Ağsaqqallara daim diqqət göstərilir
Region

Ağsaqqallara daim diqqət göstərilir

Qazax

Ədəbiyyat Muzeyində keçirilən ağsaqqallar şurasının hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə nümayəndəsi Bayram Yusifov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Əməkdar rəssam Rza Avşar, idarə, müəssisə, təşkilat rəhbərləri, təqaüddə olan dövlət qulluqçuları, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, KİV nümayəndələri iştirak ediblər.

1999-cu ildə təsis edilmiş Qazax Rayon Ağsaqqallar Şurası ictimai-siyasi tədbirlərdə fəallıq göstərir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb.

Hesabat məruzəsi ilə çıxış edən Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurov təqaüddə olan əməkdar idman xadimi Ramiz Tağıyev, Kənd Qida İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Fərhad Qocamanov, AYB-nin üzvü, şairə Tamella Poladlı, Orta Salahlı kənd ağsaqqalı Nəbi Babacanov çıxış edərək Azərbaycan tarixində ağsaqqal sözünün yazılmamış qanun olduğunu və bunun bizim milli mentalitetimizə aid olduğunu söyləyiblər. Ağsaqqallarımızın cəmiyyətimizdəki mövqeyindən söz açan natiqlər onların müharibə dövrlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə hər zaman fəallıq nümayiş etdirdiklərini bildiriblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra, eləcə də ondan əvvəlki dövrlərdə ağsaqqallara daim qayğı göstərdiyini, ağsaqqal məsləhətinə, fikrinə böyük önəm verdiyini diqqətə çatdırıblar. Həmin qayğını bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin davam etdirməsini hər kəsin örnək götürməli olduğunu, ağsaqqal olaraq hər zaman ölkədə və rayonda baş verən hadisələrə biganə qalmamalı, öz vətəndaşlıq mövqeyini göstərməli olduqlarını bildiriblər.

Vəli VƏLİYEV,

“Respublika”.