qədəm qoymuşdur. Dahi liderin təşəbbüsü ilə milli kadr korpusunun yaradılması və mühüm vəzifələrə yerləşdirilməsi, dövlət idarəçiliyi təsisatlarının möhkəmləndirilməsi, elm, təhsil, sənaye, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafı ilə əlaqədar həyati vacib qərarlar verilmiş və əməli tədbirlər görülmüşdür. Ümummilli Liderin rəhbərliyi dövründə minlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının aparıcı dövlət idarəetmə məktəblərinə, elm və təhsil ocaqlarına göndərilmiş və qabaqcıl sənaye istehsalı sahələri ilə bağlı ixtisaslara yiyələnmişdir. Bu dövrdə milli gəlir, sənaye və kənd təsərrüfatında ümumi məhsulun həcmi dəfələrlə artmış, iqtisadiyyatın inkişaf etdirilməsinə əsaslı vəsait qoyulmuş, yüzlərlə iri zavod və fabrik tikilib istismara verilmişdir. Xalqın bu seçimi Azərbaycanın mütərəqqi inkişafının nəticəsi idi. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin Heydər Əliyev tərəfindən işlənib hazırlanması müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

1995-ci ildə qəbul olunmuş ilk Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasını qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Heydər Əliyevin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə düşüb.

Heydər Əliyevin son dərəcə gərgin fəaliyyəti nəticəsində Azərbaycan xalqının taleyində pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı. Sonrakı mərhələdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

1993-1998-ci illər ərzində Ulu Öndər Heydər Əliyev tərəfindən ordu quruculuğu məsələləri ilə bağlı 109 müşavirə, iclas və görüş keçirilmişdi. Həmin tədbirlərdə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qarantı olacaq möhkəm ordu formalaşdırılmasının ən müxtəlif məsələləri və vəzifələri müzakirə edilmiş, verilmiş qərarlar Müdafiə Nazirliyinin və digər müvafiq dövlət strukturlarının fəaliyyətinin əsasını təşkil etmişdi. Ordu quruculuğu məsələlərinə dövlət rəhbərliyinin qayğı və tələbkarlığının artırılması, bu istiqamətdə görülən işlərin sistemləşdirilməsi və təkmilləşdirilməsi Silahlı Qüvvələrin formalaşmasına da müsbət təsir göstərirdi.

Ulu Öndər Heydər Əliyevin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı ilə 21 min hektar ərazi işğaldan azad edildi. Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ümummilli Lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Ulu Öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Nurlan ABDALOV,

 "Respublika".