AĞALIYA BÖYÜK QAYIDIŞ DAVAM EDIR
Sosial həyat

AĞALIYA BÖYÜK QAYIDIŞ DAVAM EDIR

Sentyabrın 13-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun Ağalı kəndinə daha 25 ailə (123 nəfər) köçürülüb.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış daha bir qrup ailə bundan sonra doğma yurdda yaşayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir. Bakı şəhərindən 17 (83 nəfər), Sumqayıt şəhərindən 3 (18 nəfər), Abşeron rayonundan 2 (10 nəfər), Sabirabad rayonundan 1 (4 nəfər), Beyləqan rayonundan 1 (4 nəfər) və Ağcabədi rayonundan 1 ailə (4 nəfər) Zəngilanın Ağalı kəndinə qayıdır. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Ağalı kəndinə ümumilikdə 133 ailə (649 nəfər) köçürülmüş olacaq.

Rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki yurd yerlərinə qayıtmasına imkan yaradır. Zəfərdən sonra bu xoşbəxtliyi ilk yaşayanlar Zəngilanın Ağalı kəndinin sakinləri oldu.

Artıq "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsinin bir ili tamam olur. Zəngilan rayonunun "ağıllı kəndi Ağalı"ya köç Böyük Qayıdışın ilk addımı hesab olunur. Artıq Ağalının bir qrup sakini öz doğma torpağındadır. Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri və bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. "Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün "Böyük Qayıdış" dediyimiz prosesə start verildi. "Böyük Qayıdış"ın birinci kiçik addımı, bax, bu gün atılır", - deyə cənab Prezident vurğulayıb.

Bugünkü reallıqları göz önünə gətirdikdə, işğaldan azad olunmuş ərazilərimizə qayıdış bir möcüzədir. Çünki otuz il ərzində biz bu günləri təsəvvür belə edə bilmirdik. Lakin bizim təsəvvür edə bilmədiklərimizi, arzularımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz gerçəkləşdirdi. Bu gün isə o torpağın əbədi və əzəli sakinləri öz yurd yerlərinə sevinc, qürur, fəxarət hissi ilə qayıdırlar.

Qeyd edək ki, 30 illik ağır məcburi köçkünlük həyatı yaşamış vətəndaşlarımızın doğma yurdlarına qaytarılması dövlətimizin əsas prioritetidir. Bu məqsədlə, 2021-2022-ci illərdə dövlət büdcəsindən 6 milyard manata yaxın maliyyə vəsaiti ayrılaraq bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsinə sərf olunub. İşğaldan azad edilmiş şəhər və rayonlarda tikinti işlərinin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün ilk olaraq həmin ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə aparılır. Kommunikasiyaların keçdiyi ərazilər minalardan təmizlənir, böyük infrastruktur layihələri icra edilir. Bu, xüsusilə yolların, tunellərin, körpülərin inşasında, elektrik, su xətlərinin çəkilməsində, kiçik su elektrik stansiyalarının, su anbarlarının, sanatoriya-kurort mərkəzlərinin, hərbi hissələrin inşasında özünü göstərir. Biz tezliklə erməni işğalçılarının yer üzündən sildiyi digər kəndlərimizin də minalardan təmizlənərək və sürətlə bərpa edilməsinin və vətəndaşlarımızın o yerlərdə məskunlaşdırılmasının şahidi olacağıq.

Nuranə DAXİLQIZI,

"Respublika".