Azərbaycan-Bolqarıstan etibarlı tərəfdaş, dost ölkələrdir
Digər xəbərlər

Azərbaycan-Bolqarıstan etibarlı tərəfdaş, dost ölkələrdir

Azərbaycan və Bolqarıstan dost ölkələrdir. İki ölkə arasındakı münasibətlər müstəqillik əldə etdikdən sonra daha da inkişaf edib. Siyasi əlaqələr Azərbaycan və Bolqarıstan arasındakı münasibətlərin əsasını təşkil edir.

İki ölkə arasındakı diplomatik münasibətlər 1992-ci ildən yaranıb. İqtisadi əməkdaşlıq bu dostluğun inkişafında böyük rol oynayıb. Xüsusilə, 2015-ci ildə Bolqarıstan və Azərbaycan arasında imzalanmış "Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" münasibətləri yeni səviyyəyə yüksəldib.

Hər iki ölkə üçün nəqliyyat sənayesinin inkişafı çox vacibdir. Bu baxımdan, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması tarixi önəm daşıyır. Bu layihənin həyata keçirilməsi Azərbaycan üçün Avropa İttifaqına giriş, Bolqarıstan üçün isə Mərkəzi Asiya bazarına çıxış imkanlarını artırır. Əlavə olaraq, Azərbaycan və Bolqarıstan beynəlxalq təşkilatlar, o cümlədən BMT kimi platformalarda birgə fəaliyyət göstərirlər. Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 12-də Bolqarıstan Respublikasının Baş naziri Nikolai Denkov ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı bir daha qeyd edilib. İkitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın da vacibliyini vurğulayan Baş nazir Nikolai Denkov və Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.

Həmçinin Sahibə Qafarova səfər zamanı Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti Mərkəzi ilə tanış olub. O, Ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın səmərəli fəaliyyətinin əməkdaşlığın şaxələndirilməsinə imkan verəcəyini qeyd edib. Baş nazir Nikolai Denkov isə bildirib ki, Bolqarıstan Azərbaycanda nəqliyyat və logistika o cümlədən, əczaçılıq, informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Milli Məclisin sədri, Ermənistanın Laçın yolu ətrafında apardığı yalan təbliğata da diqqət çəkərək vurğulayıb ki, Laçın yolu açıq olub və indi də açıqdır. "Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "prezident seçkiləri"ndən narahatıq. Bu "seçkilər" Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında bəyanatları ilə ziddiyyət təşkil edir", - deyə Bolqarıstan Milli Assambleyasının sədri Rosen Jelyazkov Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib. Bolqarıstan Prezidenti Rumen Radev isə bildirib ki, Bolqarıstan və Azərbaycan təkcə strateji tərəfdaş deyil, həm də ən yüksək siyasi səviyyədə dialoq aparan və bir sıra sahələrdə birgə layihələr həyata keçirən əsl dostlardır.

Azərbaycan və Bolqarıstan arasındakı dostluq əlaqələrinin qədim tarixi, etnik bənzərlikləri, siyasi və iqtisadi maraqlarının üst-üstə düşməsi hər iki xalqın xoş gələcəyə doğru addımlar atmağa davam etməsində əhəmiyyətli rola malikdir. Bütün bunlar ölkəmizin uğurlu xarici siyasətinin nəticəsidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika" .