Ərazi bütövlüyünün müqəddəsliyi uğrunda
Region

Ərazi bütövlüyünün müqəddəsliyi uğrunda

O, qurub yaratmaq üçün doğulmuşdu, uşaqkən zəhmətə alışmış, alın təri ilə qazancın halallığını, şirinliyini dadmış, yeniyetmə yaşlarından əsl sənətkar səviyyəsində püxtələşmişdi, təmir-tikinti işlərində əllərindən dürr tökülürdü... Amma yağı düşmənin xain, terrorçu, təcavüzkar əməlləri ucbatından dinc həyatından, sevimli məşğuliyyətindən ayrılaraq, silaha sarılmaq məcburiyyətində qaldı... İndi şəhadətindən keçən 14 ay ərzində daxil olduğum onlarla məhəllədə, həyətdə, mənzildə həmin peşəkar, səliqəli, gözoxşayan usta fəaliyyətinin izləri yaşayır, iş sahibləri kədərli və təəssüf hissi ilə "qəbri nurla dolsun, Nicatın əməyidir..." - deyirlər.

Böyük zəhmətlə bir ocaq qalayıb, yurd-yuva sahibi olan Əli ata ilə Bəsti ana üç övlad - iki oğul, bir qız böyüdüb boya-başa çatdırdılar. Nicat ailənin sonbeşiyi idi, orta məktəbi bitirib müxtəlif sahələrdə, əsasən də mebel sexində işlədi. Harada çalışmasından asılı olmayaraq, Vətən torpaqlarının azadlığı onun həyat kredosuna çevrilmişdi. 2013-14-cü illərdə milli ordu sıralarında həqiqi hərbi xidmət keçdi, yüksək döyüş hazırlığına və bacarığına görə dəfələrlə komandanlığın təşəkkürnamələrinə, Fəxri fərmanlarına layiq görüldü. Qardaşı Nihad və bacısı Nərmin artıq ailə qurub oğul-uşaq sahibi olmuşdular. Növbə Nicata çatanda, müxtəlif bəhanələrlə vaxtı uzadır, evlənmək məsələsini təxirə salır, buna qədər bəzi təxirəsalınmaz işlərin həllini gözlədiyini, hələ tələsmədiyini deyirdi...

Bu gündən dünənə - keşməkeşli, təzadlı, pandemiya çarpışmalı, eyni zamanda qalibiyyətli Vətən savaşımızın reallaşdığı 2020-ci ilə boylananda, doğrudan da heyrətamiz hadisələrə şahidlik edirik. Xüsusən də heç vaxt Qarabağı görməyən gənclərimizdə vətənpərvərlik, düşmənə nifrət əhvali-ruhiyyəsi elə aşıb-daşırdı ki, təəccüblənməmək mümkün deyildi. Ər qeyrətli, şir biləkli oğullarımız dəstə-dəstə səfərbərlik idarələrinə, çağırış məntəqələrinə axışır, silaha sarılaraq Vətənin müdafiəsində dayanmaq, murdar erməni dığalarını müqəddəs torpaqlarımızdan qovub çıxartmaq istəklərini bildirirdilər. Birinci Qarabağ savaşında 8 şəhid verən Muğanlının (Zaqatala) cəsur övladları da həmin şahə qalxan vətənpərvərlər dalğasının özəyində idilər. Ötən il sentyabr ayında kənd əhli 50-dən çox könüllü cəngavərini ordu sıralarına yola salırdı. Onların içərisində Nicat Xəlilli də vardı...

Şəhidimizin atası Əli dayı sadə, əliqabarlı, vüqarlı insandır. Oğul itkisi belini büksə də, təmkinini, qürurunu qoruyub saxlaya bilir. Əsl türk-müsəlman kişilərinə xas səbirlə baxışlarını uzaqlarda dolandırıb keçmiş xatirələrə dalaraq aram-aram sözə başlayır: "Nicatın qəlbi Vətən məhəbbəti ilə dolu idi, erməni qatillərinin xalqımızın başına gətirdikləri zülmləri-Xocalı, Daşaltı, Başlıbel faciələrini, əsirlikdəki qız-gəlinlərimizə verilən işgəncələri xatırlayanda çox sarsılırdı. Əsasən, Paşinyanın hakimiyyətə gəlişindən sonra dığaların artan özbaşınalıqlarını televiziya-radio xəbərlərindən eşidəndə əsəbindən özünə yer tapa bilmirdi. Bizdən gizlicə gedib orduya yazılmışdı. Rayon hərbi komissarlığında əlaqə nömrələri qoyubmuş, hər gün işdən evə dönəndə onunla əlaqədar zəng gəlib-gəlmədiyini soruşardı. İşin əsas məğzini sonradan bilmişik, cəbhəyə yola düşəndə də elə bil uçurdu... Bir subayım o qalmışdı, evləndirmək istəyirdim, gözaltısının olub-olmadığını anasından soruşardım. Həmişə toydan söhbət düşəndə, rüsxət istəyər, bir az da gözləməyi xahiş edərdi. Sən demə, oğlumun ürəyində bir sevgi, məhəbbət varmış: Azərbaycan adlı məmləkətin yağı tapdağında inləyən ərazilərini azad görmək eşqi!.. (Səsi titrəyir) Təki Vətən sağ olsun!".

