Zəngilanın xoş növrağı
Sosial həyat

Zəngilanın xoş növrağı

Böyük Qayıdış... İllərin torpaq həsrətinə son qoyan bu proqram reallaşdıqca insanlar kimi, torpaqlar da sevinir. Uzun illərin həsrətliləri qol-boyun olduqca ürəyimiz dağa dönür. Vətən müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad olunmuş ərazilərdə başlanan quruculuq işləri tez bir zamanda öz nəticəsini göstərdi. 2022-ci il Azərbaycan tarixinə "Böyük Qayıdış" ili kimi düşdü. Belə ki, həmin ildə Zəngilanın Ağalı kəndinin açılışı oldu, kənd sakinlərinin bir hissəsi öz doğma yerlərinə qayıtdılar. Mayın 27-də Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulmuş Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi. Abşeron rayonunun Masazır kəndindəki Zəngilan şəhərciyindən ilk köç karvanı yola salındı. Otuz ilədək yurd həsrətilə yaşayan ağalılılar  ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşdılar.

Qeyd edək ki, pilot layihə Zəngilanın

 Birinci, İkinci və Üçüncü Ağalı kəndlərini əhatə etdiyi üçün bura həmin kəndlərin sakinləri köçürüldü. Layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri kimi 5 komponent üzrə aparılıb, inşa edilmiş 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı da yalnız alternativ enerji mənbələrindən əldə olunur.

Buraya köçürülən sakinlər üçün hər cür şərait yaradılıb, onlar yüksəkkeyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunub, əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri də nəzərə alınıb.

"Ağalı kəndinin açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev deyib: "Müstəqillik günü ərəfəsində biz sizinlə görüşürük, Ağalı kəndində, dirçələn Ağalı kəndində. Bunun çox böyük rəmzi mənası var. Çünki Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmləndirilməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm ki, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir".

DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində Ağalı kəndində "Smart DOST" xidmət məntəqəsi, "DOST Aqropark" fəaliyyət göstərir. "DOST Aqropark" layihəsi üç mərhələdə icra olunur. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər işlər nəzərdə tutulur. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən həyata keçirilən "DOST Aqropark" hər iki ölkənin ərzaq təhlükəsizliyinə töhfə verəcək.

Bu günlərdə  Ağalı kəndində "Ağalı" hotelinin açılışı olub. Hotel şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Zəngilanın Mincivan qəsəbəsinin də təməli qoyulub. Layihələndirilən ərazi rayon mərkəzindən 13,2 kilometr cənub-şərq istiqamətində, Araz çayının sahilində - respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşir. Qəsəbənin sahəsi 301,51 hektardır. 2040-cı ilədək qəsəbədə 9088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulur.

"Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyaları da işə salınıb. "Yaşıl enerji zonası" konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək "Zəngilan" və "Şayıflı" SES-lərdə rəqəmsal qaydada məlumatların axını mərkəzə ötürülməklə yanaşı, məsafədən idarə edilməsi təmin olunub. Onu da qeyd edək ki, işğaldan azad edilən ərazilərdə "yaşıl enerji zonası"nın yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi diqqət mərkəzindədir.

Horadiz-Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir.

Yeni açılan Zəngilan məscidinin təməli isə 2021-ci il aprelin 26-da qoyulub. Tikinti işlərini Heydər Əliyev Fondu "Paşa Holdinq" MMC-nin dəstəyi ilə həyata keçirib. Bundan sonra bu müqəddəs məkandan hər gün azan səsi eşidiləcək. Bütün bunlar uzun illərin həsrətindən sonra doğma yurdlarına qovuşan zəngilanlıları ürəkdən sevindirir.

2022-ci il oktyabrın 19-da Ağalı kənd məktəbində uşaqlarla söhbət edən dövlətimizin başçısı İlham Əliyev deyib: "... Bax, sizi biz qaytarmışıq, havası da təmizdir, təbiəti də gözəldir, hər tərəf dağlar, meşələr. Burada həyat qaynayacaq. Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək. Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız...".

Birinci xanım Mehriban Əliyeva da məktəbli qızlarla söhbətində: "Azərbaycanın işğaldan azad olunmuş belə gözəl yerində belə gözəl qızlarla bir yerdə olmaq mənim də çox böyük arzum idi. Çalışacağam tez-tez gəlim sizin yanınıza, İnşallah", - söyləyib.

Kənd sakinləri dövlət başçısına bu gözəl anları onlara yaşatdığına görə minnətdarlıqlarını ifadə edərək deyiblər: "Qanlı göz yaşları ilə çıxmışdıq, sevinc göz yaşları ilə qayıtdıq. Bu günümüzə şükür...".

Bəli, bu gün Böyük Qayıdış proqramı uğurla həyata keçirilir, kəndlər, qəsəbələr yenidən qurulduqca öz əzəli sakinlərinə qucaq açır, yeni həyat başlayır. Bu qayıdış əbədi, bir daha geriyə dönüşü olmayan qayıdışdır...

Zümrüd QURBANQIZI,

"Respublika".