Böyük Zəfərə aparan yol
Tarix

Böyük Zəfərə aparan yol

20 may 2018-ci il

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı sürətli inkişaf mərhələsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioriteti torpaqlarımızın işğaldan azad edilməsi idi. Məhz bu səbəbdən ölkəmizdə müasir ordu quruculuğuna böyük əhəmiyyət verilir, Azərbaycan Ordusunun arsenalı ən modern silah və hərbi texnika ilə zənginləşdirilirdi. Xəbis niyyətli xarici qüvvələr Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə imkan vermir, selektiv yanaşma sərgiləyən güclər prosesi uzatmağa çalışırdılar. Bu qüvvələrin köməyinə arxanalanaraq daha da azğınlaşan və ölkəmizə qarşı növbəti təxribata əl atan haylar 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu tərəfindən layiqli cavab aldılar. Ordumuz aprelin 2-də sürətli əks-hücum əməliyyatı ilə Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini düşməndən təmizlədi. Tərtər-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılmasına nail olundu. Düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Cəmi 4 gün davam edən Aprel döyüşləri zamanı işğalçı Ermənistan Azərbaycan Ordusunun gücünü döyüş meydanında gördü.

Aprel döyüşlərindən sonra böyük zəfərə aparan yolda ən mühüm addımlarından biri də 2018-ci ildə Naxçıvanda atıldı. Belə ki, həmin il may ayının 20-də başlayan və 27-nə qədər davam edən əməliyyatlarda ümumilikdə 11 min hektardan çox ərazi və Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları düşməndən azad edildi. Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Əməliyyat nəticəsində ordumuzun bölmələri İrəvan-Yeğeqnadzor-Gorus avtomobil yoluna nəzarəti ələ aldı. Prezident İlham Əliyev 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bu zəfərin mahiyyətini bir daha diqqətə çatdırdı: "Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik".

Xatırladaq ki, düşmən Günnütdəki məğlubiyyətlərindən daha ağır və acı reallıqların onları gözlədiyindən xəbərdar idi. Qısa müddət ərzində mühüm dayaq məntəqələrinin kilometrlərlə önə çəkilməsi, strateji yüksəkliklərin ələ keçirilməsi, logistik təminatın təşkili erməni tərəfi üçün gözlənilən deyildi. Düşmənin illərdir möhkəmləndiyi əraziləri tərk etməyə məcbur edilməsi onun döyüş imkanlarını məhdudlaşdırmaqla yanaşı, orduda və cəmiyyətdə mənəvi-psixoloji duruma da mənfi təsir göstərdi. Ermənistanın rəsmi dairələri ölkədəki təşvişi azaltmaq üçün Azərbaycan Ordusunun bölmələrinin uğurlu hərbi əməliyyatlarını ictimaiyyətdən gizlətməyə çalışırdı. Çünki ölkəmizin bu uğuru bütün Ermənistanda çaxnaşmaya səbəb olmuşdu. Ermənilər bir səhər ayılıb başlarının üzərində Azərbaycan əsgərini görmüşdülər. Həmin vaxt ermənilərin Areni kəndindən hazırladığı videoreportajda Azərbaycan Ordusunun irəliləməsindən və kəndin yaxınlığındakı postlarda mövqe tutmasından ciddi narahat olan kənd əhalisi Ermənistan müdafiə nazirliyinin onları aldatdığını və ordunun əraziləri qorumaq iqtidarında olmadığını bildirmişdi.

 Ermənistan hökumətinin adını dəyişərək Tiqranaşen qoyduğu Kərki kəndi, Günnüt, Qaraqaya, Daşxırman, Ağbulaq, Danzik, Arpa, Çivə, Ərpi, Keşikkənd, Başkənd, Ortakənd və digər qədim Azərbaycan kəndlərinin, hər biri ağrılı-acılı bir tarix yaşadır özündə, sonu qələbə olan bu tarixi isə bu gün Azərbaycan əsgəri Qarabağda yazdı. 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində törətdikləri növbəti təxribatlar düşmənin sonunu gətirdi. Vurğulamaq lazımdır ki, həm Aprel və Tovuz döyüşləri, həm Günnüt əməliyyatı, zamanı rəsmi İrəvan Azərbaycan Ordusunun qarşısında tab gətirməyəcəyini qəti şəkildə dərk etdi. Mənfur Ermənistanın illərdir öz ordusu haqqında uydurduğu "məğlubedilməz"lik mifi tar-mar edildi. Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprelində, 2018-ci ilin mayında və 2020-ci ilin iyulunda döyüş meydanında düşmənə verdiyi unudulmaz dərslərin ardından 44 günlük müharibədə Ermənistan ordusunu qarşısında diz çökdürərək birdəfəlik məhvə məhkum etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz yüksək peşəkarlıq göstərərək çox qısa zamanda - cəmi 44 gün ərzində 30 illik işğala son qoydu. "Dəmir yumruq" düşməni kapitulyasiyaya, Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz tərk etməyə məcbur etdi. Bu zəfər 30 illik torpaq həsrətimizə son qoymaqla yanaşı, yüz minlərlə vətəndaşımızı məcburi köçkünlükdən qurtardı, bizi qalib xalqa çevirdi. Azərbaycanı şanlı zəfərə aparan yolun təməli düz 6 il əvvəl, 2018-ci ildə Günnüt əməliyyatı ilə qoyuldu və igid oğullarımızın göstərdikləri qəhrəmanlıqlar hərb salnaməmizə qızıl hərflərlə yazıldı.

Nəzrin ELDARQIZI,

"Respublika".