Dövlət Vergi Xidməti: Rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilməyəcək
İqtisadiyyat

Dövlət Vergi Xidməti: Rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilməyəcək

2025-ci ilin yanvarın 1-dən etibarən Vergi Məcəlləsində müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilməyəcək.

Bu barədə "Respublika" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, bəzi sahələrdə faktiki xərclərin çəkilməsinə baxmayaraq, həmin xərclərin sənədlərlə rəsmiləşdirilməsində çətinliklərin mövcudluğunu nəzərə alaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli Qanunun “Keçid müddəaları”nın 2.1-ci maddəsinin müddəalarına görə, sənədlərlə rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasının məhdudlaşdırılması 2025-ci il yanvarın 1-dək 50 faiz rentabellik nəzərə alınmaqla tətbiq olunacaq.

Eyni zamanda, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin (gəlirin) müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş rentabellik norması aşağı həddə idi ki, bu da öz növbəsində vergi ödəyicilərində uçot aparmağa maraq yaratmır və çəkindirici xarakter daşımırdı. Bununla bağlı, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyənləşdirmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” ləğv edilib. Həmçinin sənədləşdirilməyən xərclərin gəlirdən çıxılmayacağı nəzərə alınaraq, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 %-i miqdarında maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ləğv edilib.

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifəsidir. Vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarını sənədləşdirməyə təşviq edilməsi, uçot intizamının yaradılması məqsədilə sənədsiz xərclərin gəlirdən çıxılmasının məhdudlaşdırılması istiqamətində Vergi Məcəlləsinə dəyişikliklər edilib", - DVX əlavə edib.