DİM mayın 26-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək
Gündəm

DİM mayın 26-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

DİM-dən "Respublika"ya bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 16-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytında imtahana buraxılış vərəqəsini çap edə bilirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

DİM abituriyentlərin bir daha nəzərinə çatdırır ki, imtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

II ixtisas qrupu üzrə imtahanda 23874, III ixtisas qrupu üzrə imtahanda isə 25104 nəfər olmaqla, ümumilikdə 48978 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 64 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.