Atasının ad günündə şəhid xəbəri gələn qəhrəman
Sosial həyat

Atasının ad günündə şəhid xəbəri gələn qəhrəman

Adil Kamran oğlu Adilzadə 1993-cü il aprelin 17-də Mingəçevirdə anadan olub. Mingəçevir şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Adil cəbhənin ön xəttində “N” saylı hərbi hissədə xidmət keçib. Əsgərlikdən gələndən sonra dilindən “Vətən, torpaq” sözləri düşməyib. Düşmənlə üzbəüz səngərdə olduğundan torpaq itkisinin ağrısını dərindən dərk etmişdi, deyirdi ki, “Ata, o cür cənnət yerləri erməniyə necə vermək olar? Səngərdə dayanıb baxıram, ürəyim sızıldayır. Bu dəqiqə desələr ki, döyüş başlayır, get Vətəni xilas elə, hamıdan qabaqda özüm gedərəm”. O, əsgəri xidmətini başa vurduqdan bir neçə ay sonra yenidən hərbi sahədə qulluq etmək üçün imtahan vermiş, sınaqdan uğurla keçmişdir. 2015-ci ildən Naftalan rayonunda “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu vəzifəsində xidmət etmişdir.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə işğalçı Ermənistan ordusu yenidən təxribata əl atarkən 23 yaşı tamam olmayan qəhrəman döyüşçü silahdaşları ilə birgə döyüşdə olub. Naxçıvandan olan komandirləri şəhid leytenant Qabil Orucəliyev düşmən üzərinə hücum əmri verib. Tərtər istiqamətində gedən qızğın döyüşlərdə düşmənə ağır zərbələr endirilib. Həmin döyüşdə Adil Adilzadə 17 erməni əsgərini məhv edib. O, qolundan güllə yarası almasına baxmayaraq döyüşü davam etdirsə də, Amma hərbçimiz düşmən snayperindən açılan güllə nəticəsində şəhidlik zirvəsinə ucalıb. Düşmən tərəfi onun meyitini 10 aprel tarixində verib. 11 aprel 2016-cı ildə isə Mingəçevir qəhrəman şəhidini torpağa tapşırıb.

Şəhidin atası Kamran Adilzadə deyir ki, yoldaşı Gülnarə xanım Aprel döyüşləri başlamazdan bir gün əvvəl yuxu görüb. Səhər oyanıb hamıya deyib ki, yuxuda Adili həyətdə gördüm, var-gəl edir, elə bil kimdənsə kömək istəyirdi. Tez qabağına qaçdım, əlindən tutmağa çalışdım, amma getdi. Şəhidin anası deyir ki, gözümü təzəcə yummuşdum ki, bu dəfə də  rəhmətə gedən qayınanam ilə qaynımı həyətdə gördüm. İkisinin də əynində qırmızı paltar var idi, qol götürüb oynayırdılar. Adilin ailəsi aprelin 1-də axşamüstü ona zəng ediblər. Adil tələsik “Ata, lap yaxşıyam, niyə zəng etmisən? Nə lazımdır? Vətənə xidmət edirik, ata, vaxtımız yoxdur”, deyib. Bu, ailənin oğulları ilə son telefon danışığı olub.

Aprelin 2-də yayılan xəbərlərdən narahat olan ailə Adilin xidmət etdiyi hərbi hissəyə yollanıb. Nə qədər çalışsalar da, Tərtərdən o tərəfə keçə bilməyiblər. Adilin atası ayın 7-nə qədər yollarda qalıb. Yoldaşı çox narahat olsa da, ona deyib ki, aprelin 9-da doğum günümdür, 50 yaşım tamam olur. Adil harada olsa, özünü yetirəcək. Qismət elə gətirib ki, aprelin 11-də atası Adili bayrağa bükülmüş tabutda Bərdədən gətirməli olub.

Adil aprelin 17-si ad gününü qeyd etmək üçün evə gələcəyini desə də, 23 yaşını qeyd etmək ona qismət olmur. Doğum günü üçün evə qayıdanda o, subaylığın da daşını atacaqdı. Amma yaxşı deyiblər, sən saydığını say, gör fələk nə sayır.

Adil Adilzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Adına Mingəçevirdə xatirə bulağı tikilib.

Jalə QASIMZADƏ,

“Respublika”.