Yollar dirçəlişə, firavan həyata bələdçidir
İqtisadiyyat

Yollar dirçəlişə, firavan həyata bələdçidir

İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun bölmələri igidliklə, cəsarətlə, şərəflə döyüşərək ermənilər tərəfindən dağıdılan, yandırılan, xarabalığa çevrilən kəndlərə, qəsəbələrə, şəhərlərə daxil oldu və şəhid qanı ilə suvarılan yurd yerlərinə üçrəngli Azərbaycan bayrağını sancdılar. İşğaldan azad edilən yerlərdə düşmən demək olar ki, bütün evləri, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, mədəniyyət ocaqlarını, yolları dağıdıb. Qarabağ və Şərqi Zəngəzurda insanı dəhşətə gətirən xarabalıqlar düşmənin qəddarlığından, faşizm xislətindən xəbər verir.

Tarixi qələbədən sonra Azərbaycan on min kvadratkilometrlik bir xarabalıqla üz-üzə qaldı. Həyat və uğur düsturunu, qələbə dastanını yazan lider İlham Əliyevin ilk tapşırığı yolların çəkilməsi ilə bağlı oldu. Hazırda azad edilən ərazilərdə onlarla yol infrastrukturu qurulur, istifadəyə verilir, körpülər tikilir, Qarabağ və Şərqi Zəngəzurun yolları sanki qan dövranı kimi tənzimlənir. Keçmiş məcburi köçkünlər bu rahat və müasir yollarla doğma yurd yerlərinə qayıdırlar. Dövlət başçısının tapşırığına əsasən icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Ağdam-Əsgəran avtomobil yoludur. Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (Ağdam şəhərinin dairəvi yolu) və uzunluğu 18 km olan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir. Bunun üçün tikinti aparılan əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub. Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlifölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası da aparılır. Avtomobil yolunun tikintisinin başa çatdırılması imkan verəcək ki, Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyənlər Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz şəkildə hərəkətlərinə davam etsinlər. Onu da qeyd edək ki, Əsgəran avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir.

İndi yurdumuzun dilbər guşələrinə, ana təbiətin gözəllikdən don biçdiyi, buz bulaqları, yaylaqları ilə adamı ovsunlayan yurd yerlərinə yeni yollar çəkilir, dağların altından keçən tunellər tikilir. Bu da bütün fəsillərdə həmin yollardan istifadə etməyə imkan verəcək. Mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrdən digəri, Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yoludur. Uzunluğu 80 km, hərəkət hissəsinin eni 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı ikinci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Çətin relyefə malik dağlıq ərazidən keçən hissələrdə torpaq yatağının genişləndirilməsi, qaya tipli süxurların mexanizmlə kəsilməsi, layihə eninin alınması üçün qayaların partladılması üsulundan istifadə olunur. Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri də davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.

Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri başa çatdırılıb. Digər iki - 540 və 300 metr uzunluğunda olan ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.

Mayın 10-da Prezident İlham Əliyev ən böyük infrastruktur layihəsi olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş ümumi uzunluğu 6747 metr olan birinci tunelin açılışını edib. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Yolboyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır. Layihə üzrə nəzərdə tutulmuş və ümumi uzunluğu 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-da qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir. Yeri gəlmişkən qeyd edək ki, ötən ildən Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər (uzunluğu 80 km), Ağdərə-Ağdam (35,5 km), Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən yol (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Cari ildə isə bu bölgədə Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km), Tərtər-Ağdərə (24,2 km) və Füzuli-Xocavənd-Ağdam (55,7 km) avtomobil yolları yenidən qurulacaq. 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2 229 km təşkil edən 20 avtomobil yolu layihəsinin yerinə yetirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən bu yol infrastrukturu modern səviyyədə reallaşır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası uğurla davam etdirilir. Ötən il ərzində tikintisi aparılan uzunluğu 66,4 km təşkil edən 39 avtomobil tunelindən, 18-də qazma işləri başa çatdırılıb. Kifayət qədər böyük maliyyə vəsaiti hesabına, həm də yolçəkənlərin, körpüsalanların zəhməti sayəsində yeni, müasir və rahat yollar bizi yurd yerlərinə, gələcəyə, daha xoş günlərə aparır. Keçmiş məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı yeni inşa edilən yollardan başlayıb.

Salman ALIOĞLU,

"Respublika".