Mərd oğullar
Sosial həyat

Mərd oğullar

Cəlilabadın Hacıcavadlı kəndində dünyaya gəlmiş Məcid Rafiq oğlu Məmmədov 44 günlük haqq savaşımızda misilsiz qəhrəmanlıq örnəyi göstərərək 18 yaşında əbədi olaraq adını şanlı tariximizə yazıb.

Hələ uşaqlıqdan yağı düşmənə qarşı kin, nifrət bəsləyən Məcid Məmmədov əsgərlik yaşına çatanda sevinib. Elə 2020-ci ildə ordu sıralarına yola düşəndə birinci arzusu erməni dığalardan qisas almaq olub. Odur ki, qaynar bölgələrdə Vətənin keşiyində durmaq istəyib. Belə də olub. Cəbhə xəttində düşmənlə qarşı-qarşıya əlində silah hər daşını, qayasını canından artıq bildiyi doğma Azərbaycanı göz bəbəyi kimi qoruyub.

Qəlbi Vətən, torpaq sevdalı Məcidin cəsurluğu, çevikliyi əsgər yoldaşlarına nümunə göstərilib. Komandirlərin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirib. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda odlu-alovlu səngərə yollanıb. Və arzuladığı qələbə naminə düşmənə qan qusdurmaq üçün əsl qəhrəmana dönüb.

İgid əsgər gücünü ilk dəfə ermənilərə Talış kəndində göstərib. Ölümdən qorxmadan vurduğu sarsıdıcı zərbələrlə onların xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edib. Sonra qələbə sorağı digər ağır döyüş meydanından gəlib. Neçə-neçə sınaqdan üzüağ çıxan Məcidin Suqovuşanın azad edilməsi uğrunda gedən qeyri-bərabər vuruşda göstərdiyi şücaət, igidlik onunla çiyin-çiyin vuruşan əsgər yoldaşlarına nümunə olub. Tökülən qanlar bahasına burada üçrəngli qələbə bayrağımız ucalanda böyük inamla deyib: "Artıq düşmənin belini qırmışıq. Qələbə bizimlədir".

Məcid Məmmədov 1 oktyabr tarixində kəşfiyyat bölüyünün tərkibində növbəti şiddətli savaşda da yüksək döyüş məharəti nümayiş etdirib. Amma özünü bu dəfə düşmən gülləsindən qoruya bilməyib.

Məcid Məmmədov ölümündən sonra "Vətən uğrunda" və digər medallarla təltif edilib.

Zəfər ORUCOĞLU.