Sosial şəbəkələrdə Nicatın döyüş meydanına yola salınmasını əks etdirən bir süjet yayılıb--avtobusun pəncərəsindən ətrafdakılara "bu, bizim Qarabağa sonuncu səfərimizdir" söyləyir. Toplaşanların içərisindən narahatlıqla "elə demə!", "nə danışırsan?" sədaları yüksəlir. Lakin nə qədər sonrakı acı gerçəkliklərə uyğun gəlsə belə, o, geri qayıtmayacağını nəzərdə tutmurdu, artıq bu dəfə Qarabağın taleyinin birdəfəlik həllinə böyük inam sərgiləyirdi, hücum hayqırırdı, qələbə müjdələyirdi. Və elə də oldu, amma bu Zəfərə xüsusi pay, töhfə vermiş Nicatsız...

Qəlbinə oğul dağı çəkilmiş Bəsti ana göz yaşlarına boğularaq danışır: "Nicat ailəmizin sonbeşiyi, atasının da, mənim də sağ əlimiz idi. Yeri hər yanda görünür, yoxluğu bizi daim göynədir. Bizimlə son günlərində elə ancaq Qarabağdan söhbət açırdı, "bu dəfə Qarabağı alıb qayıdasıyıq" deyirdi. Həmişə bu mövzu üzərinə gələndə, mən kövrəlirdim. Çünki həyatda çox cavanlarımı itirmişəm, çox dərd görmüşəm. Deyirdi, "ana, ağlasan da gərək bağışlayasan, mən gedəcəyəm, bu gün Vətənin bizə ehtiyacı var." Qəribə uşaq olmuşdu. "Ağlama, - deyirdi, taleyimizə nə yazılıbsa, onu da görəsiyik."

Düşmənin xain təxribatlarına layiqli cavab verən Azərbaycan ordusu sentyabrın 27-dən etibarən bütün cəbhəboyu əks-hücuma keçmişdi. İki gün sonra - ayın 29-da Nicatın arzusu çin oldu, evlərinə zəng, çağırış vərəqəsi gəldi. Yol yoldaşları söyləyirlər ki, yol boyu elə sevinir, deyib-gülürdü ki... Elə bil, toya hazırlaşırdı. Toplanış məntəqəsində kəşfiyyat bölüyündə xidmət eləmək istəyini israrla bildirir. Onu bu arzudan çəkindirməyə çalışanlara "bura seçim yeri deyil, yaxşı topçuyam, atıcıyam, indi də yaxşı kəşfiyyatçı olacağam. Şərait nə tələb edirsə, yerinə yetirməyə borcluyuq" qətiyyəti göstərir.

Sentyabrın 30-dan ön xətdə döyüşlərə qatılır. Kəlbəcər, Ağdam, Ağdərə, Goranboy rayonlarının düşməndən təmizlənməsində fəal şəkildə iştirak edir. Rəşadətli ordumuzun hücumları qarşısında qorxaq, aciz ermənilərin atıb qaçdığı neçə-neçə hərbi texnika döyüş meydanında qalmışdı. Məhz həmin döyüşlər zamanı Prezident İlham Əliyev xalqa müraciətində demişdi ki, ordumuz 18 tank, 4 top, 22 piyadanın döyüş maşınını hərbi qənimət kimi ələ keçirib.

9 oktyabrda bölük Goranboyun Gülüstan kəndi istiqamətində döyüşə başlayır. Nicat və onun Şamaxı şəhərindən iki döyüşçü dostu həmin qənimətləri sürüb, daşıyıb gətirirdilər. Güllə yağışı altında 3-cü reysdə mərmi lap yaxınlıqda, qarşılarında partlayır və igidlərimiz şəhidlik məqamına yüksəlirlər.

Xəlilli Nicat Əli oğlu doğulub böyüdüyü Zaqatala rayonunun Muğanlı kəndində torpağa tapşırılır. Yaşasaydı, ömrünün 27-ci ilini tamamlayıb 28-ə qədəm atacaqdı... Amma amansız düşmənin tarixi torpaqlarımıza sahiblənmək niyyəti həyatı kimi, bütün arzularını da yarımçıq qoydu. Ürəyində Azərbaycan sevgisi, genlərində vətənpərvərlik duyğuları, yaddaşında azad Qarabağ, uca şəhadət zirvəsini fəth edərək əbədiyyətə qovuşdu.

Nicatın Vətən, xalq yolundakı qəhrəmanlıqları dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad edilməsinə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Qurban MƏMMƏDLİ.