Siyasət

"Ağıllı", abad Ağalı kəndimiz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2022-ci il mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri "Böyük Qayıdış" proqramının uğurlu və davamlı icrasına yeni stimul verdi. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində çıxış edən ölkə başçısı bildirmişdir ki, biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük.

Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik. Ağalı kəndində müasir şəhərsalma standartlarının tətbiq olunması, küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu layihənin möhtəşəmliyindən xəbər verir. Bir sözlə, dövlət başçısının xalqa olan diqqət və qayğısı bu gün firavan yaşayışımızın təminatıdır.

Xatırladaq ki, 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin təməlqoyma mərasimində iştirak etmişdilər. Həmin tarixdən az müddət keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Ağalı kəndində əsaslı inkişafa nail olunur.

Təsadüfi deyil ki, Ermənistan işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilmiş dağıntıları, urbisidi, ekosidi və minalanma təhlükəsini nəzərə alaraq bir çox ekspertlər qayıdış üçün uzun illər tələb olunacağını deyirdilər. Lakin Prezidentin Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərinə diqqəti nəticəsində Zəngilanın Ağalı kəndinə qayıdış 44 günlük müharibədən cəmi il yarım sonra baş tutdu.

Qeyd edək ki, "Ağıllı kənd" orada məskunlaşan əhali üçün kifayət qədər üstünlüklər qazandırır. Qeyd edək ki, Avropa ölkələrində bu modeldən uzun müddətdir istifadə edilir. Bu konsepsiya sayəsində həm aqrar sektor inkişaf etdirilir, həm də idarəetmə sistemində elektronlaşmanın və şəffaflığın təmin olunmasına, qərarların çevik qəbul edilməsinə nail olunur. Sakinlərin dövlət xidmətlərinə çıxışını həll etmək üçün dünyada innovativ kənd layihələrindən istifadə edilir. "Ağıllı kənd" məşğulluğun təmin olunması modeli kimi də çox vacib mexanizmdir. Məskunlaşma prosesinin intensiv aparılmasına, sistemli şəkildə reallaşmasına imkan verir. Elektron təhsil, tibb, alternativ enerji, elektron ticarət və nəqliyyat da bu konsepsiyanın üstünlüyüdür. Bununla yanaşı, "Ağıllı kənd təsərrüfatı" kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, habelə dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə birləşdirir. "Ağıllı" təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan yaradır.

Əzəli və əbədi yurd yerimizə qayıdışın sevincini bu gün bütün soydaşlarımız bölüşür. Xüsusilə Ağalı kənd sakinləri modern yaşayış məskənlərində xoşbəxt və firavan həyata başlayıblar. Xatırladaq ki, 2022-ci il iyulun 19-dan etibarən Ağalı kəndinə mərhələlərlə köç başlayıb. Bu günədək ümumilikdə "Böyük Qayıdış" layihəsinə əsasən Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində daha böyük layihələrin icrası gözlənilir. Dövlətimizin başçısı Ağalı kəndi ilə bağlı deyib: "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq - təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf". Yeri gəlmişkən, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında da iştirak ediblər. Qeyd edək ki,  "Ağalı" hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir.

Xüsusi qeyd edilməlidir ki, Ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda əsaslı inkişafa səbəb oldu. Sərəncamda vurğulandığı kimi, Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin daimi-təhlükəsiz məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün şərait yaradır.

Məlumdur ki, Zəngilan rayonunda böyük infrastruktur layihələrinin sürətlə həyata keçirilməsi nəticəsində Zəngəzur dəhlizinin nəqliyyat xətləri qurulur. Bunun nəticəsində Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi tanınması qarşıya məqsəd qoyulub. Məhz Ağalının timsalında digər ətraf ərazilərin müasir standartlara cavab verən yaşayış məskənlərinə çevrilməsi bu qəbildən olduqca vacibdir. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir, həm də avtomobil yolları beynəxalq yükdaşımalar üçün sərfəli olacaq. Zəngilanda yaradılan nəqliyyat qovşağı bu rayonun, eləcə də işğaldan azad edilən digər yaşayış sahələrimizin iqtisadi inkişafında önəmli rol oynayacaq, keçmiş məcburi köçkünlərin rahatlığına, sosial durumuna müsbət təsir göstərəcək.

Nurlan ABDALOV,

"Respublika".