ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI CƏNUBİ QAFQAZI DÜNYANIN MÜHÜM LOGİSTİK MƏRKƏZİNƏ ÇEVİRƏCƏK
Digər xəbərlər

ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI CƏNUBİ QAFQAZI DÜNYANIN MÜHÜM LOGİSTİK MƏRKƏZİNƏ ÇEVİRƏCƏK

Zəngəzur dəhlizi logistika cəhətdən əhəmiyyət kəsb edən ən mühüm problem kimi yalnız Azərbaycanın deyil, dünyanın diqqət mərkəzindədir. Zəngəzur dəhlizi Mərkəzi Asiyanı, Xəzər regionunu, Azərbaycan və Ermənistanı Türkiyədən keçməklə Avropa ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik, geniş dəmiryol şəbəkəli dəhliz olacaqdır.

Dəhliz yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyət kəsb etməklə kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Dəhliz Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Türk dövlətləri strateji və iqtisadi baxımdan, ən əsası uzun illərdən sonra Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. O, bütün regional ticarətə müsbət təsir edəcək, Çindən başlamış Böyük Britaniyaya qədər 14-dən artıq dövlət arasında ticarət əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacaq. Çindən Avropaya dənizlə göndərilən yüklər orta hesabla 36 günə, bugünkü siyasi məsələlər olmasa, Trans-Sibir marşrutu ilə 20 günə, 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu-Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi də deyilir) ilə isə cəmi 12 günə çatdırılır. Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində bildirib: "Biz həmin yolun təkmilləşdirilməsi işlərinə artıq bir neçə ay bundan əvvəl başladıq və nəticədə, həmin marşrutla əvvəlcə nəzərdə tutulduğundan beş dəfə artıq yüklər daşına biləcək". Azərbaycandan keçən Orta Dəhliz geostrateji reallıqlar baxımından Avropa ilə Asiya qitəsini birləşdirən ən qısa, təhlükəsiz, ucuz və rahat marşrutdur.

Azərbaycan Prezidenti vurğulayıb ki, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir: "Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun".

Bu il mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlərdən sonra mətbuata bəyanatla çıxış edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın cənubundan keçməklə Azərbaycan və onun Naxçıvan ərazisi arasında əlaqə məsələsində də irəliləyişin olduğunu bildirib və qeyd edib ki, tərəflər Naxçıvandan keçən dəmiryolu əlaqələrinin yenidən açılması məsələsində bir-birinə çox yaxınlaşıblar. İşçi qruplarına dəmiryolu əlaqələrinin açılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb.

Bu il iyul ayının 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin müzakirə olunduğu görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: "Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir". Trans-Xəzər və Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətinə toxunan Ərdoğan bu yollardan daha səmərəli istifadənin vacibliyini də əlavə etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev iyul ayında Bakıya gəlmiş İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Zəngəzur dəhlizinin açılması məsələsini də müzakirə ediblər. Azərbaycan Respublikası ilə İran İslam Respublikası hökumətləri arasında 2022-ci il martın 11-də keçirilən İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında iki ölkə arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanmışdır. Sazişə əsasən Araz çayı üzərində salınacaq körpülər vasitəsilə İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR yeni avtomobil, dəmiryolu, elektrik, qaz, rabitə və s. kommunikasiya xətləri ilə birləşəcəkdir. Bu, həm də Naxçıvanın Bakı ilə birbaşa digər quru yol əlaqəsi yaradılmasına səbəb olacaq, Orta Dəhliz vasitəsilə Avropaya daşınan yüklərin həcmini artıracaqdır.

Bu məqsədlə Araz çayı üzərində Ermənistanın dövlət sərhədinin 5 kilometrliyində piyada keçidi də daxil, iki avtomobil və iki dəmiryolu olmaqla ümumilikdə dörd körpü inşa ediləcək. Həmin körpülər anlaşmaya əsasən gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək buraxılış məntəqəsi tikiləcək.

Azərbaycan Araz çayı üzərində Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən Ağbənd qəsəbəsindən keçən avtomobil körpüsünü, İran isə Araz çayı üzərində onunla Naxçıvan MR Ordubad rayonunu birləşdirən avtomobil körpüsünü tikəcəkdir. Ağbənddən İrana keçib Ordubadda birləşəcək bu avtomobil yoluna paralel olaraq dəmiryolu xəttinin də çəkilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində bildirib: "Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq".

Zəngəzur dəhlizinin Azərbaycanın Füzuli rayonunun Əhmədbəyli kəndindən başlanğıcını götürən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu və Qərbi Zəngəzurun Mığrı rayonundan keçən hissəsi daxil olmaqla ümumi uzunluğu 174 km-dir.

Qədim Azərbaycan torpağı olan Zəngəzur mahalı yeddi rayondan ibarət olub, onun dörd rayonu: Mığrı, Qafan, Gorus, Qarakilsə (Sisiyan) hazırda Ermənistan ərazisində, üç rayon Zəngilan, Qubadlı, Laçın isə Azərbaycan ərazisində yerləşir. Zəngəzur mahalının ümumi sahəsi 7892 km2 olub. 44 günlük Vətən müharibəsində Zəngilan, Qubadlı, Laçın rayonları erməni işğalından azad olundu. Zəngəzurun 4505,5 km2 sahəsini əhatə edən Mığrı, Qafan, Gorus, Qarakilsə (Sisiyan) rayonları - Qərbi Zəngəzur 100 ildən artıqdır ki, erməni işğalı altındadır.

Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2021-ci il tarixli Fərmanı ilə Azərbaycanın iqtisadi rayonların yeni bölgüsü təsdiq edilmişdir. Təsdiq olunmuş 14 iqtisadi rayondan biri də Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxil olmaqla yeni yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonudur. Şərqi Zəngəzur iqtisadi rayonunun ümumi sahəsi isə 7450 km2-dir.

Dəhlizin açılmasında iqtisadi maraqlar üstünlük təşkil edir. Zəngəzur dəhlizi ilə Rusiya Yaxın Şərqə və Avropaya, Ermənistan Rusiya və İrana, o cümlədən Avropaya, İran isə bu marşrutla Avropaya, Rusiyaya çıxış əldə etmiş olacaq. Bu marşrutun əsas müəllifləri Azərbaycan və Türkiyə isə Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan dəhlizin səmərəliliyinin daha yüksək olduğunu qəbul edir. Ən əsas məsələ isə regionda sabitliyin bərqərar olmasıdır. Azərbaycan iqtisadi inkişafa, beynəlxalq əlaqələrə, sülh və sabitliyə nail olmaq üçün bütün imkanlardan istifadə edir.

Zəngəzur dəhlizinin açılması həm də Şərqlə-Qərb arasında Azərbaycandan keçən, üçüncü dəfə bərpaolunan tarixi İpək Yolunun Orta Dəhlizin ikinci xəttinin açılması deməkdir. Hazırkı geosiyasi şərtlər daxilində Rusiyanın və İranın sanksiya altında olması Şimaldan və Cənubdan keçən yolların istifadəsi üçün maneələr yaradır. Ona görə də Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyəti daha da artır. Gələcəkdə bu yol ilə daşınacaq yüklərin həcminin artma ehtimalı çox böyükdür. Yəni Zəngəzur dəhlizinin açılması Orta Dəhlizə yeni nəqliyyat xətti əlavə edərək, əlavə nəfəs verəcəkdir.

Məhz bu baxımdan, həm ABŞ, həm də Avropa bu dəhlizin açılmasında maraqlıdır. Zəngəzur dəhlizinin açılması Qərbin Çin ilə əlaqələrinin inkişafına daha böyük töhfə verəcəkdir.

Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi də adlandırılır) Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, sonra isə Azərbaycan-Gürcüstan-Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır.

Orta Dəhliz ilk dəfə 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstan hökumətlərinin birgə razılaşması əsasında yaradılmışdır. Sonra dəhlizə Rumıniya, Ukrayna, Polşa dövlətləri də qoşulmuşlar. Bu, Çin və Orta Asiya dövlətləri məhsullarının Xəzər dənizi-Azərbaycan-Gürcüstan və Qara dəniz üzərindən Poti-Batumi limanları vasitəsilə, ya da Türkiyə ərazisindən Avropaya çatdırılmasıdır.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu dəhlizin istifadə gücü təxminən 6-7 dəfə artmışdır. Orta Dəhlizin ən önəmli hissəsi Mərkəzi Asiyadan keçir.

Zəngəzur dəhlizi açılandan sonra ən çox qazanan dövlətlərdən biri Ermənistan olacaq. Ermənistan öz ağlı ucundan özünü 30 ildən artıq müddətdə saldığı blokada şəraitindən çıxacaq, Moskvaya, Orta Asiya və Orta Şərq dövlətlərinə gediş-gəliş yolları açılacaq, Azərbaycan, Türkiyə, İranla siyasi, iqtisadi, sosioloji, mədəni, turizm və s. əlaqələri bərpa olunacaq, bir sözlə, əhalisi blokadadan xilas olacaq, dünyada gedən inteqrasiya proseslərində iştirak edəcək. Amma əfsuslar olsun ki, bunu erməni "başbilənləri" başa düşmür və ya düşmək istəmir. Xalqının daxili xislətini yaxşı bilən öz şairləri Ovanes Tumanyanın yazdığı kimi, "onlar daxildən xəstədirlər" ...həqiqi qurtuluş daxildən başlamalıdır, biz isə daxilən xəstəyik".

İnsanlığı üzə çıxaran bir çox meyarlar var. Onlardan ən önəmlilərindən biri də utanmaqdır. Erməni şovinistlər 200 ildən artıq bir vaxtda törətdikləri bəd əməllərinə görə heç olmasa ən azından utanmırlarmı? Bu 30 illik əməllərinə görə niyə Köçəryanlardan, Sərkisyanlardan tələb etmirlər: bu 30 ildə nə qazandılar, nə itirdilər? Bu gün dünyada 200-dən artıq dövlət, 7 mindən artıq millət və xalq, o cümlədən 8 milyarddan artıq insan yaşayır. Bunlar arasında bütün mənalarda ən son sıralarda duran, dünyaya səpələnmiş maksimum əhalisi 5 milyona çatmayan vətənsiz, bədnam erməni qonşularımız real həyatı görəsən niyə başa düşmür, dərk etmək istəmirlər?! Həqiqətə kor olmaq ən böyük zülmdür.

Dünyaya göz açan günahsız övladlarını niyə pis yola sürükləyirlər?.. Müdriklərdən biri deyib ki, dünyaya gələn körpə mələklə vəhşi heyvan arasında doğulur. Onların gələcəkdə necə adam olmaları veriləcək tərbiyədən asılıdır. Elə tərbiyə verilər ki, vəhşi heyvan olar, ya da elə tərbiyə verilər ki, mələk olar... Ermənilər bu dünyadan nə istəyirlər?..

(davamı növbəti saylarımızda)

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor.