DİM magistraturaya jurnalistika üzrə qəbul olmaq üçün qabiliyyət imtahanı verəcək bakalavrlara müraciət edib
Elm və təhsil

DİM magistraturaya jurnalistika üzrə qəbul olmaq üçün qabiliyyət imtahanı verəcək bakalavrlara müraciət edib

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün iştirakçılar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Bu barədə “Respublika”ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar mayın 23-dən 27-dək (saat 23:59-dək) Mərkəzin internet saytının müvafiq səhifəsində (https://eservices.dim.gov.az/erizemag/jurnalistikaanket) sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində olan İdman jurnalistikası ixtisasını seçmək istəyənlər minimum 50 bal toplamaqdan əlavə, onların ingilis dili fənni üzrə nəticələri 20 baldan az olmamalıdır. Bu bakalavrlar qeydiyyat zamanı idman jurnalistikası (tədris ingilis dilində) ixtisasını seçmək istədiklərini bildirməlidirlər.

Namizədlər mayın 30-dan etibarən bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.