Azərbaycanın milli ruhda tərbiyə almış vətənpərvər gəncləri
Sosial həyat

Azərbaycanın milli ruhda tərbiyə almış vətənpərvər gəncləri

Onlar döyüş meydanında da, arxa cəbhədə də bunu qəhrəmanlıqları ilə sübut etdilər

"Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılışında və şəhərə köçmüş ilk sakinlərlə görüşündə bildirmişdir.

Vətən müharibəsində Azərbaycanın sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Gənclər torpaq, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. Müharibədə həm də gənc, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız bir yumruq kimi birləşdi. Vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəslin təkcə döyüş meydanında deyil, arxa cəbhədə də özünün birlik və bərabərliyini düşmənə sübut etdi.

Dövlət başçısının yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən.

2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupu komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olmuş, bir gözünü döyüş əməliyyatlarında itirmiş qazi Kamil Musəvi hələ 2019-cu il fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı duyğulu anlar yaşatmışdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi tədbirdə çıxış edən K.Musəvi Ali Baş Komandanın "İrəli" əmrinə qazilərin də hər an hazır olduğunu bildirirdi. "Kimlərsə düşünər ki, vücudlarının hər hansısa bir üzvünü itirmiş insanlar nə cür döyüşə bilər. Amma ayağımız yoxdur, sürünərək, gözümüz yoxdur, hiss edərək döyüşə gedəcək. Yetər ki, yaşasın xalqımız, yetər ki, var olsun müstəqil Azərbaycanımız".

Kamilin bu çıxışdan düz ilyarım sonra - 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Sevincli, qürurlu, kədərli bir dövrü özündə cəmləşdirən Vətən müharibəsi zamanı xalqımız əsl vətənpərvərlik və birlik nümayiş etdirdi. Yaşından, cinsindən, mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq hər kəs 44 günlük tarixi Zəfər müharibəsində öz Prezidentinə və ordusuna inandı, onların ətrafında "Dəmir yumruq" kimi birləşdi, hər cür dəstəyini müzəffər Azərbaycan ordusuna yönləndirdi. Bu müharibədə Azərbaycan gənclərinin rolu böyük oldu. Minlərlə gənc Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə səfərbər oldular, müharibənin ilk anlarından etibarən könüllü şəkildə ordumuzun tərkibində bu tarixin bir parçası olmaq üçün yazıldılar. Vətənpərvər gəncləri də vətəndaş olmaqdan öncə vətənin daşı olmağın necə bir hiss olduğunu dünyaya göstərdilər. Onların vətən, yurd sevgisinə heç nə mane olmamışdı.

Könüllü olaraq cəbhəyə gemək istəyənlər minlərlə, on minlərlə idi. Gəncləri oraya toplayan Qarabağ sevgisi, vətən eşqi idi. Talışı, Murovu, Suqovuşanı, Cəbrayılı, Füzulini, Daşaltını aşıb, Şuşaya, Qarabağa Şanlı Bayrağımızı sancmağa gedirdilər. Onları yola salan valideyinlərdən, bacı-qardaşlardan isə ancaq bu söz eşidilirdi: "Qarabağsız, Şuşasız geri dönməyin. Allaha əmanət olun".

Bəli, onlar getdilər və bütün anaların, ataların, o boynubükük tarixi yaşayan insanların arzularını gerçək edib döndülər. Kimi qəhrəman, qazi kimi, kimi də... Onlar Qarabağımızı azad etdilər! Bu müharibə göstərdi ki, Azərbaycanda vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Bu illər ərzində onlarda düşmənə nifrət hissi Qələbəyə apardı və Azərbaycanın tarixi ədaləti bərpa etməsinə töhfə verdi.

Şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanı döyüş meydanında alındı. Ərazi bütövlüyümüz, suverenliyimiz, beynəlxalq hüququmuz, milli ləyaqətimiz bərpa edilməklə bu gün azad xalq kimi yaşayırıq, qürurluyuq və bundan sonra bu topaqlarda əbədi yaşayacağıq.

Azərbaycanın gəncləri ölkəmizin bu günü, gələcəyi və sabahına olan ümididir. Vətən müharibəsi bir daha əminlik yaratdı ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Gənclərimiz Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. İşğal altında olan torpaqlarımızın azad edilərək azadlığa qovuşmasında minlərlə gənc şəhidlərimizin qanı və bütün qəhrəman qazilərimizin şücaəti var. Vətən onları heç zaman unutmayacaq!

Müşfiq CƏFƏROV,

"Respublika".