Hər bir təxribat adekvat cavab alacaqdır
Digər xəbərlər

Hər bir təxribat adekvat cavab alacaqdır

“Qisas”, yəni antiterror əməliyyatı. 44 günlük Vətən müharibəsi zamanı kapitulyasiya aktı imzalamağa məcbur olan Ermənistan rəhbərliyi üç ilə yaxındır ki, üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Azərbaycan bu müddət ərzində məsələni sülh yolu ilə, səbirlə həll etməyə çalışıb.

Ölkə başçımızın dəfələrlə "biz bölgədə yeni müharibə istəmirik" deməsinə baxmayaraq, qarşı tərəf bu xəbərdarlıqlardan nəticə çıxarmadı. Azərbaycan dövləti bugünkü antiterror əməliyyatları ilə sübut etdi ki, bizim səbrimiz tükənməz deyil. Rusiya Federasiyası sülhməramlı kontingentinin Azərbaycan ərazisində müvəqqəti yerləşdiyi qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan ordusunun bölmələrinə qarşı terror, təxribat əməli törədib. Buna cavab olaraq ordumuzun keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində bir sıra əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Bu barədə hərbi ekspert Yücel Karauz bildirib ki, 10 noyabr Bəyanatından sonra Azərbaycan atəşkəs razılaşmasının sülh razılaşmasına çevrilməsi üçün dövlətlərarası əlaqələr, beynəlxalq hüququn verdiyi imkan çərçivəsində həm hərbi gücünü, həm də hibrid müharibənin nümunələrini verdi: "Bu səbəbdən də Azərbaycan əsgərlərinə və dövlətinə qarşı edilən təxribatlara görə "Qisas-1" və "Qisas - 2" əməliyyatlarını həyata keçirdi. Hazırda üç mərkəzdən həm Vaşinqton, həm Brüssel, həm də Rusiyadan sülh sazişinin bağlanması istiqamətində danışıqlar aparılır. Azərbaycanın tutduğu mövqe bəllidir. Ermənistan isə hər 3 masada fərqli tamaşa göstərir. O, keçmişdə adət etdiyi 200 illik ərköyünlüklə əldə etdiklərini geri qaytarmağa çalışır. Görünən odur ki, bu fəaliyyət yumşaq güc elementləri, hüquq, ağıl, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmayacaq. Bildiyimiz kimi, Rusiya sülhməramlı qüvvələrinin müddəti 5 ildir və geriyə 2 il qaldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, rus sülhməramlıları müəyyən edilmiş vaxtadək bölgədə qalacaq. Hər bir təxribat aktı adekvat cavab alacaqdır. Azərbaycan qalib lideri, qalib ordusu və qalib xalqı ilə məsələni beynəlxalq hüquq normaları çərçivəsində həll etmək gücündədir".

Röya RÜSTƏMLİ,

"Respublika".