İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr müzakirə olunub
Gündəm

İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr müzakirə olunub

Oktyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Xəlifə Şahin Əlmarar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər arasında Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli və çoxtərəfli müstəvidə mövcud əməkdaşlıq gündəliyi, energetika və iqtisadi sahədə əməkdaşlıq məsələləri, İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın son hərbi-siyasi təxribatlarından irəli gələn təhdidlər, Azərbaycanın erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi antiterror tədbirlərini şərtləndirən amillər və aparılan tədbirlərdən sonra bölgədəki cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələləri müzakirə edib.