VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

12 may

  • Qərbi Azərbaycan İcması Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb.

13 may

  • Prezident İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbul edib.
  • ANAMA ötən həftə 358 partlamamış hərbi sursatın zərərsizləşdirildiyini bildirib.

14 may

  • Prezident İlham Əliyev ATƏT-in fəa
  • liyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı keçirib.
  • Şuşa şəhərində daha 38 ailəyə mənzillərin açarları təqdim olunub.
  • Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" Qanunu üçüncü oxunuşda qəbul edib.

15 may

  • Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib.
  • Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.
  • Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Sülhməramlıların missiyası başa çatdı

Vaxtilə Rusiyanın Ermənistan-Azərbaycan şərti sərhədinə yerləşdirilən sülhməramlıları bu ərazilərdən də çıxarılır. Hazırda bölgədə sülh prosesinin irəliyə doğru aparılması üçün maneə yoxdur və Azərbaycanla Ermənistan birbaşa təmaslar yolu ilə qarşılıqlı münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyirlər. Bütün bu nəticələrin əldə olunmasının əsasında Prezident, Ali Baş Komandan İlham Əliyevin strateji zəkası, yüksək diplomatik bacarığı, şəxsi nüfuzu və hadisələrin gedişatını öncədən proqnozlaşdırmaq, istiqamətləndirmək məharəti dayanır. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini vaxtından əvvəl tərk etməsi prosesi Bakı ilə Moskvanın sürətlə inkişaf edən əlaqələri fonunda baş verir və hər iki ölkənin bir-birinə olan etimadından qaynaqlanır.

  • Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.
  • Qarabağ separatçılarının həbs müddəti uzadılıb.

16 may

  • Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

Səmimi və etibarlı əməkdaşlıq nümunəsi

Azərbaycan-Belarus münasibətləri dostluğa, etimada və strateji tərəfdaşlığa əsaslanır və yüksələn dinamika ilə inkişaf edir.

Mayın 16-da Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizə dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimindən sonra hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşü keçirilib. Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə deyib: "Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur".

  • Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2" telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərh verib.
  • Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyalarında müstəqillik mübarizəsi aparan 14 hərəkat Yeni Kaledoniyaya dəstək bəyanatı yayıb.

"Mübarizə adası": Yeni Kaledoniyada "fransız çəkmələri"nin izləri

Yeni Kaledoniya illərdir Fransanın ikiüzlü siyasəti ilə qarşı-qarşıyadır. Sakit okeanın cənub-qərb hissəsində adalar qrupundan ibarət olan bu dövlət 1853-cü ildən Fransanın tabeliyindədir. Əslində Yeni Kaledoniya 1986-cı ildən müstəmləkə siyasətindən azad olub müstəqillik mübarizəsinə başlasa da, Fransa hələ də onlara qarşı kolonializm siyasətini davam etdirir. Fransanın siyasəti nəticəsində kanakların həyat tərzində, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə müstəmləkəçilik dövrünün problemləri hələ də yaşanır. Kanaklar neokolonializmə qarşı çıxaraq azad gələcək uğrunda mübarizə aparırlar. Bu səbəbdən müstəqillik referendumunun keçirilməsini tələb edirlər.

17 may

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə və Füzuli rayonuna səfər ediblər.

18 may

  • Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub.
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda "Ağalı" hotelinin açılışında iştirak ediblər.

“Respublika”.