Doğma yurdda həyat canlanır
Sosial həyat

Doğma yurdda həyat canlanır

44 günlük müharibədə qazanılan parlaq zəfər 30 illik haqsızlığa son qoydu. Xalq-ordu-iqtidar birliyi nəticəsində Azərbaycan tarixi ədaləti bərpa etdi – torpaqlarımız düşmən tapdağından xilas oldu. Şübhəsiz ki, bu, təkcə dədə-baba yurdlarımızın özümüzə qayıtması deyildi. Bununla biz həm də bütün memarlıq abidələrimizi, milli-mədəni irsimizi yenidən həyata qaytardıq. Məlumdur ki, haylar torpaqlarımızda Azərbaycan izlərini silməyə çalışıb. Bu fakt işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən dağıdılmış abidələrdə özünü bir daha aydın şəkildə göstərir. İşğal dövründə düşmənçilik siyasəti yürüdən Ermənistan Qarabağda daşı-daş üstündə qoymayıb. “Yandırılmış torpaq” taktikasını yürüdən haylar təbii sərvətlərimizi talan edib, ətrafa minalar basdırıb.

Vətən müharibəsindən dərhal sonra qədim yurdlarımızda bərpa-quruculuq işlərinin həyata keçirilməsinə başlanıldı. Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq sənədlər əsasında təsdiq edilən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət proqramlarını xüsusi qeyd etməliyik. Çünki müvafiq proqram hazırlanarkən beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları diqqətə alınıb. 2020-ci ilin noyabr ayından etibarən azad olunan ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanıb, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturunun formalaşdırılmasına başlanıb.

Ümumiləşdirsək, Böyük Qayıdışı bir neçə mərhələyə bölmək olar. Əhalinin təhlükəsiz şəkildə öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsi sözsüz ki, ən başlıca hədəflərdən biridir. Məhz bu səbəbdən də həmin ərazilərdə mənfur düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi olduqca vacibdir. Digər bir məqam işğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması məsələsidir ki, bu istiqamətdə də xeyli işlər görülüb və bu gün də davam etdirilməkdədir. Fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməlini qoyan və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən ölkə başçımız bildirib ki, artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Xocalıda, Xankəndidə həyat bərpa ediləcək, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il burada ilk köç başlayacaq. Həmin regionlarda yaşayan insanların rahatlığının təmin edilməsi üçün bütün qurumlar öz güclərini səfərbər ediblər.

Artıq bir sıra şəhərlərin Baş planlarının hazırlanması prosesi tam şəkildə öz həllini tapıb. Gözəlliyi ilə insanları valeh edən guşələrimiz doğma sakinlərinə qucaq açıb. İllərin həsrəti sona çatır. Şübhəsiz ki, Azərbaycan tarixinin ən yaddaqalan günlərini yaşayırıq. Dövlətin iqtisadi gücü sayəsində qarşıdakı illərdə Böyük Qayıdış proqramına uyğun olaraq, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı daha intensiv xarakter alacaqdır. Böyük Qayıdış işğaldan azad olunmuş ərazilərə yeni həyat gətirir, bu yerlərin dirçəlişini sürətləndirir. İşğaldan azad edilən ərazilərdə bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə köçürülmə mərhələli şəkildə aparılır. İlkin mərhələdə müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlərə qayıdış imkanı yaradılır. Doğma yurda dönən ailələrin hər biri ailə tərkibinə uyğun olaraq mənzillə təmin edilir.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata əsasən, 2024-cü il yanvarın 18-dək Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə (871 nəfər), Tərtər rayonunun Talış kəndinə 20 ailə (90 nəfər), Laçın şəhərinə 408 ailə (1555 nəfər) və rayonun Zabux kəndinə 203 ailə (783 nəfər), Füzuli şəhərinə 380 ailə (1392 nəfər) olmaqla, 1216 ailə (4818 nəfər) köçürülüb. Belə ki, yataqxana, düşərgə, bağça və digər inzibati binalardan 576 ailə (2198 nəfər), dövlət tərəfindən verilmiş mənzillərdən 75 ailə (323 nəfər), qohum evlərində, kirayədə, şəxsi vəsaiti hesabına tikilmiş evlərdə və digər şəxslərə məxsus (zəbt olunmuş) mənzillərdə məskunlaşmış 565 ailə (2297 nəfər) doğma yurda qayıdıb.

Qısa müddət ərzində əldə olunan nailiyyətlər bir daha onu deməyə əsas verir ki, dövlətin prioritetləri sırasında ilk yerlərdə qərarlaşan Böyük Qayıdış planı üzrə icra edilən işlər qarşıdakı illərdə də yüksək səviyyədə davam etdiriləcək, vətəndaşların təhlükəsiz qayıdışı, onlar üçün lazımi şəraitin yaradılması təmin ediləcəkdir.

Töhfə SƏMƏDOVA,

“Respublika”.