Azərbaycan ədalətli sülhün tərəfdarıdır
Siyasət

Azərbaycan ədalətli sülhün tərəfdarıdır

Ölkəmiz bu təkliflərinə Ermənistan tərəfindən imitasiyadan uzaq adekvat cavab gözləyir

İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində üç il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi. 30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görülməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan düşmən ölkəyə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edir. Azərbaycan ədalətli sülhün tərəfdarıdır.

Hazırda regionda yeni reallıqlar yaranıb və bu reallıqlar qanunilik və legitimliyə əsaslanır. Məsələnin həlli Brüsseldə, Parisdə, Vaşinqtonda, Moskvada və ya hansısa başqa yerdə deyil, regiondadır. Ermənistan isə Azərbaycanla sülh prosesində əməli addımlar atmaq əvəzinə, əsassız və ziddiyyətli bəyanatlara üstünlük verir. Bu dəfə də Ermənistan baş naziri öz ziddiyyətli fikirləri ilə yadda qalıb. Belə ki, noyabrın 18-də ATƏT Parlament Assambleyasının Yerevanda keçirilən payız sessiyasındakı çıxışı zamanı Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gəldiklərini, ancaq hələ də "fərqli diplomatik dillərdə" danışdıqlarını və tez-tez bir-birilərini başa düşmədiklərini deyib. Paşinyan, həmçinin Azərbaycanın sülh müqaviləsi ilə bağlı razılaşdırılmış prinsiplərə sadiqlik nümayiş etdirmədiyini və bunun inamsızlıq mühitini dərinləşdirdiyini bildirib, azərbaycanlı rəsmilərin Ermənistanı "Qərbi Azərbaycan" adlandırması ilə bağlı narahatlıq ifadə edib: "Bu, Ermənistana qarşı yeni müharibənin, yeni hərbi təcavüzün təşkilinə hazırlıq kimi görünür və sülh prosesinin irəliləyişinə əsas maneələrdən biridir", - deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışına münasibət bildirən Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə vurğulayıb ki, Ermənistan tərəfi müxtəlif beynəlxalq platformalardan istifadə etməklə Azərbaycana qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirir. Ermənistanın baş nazirinin "Qərbi Azərbaycan İcması"nın nümayəndələrinin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması istəyinin və bu istiqamətdə apardıqları təbliğatın Ermənistana qarşı "təcavüzə hazırlıq" kimi qələmə verilməsi tamamilə əsassızdır. "Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq. Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcək".

Ölkəmiz əsl həqiqəti, azad edilmiş ərazilərdəki kütləvi məzarlıqları, ermənilərin işgəncə ilə öldürdüyü azərbaycanlı əsir və girovların acı taleyini, sülh sazişini müxtəlif bəyanatlarla ləngidən Ermənistanın Azərbaycan ərazisində bir milyondan çox mina basdırmasını ermənilərin havadarlarının da bilməsini vacib hesab edir. Azərbaycan Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin tam icrasını gözləyir. Bu gün nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regional və beynəlxalq siyasətin əsas aspektlərindəndir. Dəfələrlə açıq şəkildə Ermənistan tərəfinə bildirilib ki, 10 noyabr üçtərəfli Bəyanatında qeyd edilən bütün maddələr beynəlxalq hüquqa və hər iki tərəfin ərazi bütövlüyünə uyğundur. Görünür, onlar bunu tam dərk edə bilmir, ya da bilərəkdən dərk etmək istəmirlər. Ermənilər ikibaşlı oyun oynayır, prosesi ləngidir, heç kimə faydası olmayan mənasız hərəkətlər edirlər. 30 ilə yaxın müddət ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozmuş, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar törətmiş bir ölkənin Azərbaycanı "etnik təmizləmə"də ittiham etməsi əsassız olmaqla yanaşı, regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu, həmçinin 21 sentyabr tarixində Ermənistan ictimaiyyətinə müraciətində Qarabağ bölgəsindəki erməni sakinlərin təhdidlərlə üzləşmədiyini bildirən Ermənistan baş nazirinin bəyanatlarının bir-biri ilə nə qədər uyğunsuz olduğunu nümayiş etdirir. Eyni zamanda, Ermənistanın tarixin və faktların açıq şəkildə saxtalaşdırılmasında nə qədər məşhur olduğu diqqətə alındıqda, sözügedən ölkənin baş nazirinin bu cür ziddiyyətli açıqlamalarını eşitmək təəccüb doğurmur. Ermənistan hər gün fərqli fikirlərlə onsuz da erməni xalqının xəyalpərvərlik ucbatından çətinliklərlə üzləşən düşüncələrini bir qədər də zəhərləyir. Ermənistanın bir yolu var, o da Azərbaycanın təklifləri ilə razılaşmaqdır.

Mustafa KAMAL,

"Respublika".