Azərbaycan-Gürcüstan: “Yaşıl enerji dəhlizi
Gündəm

Azərbaycan-Gürcüstan: “Yaşıl enerji dəhlizi" əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Gürcüstan strateji tərəfdaş və dost ölkələrdir. Əlbəttə ki, bu münasibətlər hər iki ölkə xalqlarının rifahına xidmət etdiyi kimi, ümumilikdə Cənubi Qafqazda sülh və əmin-amanlıq mühitini təmin edən ən mühüm amillərdən biridir. Məhz bu baxımdan, Azərbaycan və Gürcüstan liderlərinin ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrinin daha da gücləndirilməsinə yönəlmiş səyləri xüsusi önəm kəsb edir.

Eyni zamanda qeyd olunmalıdır ki, ölkələrimiz arasındakı bugünkü əlaqələr Azərbaycan və gürcü xalqlarının tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında formalaşıb. Bu il bir çox ölkələrdə olduğu kimi, Gürcüstanda da ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd edilməsi Gürcüstan hökumətinin və gürcü xalqının ölkəmizə və xalqımıza qarşı bəslədikləri səmimi münasibətlərdən xəbər verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 8-də Gürcüstana növbəti səfəri də iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük töhfədir. Səfər çərçivəsində Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq kimi mühüm məsələləri müzakirə ediblər. Qeyd olunub ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alır. Bu gün bir çox istiqamətlərdə - enerji, nəqliyyat, logistika, dəmir yolu və bütün digər sahələrdə əməkdaşlıq uğurla həyata keçirilir. Prezident İlham Əliyev səfər çərçivəsində Tbilisidə mətbuata bəyanatında bir mühüm məqamı da vurğuladı ki, Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasına əvəzsiz töhfələr verir. Buna görə də, mövcud əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi bütün tərəflərin marağında olan məsələdir.

Qeyd etmək lazımdır ki, məhz energetika Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələrinin əsasını təşkil edən sahədir. Lakin bu gün ölkələrimiz arasında təkcə ənənəvi sahələr üzrə deyil, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlıq getdikcə daha çox dərinləşməkdədir. Dövlət başçımızın da çıxışında qeyd olunduğu kimi, hazırda üzərində məhsuldar iş gedən və yaxın aylarda texniki-iqtisadi əsaslandırmasının hazır olacağı gözlənilən "Yaşıl enerji dəhlizi" layihəsi ölkələrimizi daha sıx birləşdirəcək. Bu layihədə yenə də Azərbaycan və Gürcüstan Avropa ölkələri ilə sıx əməkdaşlıq edirlər.

Bu gün faktiki olaraq iqtisadiyyatı çökmüş, müflis durumda olan Ermənistanın Azərbaycanın sülh təklifini qəbul etməməsi və bununla da həm Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını əngəlləməsi, həm də özünü mütərəqqi proseslərdən təcrid durumda saxlaması qətiyyən heç bir məntiqə sığmayan mövqedir. Cənab Prezident İlham Əliyev öz çıxışında bir daha Azərbaycanın mövqeyini vurğulayaraq bəyan etdi ki, artıq Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Bunun üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Məhz bundan sonra Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.