İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Paraatletimiz növbəti dəfə dünya çempionu olub

Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında ölkəmizi təmsil edən paraatlet Lamiyə Vəliyeva ikinci qızıl medalı qazanıb. O, T13 kateqoriyasında yarışıb. 400 metr məsafəyə qaçış üzrə 55.03 saniyə nəticə göstərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, bu, 22 yaşlı paraatletin ümumilikdə dördüncü dünya çempionluğudur. O, yarışın ilk günündə 100 metr məsafəyə qaçışda da birinci yeri tutub. Lamiyə Vəliyeva ötən il Parisdə təşkil edilmiş dünya çempionatında 100 və 400 metr məsafəyə qaçış üzrə də qızıl medal qazanmışdı.

Sərbəst güləşçilərimiz yarımfinalda

Bakıda keçirilən U-23 Avropa çempionatında Azərbaycanın 3 sərbəst güləşçisi yarımfinala yüksəlib. Nurəddin Novruzov (61 kiloqram), Cəbrayıl Hacıyev (74 kiloqram) və Arseni Djioyev (86 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə milli komandamız 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla Avropa çempionu olub. 1 qızıl, 1 gümüş, 1 bürünc medal sahibi olan qadınlardan ibarət yığma isə ilk dəfə komanda hesabında üçüncü yeri tutub.

Gimnastımız finala vəsiqə qazanıb

Bolqarıstanın Varna şəhərində keçirilən "Challenge" seriyasına aid Dünya Kuboku yarışlarında idman gimnastikası üzrə millimizin üzvü Nazənin Teymurova finala yüksəlib. O, sərbəst hərəkətlər proqramında həlledici mərhələdə iştirak hüququ qazanıb.

Taekvondoçularımız yarışlara uğurla başlayıblar

Türkiyənin paytaxtı Ankarada taekvondo üzrə Multi Avropa Oyunları keçirilir. Azərbaycan taekvondoçuları yarışlara uğurla start veriblər. Yarışın ilk günündə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvləri 6 medal qazanıblar. Novruz Əliyev (45 kiloqram) qızıl, Məryəm Cəfərova (41 kiloqram) gümüş, Gülay Əliyeva (44 kiloqram), Əli Həsənzadə (33 kiloqram), Hüseyn Abbaslı (37 kiloqram) Hüseyn Məmmədov (+65 kiloqram) isə bürünc medala layiq görülüblər.

Nərgiz İSMAYILOVA,

"Respublika".