Ombudsman Səbinə Əliyeva Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir
Gündəm

Ombudsman Səbinə Əliyeva Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şimali Kipr Türk Cümhuriyyətinin Ombudsmanı İlkan Varolun dəvəti əsasında bu ölkədə səfərdədir.

Qurumun mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Ombudsman Səbinə Əliyeva Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar ilə görüşüb. Görüş zamanı Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib, beynəlxalq təşkilatlarla, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları təsisatları ilə əlaqələrindən danışıb. S.Əliyeva Şimali Kiprin Ombudsmanı ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, hər iki ölkənin vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə fəaliyyətin davam etdirildiyini bildirib.

Daha sonra Ombudsman Şimali Kipr Türk Cümhuriyyətinin parlament sədri Zorlu Töre, Baş nazir Ünal Üstel, Baş prokuror Sarper Altıncık və Vəkillər Kollegiyasının sədri Hasan Esendağlı ilə görüşlər keçirib. Görüşlərdə Müvəkkil mandatı barədə məlumat verib, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi, həmçinin ölkə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində müvafiq dövlət qurumları ilə əməkdaşlıq əlaqələrindən danışıb. Ombudsman tərəfindən mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, eləcə də yeni qanun layihələrinin qəbul olunması ilə bağlı təklif və tövsiyələrin hazırlandığı diqqətə çatdırılıb.

Ombudsman Səbinə Əliyeva, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Ombudsmanı İlkan Varolla görüşüb. Əvvəlki görüşləri məmnunluqla xatırladan Müvəkkil cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcəyini bildirib, Azərbaycanın Ombudsman təsisatı tərəfindən bu istiqamətdə tədbirlərin nəzərdə tutulduğu qeyd edilib, mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, səfər zamanı keçirilmiş görüşlərdə Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç da iştirak edib.

"Respublika".