İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Paytaxtımızda keçirilən Avropa çempionatı davam edir

Bakıda keçirlən U-23 Avropa Çempionatının növbəti günündə ölkəmizi təmsil edən 2 qadın güləşçimiz yarımfinala yüksəlib.  Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) adlarını 1/2 finala yazdırıblar. Nigar Mirzəzadə (65 kiloqram) və Mərziyyə Sadıqova (72 kiloqram) isə mübarizəni dayandırıblar.  Təsəlliverici görüşə çıxan Ruzanna Məmmədova (59 kiloqram) qalib gələrək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.  Qeyd edək ki, Avropa çempionatının ilk 3 günündə Azərbaycan ümumilikdə 8 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medala yiyələniblər.

Gimnastlarımız yarışlara uğurlu start veriblər

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Avropa çempionatında ölkəmizi təmsil edən gimnastlar yarışa uğurlu start veriblər. Belə ki, milli komandamız yarışın ilk günündə medal qazanıb. Gənc fərdi gimnastlar - Gövhər İbrahimova (halqa / 30,050), Şəms Ağahüseynova (lent / 29,000), İlahə Bahadirova (top / 29,850) və Fidan Qurbanlı (gürzlər / 28,500) komanda hesabında ümumilikdə 117,400 xalla bürünc mükafata sahib çıxıblar. Qeyd edək ki, bədii gimnastika üzrə Avropa çempionatı "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışa mayın 26-da yekun vurulacaq.

Şahmatçımız turnirin qalibi olub

Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub. Festivalın "Futures" turnirində Aqşin Əlizadə 7,5 xalla birinci yerə layiq görülüb. "Masters" yarışında isə Aydın Süleymanlı təmsilçilərimiz arasında ən yaxşı nəticə göstərib. Şahmatçı 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub. Üçüncü yeri aktivində 7 xal olan şahmatçımız Yunis Mahmudzadə tutub.

Nərgiz İSMAYILOVA,

"Respublika".